Hər bir dövlət konkret sərhədlərə malikdir. Həmçinin də bu sərhədləri qorumaq məcburiyyətindədir. Əgər öz sərhədlərini qorumaq imkanına malik deyilsənsə və bu sərhədləri mühafizə etməyi başqa bir güc mərkəzinə, dövlətə həvalə edirsənsə, bu o deməkdir ki, özünün suveren hüquqlarının böyük bir hissəsini məhz həmin dövlət, güc mərkəzindən asılıdır. Yəni bu, suveren hüquqlardan dolayısı ilə öz xoşu ilə imtina etmək anlamına gəlir. Bu günə qədər Ermənistanda belə idi. Ancaq Nikol Paşinyan tədricən Ermənistanın müstəqil olması və Rusiyanın orbitindən, təsir dairəsindən uzaqlaşması üçün bu yöndə konkret addımlar atmağa başlayıb.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, orduda gedən islahatlar da bilavasitə bu xarakterlidir:
“Hələlik Ermənistan sərhəd qoşunları bütün sərhədləri qorumaq səviyyəsinə gəlib çatmayıb. Çünki bunun üçün hələlik imkanları məhduddur. Ancaq bu proses gedir. Bu proses ilk olaraq Zvartnos aeroportundan başladı. Bu aeroportda duran Rusiya sərhədçilərini Ermənistan sərhədçiləri əvəz etdi. Məhz bu hadisədən sonra da görsənirdi ki, bu, sadəcə olaraq ilkin addımdır. Perspektivdə təbii ki, Ermənistan bütün sərhədlərini öz əsgərləri ilə qorumaq üçün fəaliyyətə başlayacaq. Bu xüsusda konkret struktur da yaradılıb. Rusiyanın bu məsələyə razı olub-olmaması prosesi bir yerə qədərdir. Doğrudur, bu yöndə 1992-ci ildə imzalanan bir müqavilə var. Bu, uzunmüddətli bir müqavilədir. Ancaq Ermənistanın sərhədlərini öz sərhəd qoşunları ilə qorumaq istəyindən təbii heç nə ola bilməz. Rusiya bunu hara qədər uzada bilərdi ki?.. Doğrudur, buna əngəl ola bilərdi, razılaşmaya bilərdi. Ancaq bu, münasibətləri gərməyə, bütün körpüləri məhv etməyə gətirib çıxardardı ki, bunu da hələlik Rusiya istəmir.
Çünki Rusiya hələ də inanır ki, Ermənistan nə zamansa Qərbin bu cür aldadıcı davranışlarını anlayacaq və geriyə, özünün məxsus olduğu orbitə qayıdacaq. Rusiyada bu inam var. Siyasi-hərbi cəhətdən bu münasibətlər demək olar ki, sıfır səviyyəsinə enib. Ancaq iqtisadi səviyyədə artan xətlə hələ də davam etməkdədir. Eyni zamanda Ermənistan bundan imtina etmək istəmir. Həmçinin hələlik Rusiya da bundan imtina etmir.
Çünki Rusiyanın indiki sanksiyalar fonunda bu cür münasibətlərə ehtiyacı var. Ermənistan da çox rahatlıqla Qərbin iqtisadi sanksiyalarını dəlməkdə davam edir və Rusiyanın hərbi sənaye kompleksi üçün olmazsa olmaz olan mikroçiplərdən tutmuş bir çox radioelektron cihazlarını ikili idxalla Rusiyaya sata bilir. Paralel olaraq, bir də bu gün Rusiyanın qızıl və almaz bazarına müəyyən sanksiyalar tətbiq olunmasına rəğmən, Ermənistan Rusiyanın qızıllarını alaraq, məhz Qərbin özünə satmaqda davam edir. Buna görə Kreml əlbəttə ki, bu münasibətləri kökündən zədələməmək üçün bir yanvar məsələsi ilə bağlı yəni Rusiya Sərhəd qoşunlarının Ermənistan sərhəd qoşunları ilə əvəzlənməsinə razılıq verib. Bu, əslində beynəlxalq hüquqda da normal qarşılanan bir amildir. Hər bir dövlət öz sərhədini qorumağı bacarmalıdır”.
Politoloq bildirib ki, Paşinyanı devirmək istəyən dini-siyasi qüvvələr yenidən mitinqlərə başlayıblar:
“Həmçinin həmin qüvvələr sülh istəmədiklərini açıq şəkildə bəyan ediblər. Bu prosesin yekunu əvvəlcədən görünür, çünki ictimai etiraz kütləvi xarakter daşımır. Keşiş Baqrat Qalstanyan rəhbərlik etdiyi birinci etiraz dalğasından bəlkə də 7-8 dəfə az kütləviliyi ilə seçilir. Oktyabrın 2-də böyük hay küylə başladılan mitinqə cəmi 2-3 min adam gəlmişdi. Ona görə də konkret bir meydanı doldura bilmədikləri üçün müxtəlif dövlət strukturlarına, bu cür az kütləviliyi ilə seçilən bir etiraz elektoratı ilə süni surətdə toqquşma yaratmaq istəyirlər ki, qan tökülsün. Hətta ola bilsin ki, gələcəkdə hansısa təxribatlar törədilməklə insanlara da atəş açıla bilər. Yəni bunu ancaq təxribatçı qüvvələr edə bilər. Belə qüvvələrin hazırlanması haqqında konkret kəşfiyyat ifşasını da biz gördük. Yəni Rusiyada hazırlanmış konkret insanlar vardır ki, bunların bir neçəsi artıq kəşfiyyat orqanları tərəfindən Ermənistanda həbs olunub. Sadəcə ictimai etirazla bu hakimiyyəti devirməyin mümkün olmayacağı bəllidir.
Ancaq gələcək perspektivdə hansısa hərbi təxribatlar, çevrilişlər, sui-qəsdlərin olması ehtimalı da az deyil. Bunu da qətiyyən diqqətdən qaçırmaq olmaz. Çünki yalnız dinc etirazlarla, bunun mümkün olmayacağını anlayan və bu prosesi idarə edən güclər təbii ki, bu cür məsələləri də dövriyyəyə buraxa bilər. Ən azından Rusiyada bu cür sui-qəsdçi və terrorçuların hazırlanması hadisəsi də buna bilavasitə dəlildir. Ancaq hər bir halda hökumətin devrilməsi məsələsi, açığı gündəmdə deyil. Üstəlik, müxalifət arasında ciddi bir parçalanma var. Hətta Baqrat Qalstanyanın həmkarı olan digər din adamı Ajapaxyanla onun arasında artıq müəyyən fikir ayrılıqlarının yarandığını da görürük.
Bundan başqa, müxalifət içərisində artıq bu hərəkatı tənqid edənlər də peyda olublar. Belə bir perspektiv bu gün Ermənistanın paytaxtında hökmran deyil. Bu açıqca sezilir. Ona görə də Baqrat Qalstanyan bir yerə qədər fəaliyyət göstərəcək, sonra onu necə gətirmişdilərsə, eləcə də ortadan götürəcəklər.
Çünki havalar tədricən soyumağa doğru gedir. Artıq şəhərin mərkəzində çadırlar düzəltməklə davamlı oturaq aksiyaların keçirilməsi də mümkün olmayacaq. Üstəlik, bu etirazlara hökumətin də çox ciddi hazırlaşdığı hiss olunur. Ona görə də hökumətin devrilməsinə ehtimal vermək mümkün deyil. Ancaq müəyyən istisna hallar ola bilər. Bu məsələyə də hökumət səviyyəsində onların havadarları olan Qərb kəşfiyyat orqanları tərəfindən də ciddi hazırlıqların görüldüyü bəllidir. Ancaq hər halda heç bir hadisəni istisna etmək olmaz. Potensial olaraq bu cür hallar mövcuddur. Sadəcə, ilkin şərtlər, mühit yarandığı təqdirdə, əlbəttə, bundan istifadə etməyə çalışacaqlar”.