Hazırda ən diqqətdə saxladığımız məsələ müharibədir. Sözsüz ki, biz bu savaşda qalib gələcəyik. Amma əhalidən mənim də həkim kimi bir xahişim var, bir məsələ ilə məşğul olanda, digərini unutmayaq. Pandemiya dövründə yaşadığımızı yaddan çıxarmayaq. Hər kəs sanitar-gigiyena qaydalarına mütləq riayət etməlidir. Çox təəssüf ki, əhalimiz son vaxtlar koronovirus təhlükəsini bir kənara qoyub.
Bu fikirləri Teleqraf.com-a tibb elmləri doktoru, professor İbadulla Ağayev deyib.
O, COVID-19 virusunun hələ ki, dünyada sönmədiyini vurğulayıb: “Hər birimiz məlum qaydalara riayət etməliyik. Dəfələrlə demişəm, pandemiyada dövrlülük var, o, müəyyən müddət davam edir. Yenə də bir mütəxəssis, təcrübəli adam kimi xahiş edirəm, heç kəs koronavirusun varlığını unutmasın, bizə ikinci problemi yaratmasın.
Dövlətin gördüyü tədbirlər nəticəsində bunun qarşısı alınıb. Amma bu o demək deyil ki, əhali virusdan xilas olub. Dünyanın bütün ölkələrində pandemiya davam edir, tamamilə xilas olan dövlət yoxdur. O cümlədən də Azərbaycan.
Ölkəmizdə koronavirusla mübarizədə çox tutarlı tədbirlər görür. Hər birimiz bu mübarizəyə yardım göstərməliyik. Əvvəlki kimi maska taxmalı, kütləvi toplaşmadan kənar qalmalı və gigiyena qaydalarına ciddi əməl etməliyik”.