26 Avqust 2020 10:16
11 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlə bağlı şad xəbərlər verir. Lakin vaksinin nə dərəcədə uğurlu olacağı bilinmir. Ölkəmizdə isə yoluxma statistikası ötən aylarla müqayisədə, ürəkaçandır. Dalğavari şəkildə hərəkət edən bu statistika payız mövsümü ilə bağlı narahatlıqları da özündə ifadə edir.

Həkim professor Adil Qeybulla ölkəmizdə və dünyada koronovirusla mübarizədə son vəziyyətlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Son vaxtlar həkimlər insanların kütləvi şəkildə kompüter tomoqrafiya (KT) vasitəsilə müayinədən keçməsinə qarşı çıxırlar. Bunun səbəbi nədir? KT müayinəsi nə zaman aparılmalıdır?

- KT-nin kütləvi aparılması ilə bağlı iradlar tamamilə haqlıdır. Tomoqrafiyanın aparılmasında göstərişlər olmalıdır. Bu, o xəstələrdə aparılmalıdır ki, onlarda təngnəfəslik, boğulma, öskürək, qızdırma və sair əlamətlər müşahidə olunaraq xəstəlik kəskinləşir. Bu zaman ağciyərlərdə hansısa dəyişikliyin olmasını müəyyən etmək üçün KT-yə ehtiyac yaranır. Əks halda COVID-19 testi müsbət çıxıb, amma əlamətləri olmayan şəxslərdə KT aparılmasına ehtiyac yoxdur. Çox vaxt bu müayinələrdə heç bir dəyişiklik olmur. O baxımdan mütəxəssislər etirazlarında haqlıdırlar.

- Yay boyu demək olar ki, heç kim D vitamini qəbul edə bilmədi. D vitamini çatışmazlığını dərmanlarla deyil, təmiz havada gəzmək və yaxşı qidalanmaqla aradan qaldırmaq mümkündürmü? Bu vitamin koronavirusla mübarizədə nə qədər effektlidir?

- D vitamini immunitet sisteminin formalaşmasında, orqanizmin maddələr mübadiləsində mühüm rol oynayan vitaminlərdən biridir. Son vaxtlar bunun bütün dünyada əskikliyi hiss olunur. Sanki D vitamini pandemiyası müşahidə olunur. Bunun səbəbi tam məlum deyil. Bu, daha çox elektronika, kibernetika, müasir rəqəmsal rabitənin imkanları ilə əlaqədardır. Hər kəs evdədir, kompüter, smartfon qarşısındadır, günəş şüası almır. Lakin təkcə bununla bağlı deyil. Məlum olub ki, hətta günəş şüası alanlar arasında da həddindən artıq D vitamini əskikliyi olanlar var. Digər tərəfdən uzunmüddətli günəş şüası almaq dəri xərçənginə səbəb ola bilər. Günəş şüası alıb, açıq havada gəzmək vacibdir, amma təəssüflər olsun ki, bu, çox vaxt D vitamini əskikliyini həll etmir. D vitamininin konsentrasiyasının normal həddə olması vacibdir. Koronavirusun müalicəsində bir qayda olar D vitaminin təyini də bir protokoldur.

- Tez-tez peyvəndin təsdiqlənməsi ilə bağlı yeni xəbərlər alırıq. Son məlumatlara görə, ÜST-ün 9 peyvəndi sınaq mərhələsindədir. Sizcə, bunu müjdə hesab etmək olarmı?

- Peyvəndlə bağlı fikirləri illuziya hesab edirəm. Doğrudur, peyvənd üzərində aparılan tədqiqatlar təqdirəlayiqdir. Çünki bu istiqamətdə işlər getməlidir. Lakin nəzərə alaq ki, koronavirusun 40 növündən yeddisi insanda xəstəlik törədir. Həmin 7 növdən biri Sars, biri Mers, digəri isə COVID-19-dur, bunu həm də Sars-2 adlandırırlar. Qalan dörd virus zəif mövsümi soyuqdəymə xəstəliyi törədir. O baxımdan da koronavirus var və hər il də mövcud olacaq. Çünki bu, artıq heyvandan insana transfer edib. İlk dəfə 1965-ci ildə insanlardan götürülən burun yaxmalarında koronovirus aşkarlanıb. Koronavirus gələn il yeni ştamla peyda olmalıdır. Vaksin görəsən nəyə hesablanır? Digər tərəfdən, dünya əhalisinin hamısını qısa müddətdə vaksinasiya etmək imkanı olacaqmı? Bütün bunlar hamısı xeyli həlli çətin görünən suallardır.

- Necə düşünürsünüz, qrip peyvəndi koronavirusla mübarizədə effektli ola bilərmi?

- Qrip peyvəndi üzərində hər il tətqiqatlar aparılır, az qala neçə növünün peyvəndi var. Amma qrip hər il yeni növü ilə peyda olur və davam edir. Sadəcə olaraq bu peyvənd qripin xeyli yüngül keçməsinə şərait yaradır. İmmunitet sistemini mobilizə edir. Bu baxımdan da koronavirus pandemiyası fonunda qrip vaksinin tətbiq olması məqsədəuyğundur. Çünki bu dövrdə immunitet sisteminin səfərbər olması, COVID-19-la yanaşı digər infeksiyaların daha yüngül keçməsinə səbəb ola bilər. ÜST də bunu tövsiyə edib.

- Karantin rejimində yumşalmalar tətbiq edilsə də, hələ də rayonlara gediş-gəliş bərpa edilmir, kütləvi tədbirlər, eləcə də toyların keçirilməsinə icazə verilmir. Sizcə, hazırkı epidemioloji vəziyyət bu məhdudiyyətlərin aradan qaldırılmasına imkan verirmi?

- Fikrimcə, rayonlara gediş-gəlişin bərpa olunmalıdır. Müəyyən davranış qaydaları üzrə təlimatlar tədbiq olunarsa, toy şənlikləri də keçirilə bilər. Mövzu ilə bağlı Azərbaycan Həkimləri İctimai Birliyi təkliflər hazırlayır və yaxın vaxtda bu təkliflər ictimaiyyətə təqdim olunacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər