8 Fevral 2021 15:48
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Qurban Yetirmişli Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qurban müəllim, Azərbaycanda son zamanlar tektonik hərəkətlənmələr çoxalıb. Bu, nə ilə əlaqədardır?

- Xeyr, tektonik hallar çoxlamayıb. Azərbaycan hər gün müxtəlif sayda yeraltı təkanlar baş verir. Bu gün ərzində 30-a yaxın yeraltı təkan qeydə alınıb. Proses hər zaman var və il boyu davam edir. Bu isə yerin daxilindəki dinamik proseslərlə bağlıdır. Azərbaycan üçün yerdaxili 30-a yaxın blok var, horizontal hərəkətlər nəticəsində dərinlik qırılmaları boyu bloklar arası hərəkətlərdə parçalanma, sıxılma, gərilmə gedir. O da dalğa formasında yer üzərində hiss olunur.

Çox zaman təkanlar zəif olur ki, onu yalnız cihazlar qeydə alır. Buna xüsusi aktivləşmə demək olmaz. Maqnitudası 3 bal və yuxarı olanda, informasiya agentliklərinə bu barədə məlumat verilir.

Bu gün 3 təkan baş verdi, ikisi Qobustanda, biri Hacıqabul-Şamaxı ərazisində. Təkanların heç biri həmin ərazidə hiss olunmayıb.

- Bu təakanlardan sonra nisbətən yüksək şkalada zəlzələlər gözləyə bilərikmi?

- Yox. Yaxın günlərdə 8-10 bal gücündə zəlzələ olma ehtimalı yoxdur. Lakin xırda təkanlar mümkündür ki, aralarında hiss olunanlar da ola bilər.

- Xəzər dənizində zəlzələ ardıcıllığı qeydə alınmışdı. Bu, Xəzər ətrafı ölkələrə hansı təsirlərini göstərə bilər?

- Xəzər dənizində Abşeron, Bakı şəhəri, cənubundan şimala qədər, Türkmənbaşı və Mahaçqalaya kimi Xəzərin ortasından dərinlik qırılması var. Orada hər zaman aktiv dərinlik qırılması mövcuddur. Abşeron yarımadasında isə Bakını nəzərə alaraq, quru ərazidə zəlzələ ocağı yoxdur. Bütün təhlükə Bakı və Abşeron üçün Xəzər dənizindəki zəlzələ ocaqlarından gəlir.

Xəzərin həm cənub-şərqində, həm də şimalında yerləşən zəlzələ ocaqlarının təsirindən baş vermiş zəlzələlər fəsadlar törədə bilir. 2000-ci il noyabrın 25-də Xəzərin cənub-şərqində baş verən zəlzələdə təkan altı-yeddi bal arasında hiss olunmuşdu, müəyyən evlərdə çatlar əmələ gətirmişdi. Ümumiyyətlə, Azərbaycan seysmatik bölgədə yerləşdiyinə görə burada hər gün təkanlar var. Onların arasında hiss olunanları da olunur.

- Tektonik qırılmaların yaxın gələcəkdə artacağı ilə bağlı proqnozlar var. Sizin bu barədə fikirləriniz necədir?

- Tektonik qırılmaların artması yox, tektonik qırılma boyu aktiv hissələr var. Parçalanmış blokların arası tektonik qırılma hesab olunur. Tektonika "silkələnmə, dağıdılma" sözündən götürülüb. Tektonik qırılmalar intensivdir. Canlı nəfəs aldığı kimi, bloklar da hərəkətdədir. Blokların hərəkəti eyni deyil. Birinin sürəti çox olanda, digərində azdır.

- Palçıq vulkanları da fəallaşıb. Onların zəlzələ ilə bağlılığı varmı?

- Bloklar hərəkətdədir, sıxılma prosesi gedir. Harada vulkan var, blok içərisindədir. Qazlar yığılır və müəyyən anda partlayışla palçığı ətrafa yayır. Bəli, zəlzələlərin vulkanlarla əlaqəsi var. Vulkanlar zəlzələlərin oyanmasını tezləşdirir.

- Amerika süni zələzələ törətmişdi. Ehtimallar haradan qaynaqlanır?

- Süni zəlzələ boş şeydir. Süni zəlzələ nüvə partlayışlarının reaktiv təyyarə sürəti aldığı zaman baş verən titrəmədir. Süni tektonik zəlzələlər silahların yoxlanılması zamanı təsirdən əmələ gələn dalğadır. Rusiya sınaqlarını Qazaxıstanda həyata keçirir ki, 7 baladək zəlzələlər baş verir.

- Ermənistanda təzəlikcə şok effektli zəlzələ baş verdi. Təzəlikcə belə hal gözlənilirmi?

- Ermənistanda zəlzələ olan kimi bizdə cihazlar qeydə alır. Məsələn, zəng etdilər ki, Tovuzda zəlzələ oldu. Bildirdim ki, zəlzələ Tovuzda yoz, Ermənistanda baş verib, sərhəd rayonlarımızda hiss olunub.

Tovuzda, Qazaxda, Gədəbəydə, Daşkəsəndə, Gəncədə, Yevlaxda, hətta Gürcüstanda zəlzələ hiss olunmuşdu. Göyçənin şimal-şərqində baş verən zəlzələnin təsiri idi. Spitak zəlzələsi baş verəndə də bizim rayonlarda güclü hiss olunmuşdu. Hətta fəsadlar da var idi, evlərdə çatlar yaranmışdı. 6-7 baladək evlərdə hiss olunmuşdu.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər