7 Dekabr 2020 16:40
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə insanlarda sinir sistemi pozuntuları artıb. Bir tərəfdən pandemiya, virus qorxusu, digər tərəfdən sərt karantin rejiminin qadağaları insanların əsəblərinə mənfi təsir edib.

Bu fikirləri Teleqraf.com-a nevropatoloq Qalib Əsədov deyib.

Onun sözlərinə görə, stress və qorxu əslində bizə kömək edən müdafiə mexanizmidir: “Hər hansı qorxu hadisənin baş verəcəyini bizə bildirən təhlükəsizlik siqnalizasiya sistemidir. Bu cür insanlar koronavirusdan narahatdırlar. Düşünürlər ki, xəstələnəcəm, apteklərdə dərman yoxdur, testin cavabı gec çıxır, xüsusilə ağciyərdə boğulma ola bilər, xəstəxanalarda yer taplmır. Xəstəxanada müayinə olunmaq üçün xeyli pul lazımdır, ailə üzvlərini yoxlatdırmaq üçün xeyli maliyyə gərəkdir...

Belə fikirlər insanları əsəb, stress vəziyyətinə gətirib çıxarır. Xatırlayırsınızsa, pandemiya ilk başlayanda çox sərt tədbirlər görülür və operativ reaksiya verilirdi. Lakin bu gün eyni davranışın sərgilənməməsi əsəbə, stressə səbəb olur.

Həyəcanın artmasının əsas səbəblərindən biri sərt karantin rejimidir. Dünyanın heç bir ölkəsində belə karantin tətbiq edilmədi. Diqqət yetirsək, sərt karantin rejimi tətbiq olunan ölkələrdə yoluxma sayı daha çoxdur, nəinki sadə tədbirlər görülən ölkələrdə. Yay aylarında insanlar istirahət edə bilmədi. İstirahətin olmaması əsəb sisteminə olduqca mənfi təsir göstərdi. Cəmiyyətdə aqressivliyin artması, əks fikrə dözümsüzlüyün olması bunun nəticəsidir”.

Qalib Əsədovun fikrincə, karantin rejimi ciddi şəkildə yumşaldılmalıdır:

“Naxçıvanda həyat öz axarı ilə davam edir, yoluxma göstəricisi 0,02 faizdir. Çünki iş düzgün təşkil olunub. Amma belə gərginlik vəziyyətində təbii ki, insanlar əsəbi olacaqlar.

İnsanın ilk növbədə inamı olmalıdır ki, virusa yoluxduğu zaman dərman ala, həkim müayinəsindən keçə biləcək. Bu gün insanlarda bu rahatlıq yoxdur. Apteklərdə dərman tapılmır. Təcili yardım vaxtında gəlmir.

Panikanı, həyəcanı yaradan səbəb tapılmalı və səbəb aradan qaldırılmalıdır. Belə hallarla bağlı həddindən artıq müraciət edən xəstələr var. Bu zaman sakitləşdirici dərmanlar köməyimizə çatır. Lakin hazırkı vəziyyətdə xüsusi sakitləşdirici dərmanlar çox çətin tapılır. Sakitləşdirici dərmanları psixoterapiya və müəyyən seanslarla yazırıq ki, xəstə çox əziyyət çəkməsin”.


Müəllif: Aysel Azad