15 sentyabrdan etibarən yeni tədris ili başlayır. Ötən illərdən fərqli olaraq bu il pandemiya səbəbilə ali və orta təhsil müəssisələrində dərslər onlayn qaydada tədris olunacaq.
Teleqraf.com ali məktəbrlərin yeni tədris ilinə hazırlığı barədə sorğu keçirib.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyevanın sözlərinə görə, universitet 2020/2021-ci tədris ili üzrə tələbə qəbulu üçün 5495 plan yeri ayrılıb. O bildirib ki, bunlardan 5175 nəfəri əyani, 320 nəfəri qiyabi olmaqla, 4260 yer Azərbaycan, 815 yer rus, 420 yer isə ingilis bölməsi üzrədir:
“BDU 2020/2021-ci tədris ilinə hazırlıq işlərini uğurla başa çatdırıb. Pandemiya dövründə distant (məsafədən) təhsilin təşkilində qarşıya çıxacaq problemləri önləmək məqsədilə “Microsoft Teams” platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri üçün xüsusi proqram əsasında onlayn formada təlimlər təşkil edilib. Təlimlər MS office və Windows proqramları haqqında ümumi məlumat, təqdimatların hazırlanması və ekran paylaşımlarının təşkili, test tapşırıqlarının hazırlanması və paylaşılması, dərsin təşkili və idarə edilməsi, elektron jurnal, tədris fayllarından sinxron və asinxron istifadə işinin təşkili mövzuları əhatə edib”.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı bildirib ki, universitetə cari ildə qəbul olunmuş tələbələr əyani formada, II və yuxarı kurs tələbələri isə distant (məsafədən) təhsil alacaqlar: “Məsafədən dərslər vahid qaydada “Microsoft Teams” platforması üzərindən aparılır. Adı çəkilən platformada universitetin həm professor-müəllim heyəti, həm də tələbə kontingentinin verifikasiyası mümkündür və platformanın yaratdığı imkanlar sayəsində video bağlantı imkanları mövcuddur.
Distant tədris formasının təşkili (sinxron və ya asinxron) tədris olunan fənlərin xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunur. Məsafədən dərslərin sinxron qaydada aparılması universitet üzrə vahid cədvəl əsasında təşkil olunur və onlayn dərslərin müddəti 60 dəqiqə nəzərdə tutulur”.
Azərbaycan Texniki Universitetinin(AzTU) mətbuat katibi Sevinc İsgəndərovanın sözlərinə görə, ötən semestrdə dərslər “Zoom” proqramı ilə tədris edilsə də, bu semestrdən proses daha da təkmilləşdirilib, tədris “Microsoft Teams” platforması üzərindən aparılacaq: “15 sentyabrdan etibarən II, III, IV kurslarda dərslərimiz onlayn qaydada keçiriləcək. AzTU-nun onlayn dərslərdə kifayət qədər təcrübəsi var və keçən müddətdə bu təcrübəni daha da təkmilləşdirilib. İnternet problemi olan tələbələr araşdırılıb. 600 internet problemi olan tələbə universitet tərəfindən internet paketləri ilə təmin ediləcək ki, dərslərdən kənarda qalmasın.
Müəllim və tələbələr dərslərdə məsafədən iştirak edəcəklər. Müəllimlərin universitetə gəliş-gedişi olmayacaq. Sadəcə Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi məhdud sayda əməkdaş universitet daxilində çalışacaq”.