11 Oktyabr 16:37
2 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqlim dəyişikliklərinin fəsadları dünya ölkələrinin su təhlükəsizliyini də qlobal problemə çevirib. Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid etməkdədir. Təəssüf ki, su çatışmazlığının acı fəsadları hazırda beynəlxalq miqyasda özünü göstərməkdədir. Bütün bunlara su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.

O bildirib ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib: "Xüsusilə, son illərdə bir tərəfdən baş verən iqlim dəyişmələri, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su həcmlərinin və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən isə ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb".

Millət vəkilinin sözlərinə görə, oktyabrın 10-da Azərbaycan Prezidentinin Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi bu sahədə ciddi dönüş yaradacaq. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur. 2024−2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcək strategiyaya uyğun olaraq ilkin mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcək. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması təmin ediləcək. 2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi BMT Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin olunacaq. 2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə isə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcək.

Fatma Yıldırım qeyd edib ki, sənəddə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən olunmuş prioritetlərlə yanaşı, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ndə nəzərdə tutulan bir sır hədəflər öz əksini tapır. “Azərbaycan dövləti su təhlükəsizliyimizi təmin etmək üçün su infrastrukturunu davamlı olaraq yaxşılaşdırır. Bu istiqamətdə Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Xudafərin və Qız qalası su anbarları tikilib, Oğuz−Qəbələ−Bakı su kəməri çəkilmiş, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa edilib, rayon və şəhər mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə içməli su təchizatı, eləcə də tullantı sularının idarə edilməsi üzrə tikinti və yenidənqurma işləri həyata keçirilib. Belə layihələrin icra edilməsi nəticəsində əhalinin içməli su təminatı 67 faizə çatdırılıb, əkin sahələri 1,5 milyon hektara qədər genişləndirilib. İşğaldan azad edilmiş ərazilərdə Suqovuşan, Xaçınçay, Zabuxçay su anbarlarında və 3 su anbarından ibarət Köndələnçay kompleksində bərpa və tikinti işləri aparılıb. Qəbələ rayonunda Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisinə başlanılmışdır.

Bundan əlavə, dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə 6 su anbarı, o cümlədən Həkəriçay (Laçın) və Bərgüşadçay (Qubadlı) su anbarlarının tikilməsi istiqamətində işlərə başlanılıb. Beləliklə, Milli Srategiya əsasında su təhlükəsizliyi sahəsində risklər müəyyənləşdiriləcək və onların aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlər görüləcək. Eləcə də, transsərhəd suların idarə edilməsinə dair beynəlxalq konvensiyaların tələblərinə effektiv riayət olunmasına, qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə və su ehtiyatlarının dayanıqlığına mənfi təsir göstərən məsələlərə beynəlxalq normalar çərçivəsində baxılmasına nail olunacaq”, - deyə komitə sədrinin müavini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər