2 Dekabr 2020 10:06
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən qısa zamanda Milli Məclis "Qarabağ müharibəsi iştirakçıları və şəhidləri haqqında Azərbaycan Respublikasının Qanunu" layihəsini hazırlayıb qəbul etməlidir”.

Teleqraf.com xəbər verir ki, bu təkliflə iqtisadçı-ekspert Rəşad Həsənov çıxış edib.

O bildirib ki, hələ 2019-cu ildə "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanlar dəyişiklər edilib və müvafiq təqaüdlərin məbləği müəyyən səviyyə çatdırılıb:

“Belə ki, I dərəcə əlilliyi olan şəxslərə 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə 210 manat, şəhid ailələrinə 300 manat veriləcək.

Son günlər ciddi ictimai müzakirələrə yol açan müharibə iştirakçıları və şəhid ailələrinə veriləcək təqaüdlər yeni məlumatlar deyil. Lakin müzakirələr göstərdi ki, bu məbləğlərlə razılaşmayanların sayı çoxdur. Nəzərə alsaq ki, ictimai vəsaitlərin hara xərclənməli olduğu ilə bağlı fundamental hüquq xalqa məxsusdur, deməli, xalqın rəyini kənara qoymaq düzgün deyil”.

Rəşad Həsənov qeyd edib ki, yeni qanunda müharibə iştirakçıları, qaziləri və şəhid olanların ailələrinin hüquqi statusu, sosial güzəştləri, iqtisadi üstünlüklərini əks etdirən bütün məqamlar detallı şəkildə əks olunmalıdır: “Məsələn, şəhid yoldaşına minimum əmək haqqının 2 misli həcmində ömürlük, himayəsində olan və 18 yaşına çatmamış hər bir uşaq üçün isə minimum əmək haqqının 70 faiz məbləğində təqaüd təsis edilə bilər. Bununla differensiallıq da təmin edilmiş olar. Necə olur ki, ailə üzvlərinin sayı 1 və yaxud 4 nəfər olan şəhid ailəsinə eyni məbləğdə (300 manat) təqaüd ödənilir?

Digər tərəfdən, qazilərinin müavinət və təqaüdləri ilə orta aylıq əmək haqqı arasında konkret asılılıq kimi dayanıqlı mexanizmlər tətbiq edilməlidir.

Həmçinin əllilik dərəcəsinin fərqləndirilməsi məsələsi yenidən öyrənilməlidir. Maraqlıdır, kim necə müəyyən edib ki, I qrup əlillə II qrup əlilin təqaüdü arasında cəmi 20 manat fərq olmalıdır? Axı I qrup əlillərin işləməsi adətən fiziki cəhətdən mümkün deyil”.

Analitik hesab edir ki, yuxarıda sadalanan sosial qruplar üçün xüsusi statuslu xidmət mərkəzləri yaradılmalıdır: “Xidmət mərkəzləri müvafiq sosial qrupların müraciət və şikayətlərinin sürətli həllini təmin etmək funksiyasını həyata keçirsin. Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə əlavələr edilsin və qeyd edilən sosial qrupun nümayəndələrinə qarşı edilmiş istənilən növ cinayət, hüquqpozma üzrə nəzərədə tutulan ümumi cəza tədbirlərinə 1.5 əmsalı tətbiq edilsin”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər