Xalqımızın birliyi, dövlətimizin gücü bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlarımıza qayıdaraq, o yerləri yenidən canlandıraq və dirçəldək, doğma yurdumuzda yeni həyata başlayaq.
Teleqraf.com xəbər verir ki, bu fikirlər noyabrın 13-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin bir qrupu ilə keçirilən görüşdə səsləndirilib. Qeyd olunub ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı qələbə hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurur.
Ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən qələbə münasibətilə görüş iştirakçılarını təbrik edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin ölkə rəhbərinə və onun apardığı siyasətə daim dəstək verdiyini, doğma Qarabağın məhz bu siyasət sayəsində işğaldan azad olunacağına bəslədikləri böyük inam və ümidin artıq doğrulduğunu bildirib.
Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində müəyyənləşdirdiyi dövlət siyasətini Prezident İlham Əliyev uğurla davam etdirərək, onların problemlərinin həllinə daim diqqət və qayğı göstərib. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində də bu məsələlərə həmişə xüsusi bir münasibət, həssas yanaşma olub, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün lazımi addımlar atılıb. Bundan sonrakı dövrdə məcburi köçkünlərin ləyaqətlə və təhlükəsiz şəraitdə öz yurdlarına, ata-baba torpaqlarına qayıtması üçün dövlət tərəfindən zəruri tədbirlərin görüləcəyi bildirilib.
“Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsil cənnət məkanına çevriləcəkdir” - Prezident İlham Əliyevin bu sözlərinin hər bir məcburi köçkündə doğma yurda qaydışla bağlı xoş duyğular yaratdığı qeyd olunub.
Görüşdə məcburi köçkünlərdən Hüseynov Qəzənfər (Laçın), Fuad Salahov (Şuşa), Nəcibə Əliyeva, Həsən Müzəffərli (Xocalı), Əbil Zeynalov (Ağdam), Murad Ağayarov (Cəbrayıl), Elvin Əlizadə (Zəngilan) və başqaları çıxış ediblər. Onlar xalqımızın qeyrətli və fədakar övladlarının qanı bahasına işğaldan qurtarılan torpaqlara qayıdışın mühüm tarixi hadisə olacağını, böyük həvəslə, sevinc hissi ilə doğma yurdlarına qayıtmağa hazırlaşan məcburi köçkünlərin öz daimi yaşayış yerlərinin bərpasında, həmin ərazilərin sosial-iqtisadi inkişafında fəal iştirak edəcəklərini bildiriblər.