Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında əldə olunan uğurlardan, qarşıda duran hədəflərdən və ölkəmizin bu istiqamətdə olan strategiyasından bəhs edib. Sözsüz ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edib. Məhz ölkə idmançılarının uğurlu çıxışları nəticəsndə 1700-ə yaxın medal qazanılıb. Bu, onu göstərir ki, ölkəmizdə idman inkişaf edir. Eyni zamanda yeni nəsil idmançılar yetişir, formalaşır. Bütün bu amillər isə Azərbaycanın idman dövləti kimi öz gücünün müxtəlif beynəlxalq yarışlarda təsdiqi deməkdir. Ölkəmizin başçısı da çıxışında bu məqamlara bir daha diqqət yetirdi.
Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin başçısının da vurğuladığı kimi ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi: “Azərbaycanı təmsil edən idmançılar Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib. 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edən ölkəmiz bu dəfə ən yüksək yerə layiq görülüb. Ümumi komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşıb. Sözsüz ki, bu ən yüksək nəticə hesab edilir. Çünki bütövlükdə iki yüzdən çox milli komanda arasında Olimpiya Oyunlarında 30-cu yerdə qərarlaşmaq mühüm nailiyyətdir. Azərbaycan 60-a yaxın müsəlman ölkəsi arasında Olimpiya Oyunlarında üçüncü yerdə dayanıb. Ümumilikdə idmançılar ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırıblar.
İdmançılarımız Azərbaycan xalqını hər zaman öz qələbələri ilə sevindirir. Çünki idman cəmiyyətin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Bu Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları müzəffər, qalib ölkənin təmsilçiləri kimi çıxış edərək böyük qürur hissi yaşayıblar. Sağlam və fiziki güc mənəvi saflığa da yol açır. Ona görə də, sağlam, fiziki hazırlıqlı gənclik eyni zamanda mənəvi, vətənpərvərlik hissələri ilədə əhatə olunur”.
Millət vəkili bildirib ki, ölkəmizdə idmana və idmançılara hər zaman dövlət qayğısı olub: “Dövlətin idman siyasəti gənc nəslin, sağlam, mənəvi tərbiyəsinə, vətənpərvər gənc nəslin formalaşmasına hesablanıb. Ona görə də, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Azərbaycanın idman ölkəsi kimi dünyada layiqli yer qazanmasına imkan yaradıb. Gənclərin idmanla məşğul olması, onların asudə vaxtlarının səmərəli təşkili üçün ən zəruri addımlar atılıb. Ölkəmizin başçısı da çıxışında məhz bu məqamları önə çəkərək hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini və bu idman komplekslərinin bundan sonra da inşasının nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycanın hər yerində olduğu kimi işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda da yeni idman olimpiya komplekslərinin yaradılacağı şübhəsizdir. Hazırda o bölgədə həyata keçirilən bərpa quruculuq işləri insanların məşğulluğu və daimi məğuliyyəti ilə yanaşı gənclərin vaxtlarının səmərəli təşkili üçün də zəruri infrastruktur formalaşdırılır. 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Olimpiya Stadionu inşa edildi və bir çox beynəlxalq yarışlar bu məkanda keçirildi. Daha sonra isə burada İslam Həmrəylik Oyunları eyni zamanda ötən ay isə COP29 beynəlxalq iqlim konfransı baş tutdu”.
Deputat vurğulayıb ki, dövlət başçısının da bildirdiyi kimi azad edilən ərazilərdə yaşayış və digər zəruri infrastrukturla yanaşı idman komplekslərinin də inşasının rəmzi mənası var: “Ağdam İmarət stadionunun inşa edilməsi, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması, Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışlarının keçirilməsi, həmçinin Şuşa şəhərində bir neçə idman yarışlarının təşkili, Xankəndi şəhərindəki stadionun təmir və bərpa olunması bu mənada mühüm önəm kəsb edir. Sözsüz ki, gələn il Üçüncü MDB Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman şöhrətini və bu sahədə gördüyü işləri bir daha diqqət mərkəzinə gətirəcəkdir. Bu Azərbaycanın növbəti böyük idman yarışına ev sahibliyi deməkdir. Bunun üçün 14 şəhər seçilib. Əsas oyunlar isə Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Bunun üçün Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara veriləcək. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılıb. Bütün bunlar imkan verəcək ki, ölkəmiz növbəti mötəbər idman yarışlarının da öhdəsindən layiqincə gəlsin”.
Sevinc Hüseynova hesab edir ki, Azərbaycanda Olimpiya Hərəkatı məhz cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməsindən sonra geniş vüsət alıb və bu günki uğurlu göstəricilərlə nəticələnib: “Bundan sonra da Azərbaycanda idmançılar dövlət qayğısı ilə əhatə olunacaq. Şanlı zəfər bayrağımızı idmançılarımız beynəlxalq arenalarda qürurla, fəxarətlə dalğalandıracaq. Qalib, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan vətəndaşı kimi hər bir gənc öz üzərinə düşən məhsuliyyəti dərk edərək gələcəyimizin daha sağlam və güclü olması üçün əlindən gələni etməlidir”.