2019-cu ilin sonunda COVID-19 virusunun yayılması bir çox ölkələrdə məhdudiyyətlərin tətbiq olunmasına səbəb oldu. Pandemiyanın geniş vüsət alması ilə artıq ikinci ildir ki, insanlar alışdıqları həyat tərzi ilə vidalaşıblar. 2020-ci il martın 16-dan etibarən pandemiya səbəbilə ölkəmizdə kütləvi məclislərin, o cümlədən də toyların təşkili qadağan edilib. Lakin dünya ölkələrində pandemiya davranışlarında qaydaların yumşaldılması ölkəmizdə açıq havada toy mərasimlərinin təşklini gündəmə gətirib. Vətəndaşlar böyük həyəcanla Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir. Digər tərəfdən isə bir ildən artıq müddət keçdikdən sonra toyların bərpa olunması iaşə obyektlərində qiymət artımına səbəb olacağı barədə fikirlər yayılıb. Maraqlıdır, hazırlıqlar başlayıbmı? Qiymətlər necə olacaq?
Teleqraf.com məsələ ilə bağlı açıq havada fəaliyyət göstərən restoranların fikirlərini öyrənib.
Restoranlar ümumi olaraq bildirdilər ki, vətəndaşlar kimi onlar da Operativ Qərargahın qərarını gözləyirlər. Lakin aralarında hazırlıq görməyə başlayanlar da var.
“Çanaqqala Gənclik” restoranından bildirdilər ki, qəbul ediləcək qərara əsasən hazırlıq görüləcək: “Qiymət cədvəli ilə bağlı hər hansı tərtibat yoxdur. Hazırda restoranımız müştərilər qəbul edir, lakin toy və digər kiçik məclislər təşkil edilmir. Əvvəl qiymətlər standart banket qiymətləri 30-35 manat arasında dəyişirdi. Restoran qiymətlərimizdə artım etməmişik. Müraciət edənlər var, onlara da bildiririk ki, qərar qəbul olunduqdan sonra məlumat veriləcək”.
“Kalyon Novxanı” restoranı yeni mövsümdən toylara hazırlaşdıqlarını bildirdi: “Soruşanlar var, lakin müştərilərə dəqiq məlumat verə bilmirik. Hazırda restoranımız açıq havada və qapalı məkan olaraq fəaliyyət göstərir. Lakin toy məclislərinin təşkili həyata keçirilmir. Toylarla bağlı qərar qəbul olunduqdan sonra qiymət cədvəli hazırlamağı düşünürük. Əvvəl qiymətlər 30-100 arasında dəyişib. Daha əvvəl restoranda toy təşkil edilməyib. Yeni mövsümdə toyların təşkilinə icazə verildiyi halda, bizdə də açıq havada toylar keçirilə bilər”.
“Lake Palace” restoranı təmirdə olduqlarını və gəələn aydan toyların təşkilini gözlədiyini bildirdi: “Bir illik fasilədən sonra qiymətlərin necə olacağını bilmirik. Hər şey qəbul olunacaq qərardakı şərtlərə görə təyin olunacaq. 4 iyunda açılışa hazırlaşırıq. Rezerv etmək istəyən müştərilər var, qərar olmadığı üçün onlara da məlumat verə bilmirik”.
Digər restoranlardan fərqli olaraq “Seabay Şıxov” restoranı 1 iyunda toy mərasiminə hazırlaşıqlarını dedi: “Restoranımızda hazırlıq işləri gedir. Vətəndaşlar arasında rezerv edənlər var. İnşallah 1 iyundan etibarən toylar başlayacaq. Qərarın rəsmi olaraq elan edilməsini gözləyirik. Adambaşı qiymət 55 manat təyin edilib. Qiymətlərimizdə artım yoxdur. Lakin ola bilər ki, 1 iyundan sonra qiymətlər artsın”.