COP29 Azərbaycanın sədrliyi altında böyük uğurla başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Xarici İşlər Nazirliyi 2024-cü ilin yekunlarına dair hesabatında əks olunub.
Bildirilib ki, tədbirdə iştirak üçün 72 mindən çox iştirakçı qeydiyyatdan keçib: "Azərbaycanın sədrliyi altında COP29-da ilkin olaraq iki əsas məqsəd: iqlim maliyyəsi üzrə kollektiv hədəfin (NCQG) müəyyənləşdirilməsi və Paris sazişinin karbon bazarları üzrə 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi irəli sürülüb. Bakı COP-unun yekununda hər iki hədəfin müvəffəqiyyətlə həyata keçirilməsi ilə yanaşı İtki və Zərər Fondunun fəaliyyəti üçün zəruri mexanizmlərin təsdiqi, Bakı Adaptasiya Yol Xəritəsinin qəbulu, Adaptasiya üzrə yüksək səviyyəli Bakı Dialoqu, Texnologiya İmplementasiya Proqramının fəaliyyətə başlaması, Genişləndirilmiş İqlim Şəffaflığı Hesabatının icrası xüsusunda Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) əhəmiyyəti, Yerli İcmalar və Köklü Xalqlar Platformasının Bakı İş Planının təsdiqi kimi əhəmiyyətli qərarlar qəbul edilib".
Vurğulanıb ki, iqlim danışıqları tarixində ilk dəfə COP29-da qəbul edilmiş NCQG qərarı 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik 1.3 trilyon ABŞ dollarına çatdırılması üçün bütün aktorlara çağırışı ehtiva edib: "2009-cu ildə Kopenhagen COP-unda təklif olunan 100 milyard ABŞ dolları hədəfi üç dəfə artırılaraq ən azı 300 milyard ABŞ dollarına yüksəldilib. Eyni zamanda, bu qərarla inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) və ən az inkişaf etmiş ölkələrin (LDC) iqlim maliyyəsinə əlçatanlığı təmin edilməklə yanaşı, vəsaitin ödənilməsi ilə bağlı şəffaflıq və
hesabatlılıq məsələləri də razılaşdırılıb.
COP29 zamanı verilmiş vacib qərarlar BMT tərəfindən Baku Climate Unity Pact( BACU Pact) çətir adı altında rəsmiləşdirilib. Konfrans çərçivəsində COP29 Sədrinin Fəaliyyət Gündəliyi üzrə 14 qlobal və 7 regional təşəbbüs elan edilib. Qlobal səviyyədə dəstək alan sözügedən təşəbbüslər iqlim fəaliyyətini gücləndirmək, sektoral əlaqələndirməni təmin etmək və insan ölçüsünü dayanıqlı inkişafla birləşdirməyi hədəfləyir. COP29 çərçivəsində 12-13 noyabr tarixlərində baş tutmuş Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsi zamanı COP29 sədrliyi tərəfindən 34 yüksək səviyyəli tədbir, 14-21 noyabr tarixlərində isə Azərbaycanın aidiyyəti dövlət qurumları və 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə 100-dən çox tədbir keçirilib. Bu tədbirlərdə 80 dövlət və hökumət başçısı olmaqla, 196 dövlət, 200-dən çox beynəlxalq təşkilat, 2000-dək QHT nümayəndəsi iştirak edib. Gərgin geosiyasi mühit, iqlim dəyişmələrinə skeptik yanaşan siyasi qüvvələrin bir çox ölkələrdə artan təsir imkanları, inkişaf etmiş ölkələr ilə inkişaf etməkdə olan ölkələr arasındakı kəskin ziddiyyətlər kontekstində baş tutan COP29, Azərbaycanın sədrliyi altında böyük uğurla başa çatıb. Azərbaycan sədrliyi 2025-ci ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP-30-a qədər davam etməklə yanaşı, iqlim diplomatiyamız fəal şəkildə həyata keçiriləcək".