3 Avqust 2020 10:48
6 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyası 2019-cu ilin dekabr ayının sonlarından Çində yayılmağa başladı və qısa zamanda coğrafiyası genişlənərək bütün dünyanı əsarəti altına aldı. Ölkəmizdə altı aydan artıqdır ki, var olan pandemiyanın zərərləri davam etməkdədir. Azərbaycan turizm ölkəsidir, xüsusilə də yay aylarına ölkəyə turist axını daha çox olur. Lakin pandemiya səbəbilə bu sahənin işləri dayanıb və bu il demək olar ki, heç bir gəlir əldə etməyiblər.

Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov gəlirini turizm sahəsindən əldə edənlərdən biridir. O, çalışıqları sahədəki problemlərlə bağlı Teleqraf.com-a danışıb.

Ağa Salamovun sözlərinə görə, artıq beşinci aydır ki, işsizdirlər, dövlət tərəfindən aprel və may aylarında sahibkarlara verilən kompensasiyanı alıblar: “Bu kompensasiya qısa müddət ehtiyaclarımızı qarşıladı. Amma artıq üç aydır ki, gəlirsizik. Mən ancaq öz sahəmiz adından danışa bilərəm, digərləri barədə məlumatım yoxdur. Turizm sektorunda vəziyyət heç də yaxşı deyil. Restoran və otellərdə işlər dayanıb. Aşpazların cəmi 10 faizi işləyir. Amma onlar da onlayn sistemlə çalışırlar. İş saatı çox, əməkhaqqı isə azdır. Lakin məcburiyyət qarşısında bu işi görürlər. Buna görə də biz aşpazlar olaraq dövlət başçımıza, Operativ Qərargaha müraciət edirik ki, səsimizə səs verilsin. Növbəti mərhələdə karantin rejimi yumşaldılmalıdır. Heç olmasa kafe və restoran sistemi fəaliyyətini bərpa edilsin ki, bu sektorun işçilərinin 60-70 faizi işləsin”.

Müsahibimiz məsələyə tibbi tərəfdən də yanaşaraq insanların evdə qapalı, işsiz qalaraq hazırkı vəziyyətin sağlamlıqlarına mənfi təsir göstərdiyindən söz açıb: “İnsanlar günəş şüasından uzaqdırlar, evdə qapalı vəziyyətdə qalıblar. SMS icazə ilə uzun müddət yaşamaq mümkün deyil. Duzlu su bədənə dəyməlidir ki, bütün bakteriyalar məhv olsun. Bu insanlar günəş vannası almalıdır ki, D vitamini toplaya bilsinlər. Evə qapanmaqla immunitet sistemi zəifləyəcək. Əgər payız mövsümündə ikinci dalğa baş versə, bu dəfə çox insan tab gətirməyəcək. Karantin rejimində yumşalma olmalıdır ki, insanlar normal həyata qayıtsınlar. Nəzərə alaq ki, artıq bütün dünyada yumşalma prosesləri gedir ki, insanlar işlərinə qayıtsınlar, gəlirləri bərpa olsun”.

Qida texnoloqu bildirib ki, bəzi işbazlar karantin rejimini fürsət bilib, qiymətləri artırırlar: “Hazırda işbazlara qarşı da dövlət tərəfindən tədbir görülməlidir. Bazarda hər şeyin qiyməti bahadır. İşsizlik səbəbilə insanlar mövsümü meyvələrdən ala bilmirlər. Mən məqalələr yazıram, D vitaminin zəngin olduğu qidaları qeyd edirəm. D vitamininin olduğu ət məhsulları, meyvə və tərəvəz isə çox bahadır. Məsələn, Qurban bayramı oldu. Amma təəssüf ki, çox insanın evində qazan qaynamadı. Hətta işçilər arasında mənə yazıb, vəziyyətin pis olduğunu, kimsə qurban kəssə, onlara da göndərməsini xahiş etdi. Təəssüf ki, belə müraciətlər çox olur”.

Ağa Salamov qeyd edib ki, dövlətin maraqları onlar üçün hər şeydən üstündür: “Müraciətimiz yanlış anlaşılmasın. Biz dünya festivallarından medallar gətirmişik, Azərbaycanın bayrağını dalğalandırmışıq. Biz dövlətimizin, prezidentimizin yanındayıq və onun siyasətini dəstəkləyirik. İnanırıq ki, dövlətimiz bizim üçün lazım olan addımları atacaq.

Başa düşürük, bu qlobal problemdir. Lakin artıq vəziyyət çətinləşdiyi üçün müraciət etmək məcburiyyətində qaldıq. Azərbaycan turizm ölkəsidir. Hər yerdə otel, restoranlar fəaliyyət göstərir. İnsanların da çoxu bu sahədə cəmləşib və hazırda işsizdirlər. Təkcə mənim nəzarətimlə 20-dən çox aşpaz işləyir, hamısı da işsizdir.

Bu gün xalqımız üçün daima maarifləndirmə işləri aparır, seminarlar təşkil edirəm və bunların hamısını ödənişsiz həyata keçirirəm. İşimdən əlavə başqa yerdən gəlirim yoxdur.

İşçilərimiz arasında 400-500 əməkhaqqı alanlar onun 250 manatını kirayə pulu ödəyirdisə, hazırda kirayə haqqını ödəyə bilmirlər. Aralarında yeni ailə quran, üç-dörd uşağı olanlar var ki, gəlirsiz qalıblar. Buna görə də bir azərbaycanlı şef olaraq özümə borc bilirəm ki, tələbələrim, dostlarım, aşpazların adından bu müraciəti edim. Xahiş edirik ki, nəzarət sistemi ilə, gigiyena qaydalarına əməl edərək, sosial məsafə saxlayaraq, dünya standartlarına uyğun şəkildə tezliklə iş fəaliyyətimiz bərpa olunsun”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər