21 Avqust 2020 15:00
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə ən böyük zərbə sosial sektora dəyib. Bunu 2020-ci ilin ilk 7 ayı ərzində Azərbaycanda geyim istehsalının həcminin kəskin azalmasından görmək mümkündür.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə üst geyiminin istehsalı 103.4 min ədəd (-48.5%), alt geyim istehsalı 242.2 min ədəd (-38.5%) və corab istehsalı isə 1 585 min cüt (+7.7%) olub.

Üst geyimlərinin istehsalı iyulda 13 min cüt olub, bu da öncəki ayla müqayisədə (17.4 min ədəd) 25% azdır. Alt geyimlərinin istehsalı isə 6% artımla 41.2 min ədəd olub. Corab istehsalı illik müqayisədə artsa da, öncəki ayla müqayisədə 96.7% azalaraq cəmi 9.2 min cüt olub.

Ümumiyyətlə pandemiyadan əvvəl də zərbaycanda yüngül sənayenin, xüsusən də tekstil sektorunun vəziyyəti ürəkaçan olmayıb. Belə ki, yerli istehsala maraq azdır, bu isə xaricdən idxalın artmasına təsir edir.

İqtisadçı-ekspert Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, digər sahələrdə hansı işlərin görülməsinə ehtiyac varsa, yüngül sənayenin inkişafında da həmin tədbirlər görülməlidir:

“İqtisadiyyat mümkün qədər liberallaşdırılmalı, kiçik və orta sahibkarlığın inkişafı mühiti təkmilləşdirilməlidir. Bu, çox vacib məsələlərdən biridir. Eyni zamanda iqtisadiyyata investisiya qoyuluşları təşviq olunmalıdır, xüsusilə də xarici investisiyanın cəlbinə şərait yaradılmalıdır. Yüngül sənayedə olan problemlər digər sahələrdə olduğu kimidir. Sadəcə olaraq yüngül sənayedə əsas iştirakçılar kiçik və orta sahibkarlardır. Bu isə vəziyyəti daha da çətinləşdirir. Çünki iri və orta müəssisələrlə müqayisədə kiçik və orta sahibkarların fəaliyyət mühiti daha çətindir”.

Ekspert deyir ki, mövcud şərtlər daxilində əsas görüləcək tədbirlərdən biri də taktiki gedişlərlə tələbin formalaşdırlması istiqamətində olmalıdır:

“Dəyər zəncirinin müxtəlif halqalarında, xüsusilə də satış və tədarük sahəsində yaranan fasilələrin aradan qalxması zərurəti var. Məlumdur ki, geyim məhsullarının satışını təşkil edən obyektlərin fəaliyyətlərinin məhdudlaşdırılması, bu istiqamətdə tələbi kəskin şəkildə aşağı salıb. Bir tərəfdən pandemiya səbəbindən alıcılıq qabiliyyəti azalır ki, bu da insanların istehlakına neqativ təsir göstərir. Digər tərəfdən satışın təşkili şərtləri məhdudlaşdırılır, bu da vəziyyəti daha da ağırlaşdırır. Artıq mağazaların fəaliyyətinə şərait yaradılıb. Bu da öz növbəsində müəyyən qədər tələb yaradacaq və bərpa prosesi başlayacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər