28 Dekabr 16:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il ərzində beynəlxalq münasibətlər sistemində artan siyasi və iqtisadi gərginliklər, beynəlxalq hüququn aşınması, beynəlxalq miqyasda qeyri-müəyyənliyin dərinləşməsi fonunda, milli təhlükəsizliyə qarşı risk və hədələrin neytrallaşdırılması, xarici siyasət maraqlarının effektiv şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair hesabatında əks olunub.

Hesabatda qeyd olunub ki, Azərbaycan beynəlxalq səylərini uğurla həyata keçirərək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini və diplomatik təmsilçilik şəbəkəsini genişləndirib, regionda və qlobal miqyasda milli maraqlarının, eləcə də sülh və təhlükəsizliyin təmini məsələlərində rolunu və mövqeyini gücləndirib: "2024-cü il ərzində daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq, qlobal əhəmiyyətli tədbirlərin uğurla keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edib. Bu istiqamətdə, Bakı şəhərində uğurla təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanın beynəlxalq səviyyədə liderliyinin nümayişi baxımından önəmli olub. Azərbaycanın suveren iqlim diplomatiyasının uğuru sayılan COP29-da 196 ölkə və 200-ə yaxın beynəlxalq, regional və digər təşkilatların nümayəndələri təmsil olunub. COP29 çərçivəsində 12-13 noyabr
tarixlərində təşkil edilmiş Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsində 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. COP29, əldə olunan konkret nəticələr və qəbul edilmiş qərarların əhəmiyyəti baxımından ən uğurlu konfranslardan biri kimi qiymətləndirilib. Bu il Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans, “Bakı Prosesi” çərçivəsində Mədəniyyətlərarası Dialoq üzrə VI Ümumdünya Forumu, “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans təşkil olunub, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmağımızın 30-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərə və bir sıra digər konfranslara ev sahibliyi edib. Azərbaycan il ərzində Qoşulmama Hərəkatında (QH) sədrlik
Troykasının üzvü qismində fəaliyyətini davam etdirib, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatında 2024-2026-cı illər üzrə sədrliyə başlayıb, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata (GUAM) sədrlik edib. 2024-cü il həmçinin ölkəmizin İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyə qəbul edilməsi ilə əlamətdar olub".


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər