Tibb professoru Ədalət Rüstəm Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Delta ştammı deyilən qədər təhlükəlidirmi?
- Hindistan ştammı daha təhlükəlidir. Yoluxuculuq qabiliyyəti ən azı 2 dəfə yüksəkdir.
- Virus uşaqlarda hansı fəsadlara səbəb ola bilər?
- Delta ştammının uşaqlara yoluxması ilə bağlı elmi araşdırmaları hələ ki, yoxdur. Yeni ştammdır, nəticələr məlum deyil. Vaxtsız olduğu üçün tədqiqatlar aparılmayıb.
- Virus qonşu ölkələrə yayılıb. Sizcə, ölkəmizə gəlmə ehtimalı varmı?
- Varsa, deməli bizdə də var. Rəsmi məlumat yoxdur, amma hesab edirəm ki, faktiki olaraq Azərbaycanda Hindistan ştammı var. Virus gözəgörünməzdir, gömrükdən keçmək kimi xüsusiyyətləri var.
- Vaksin Delta ştammı üçün təsirli ola bilərmi?
- Böyük ehtimal ki, effektli olacaq.
- Üçüncü doza vaksinə ehtiyac varmı?
- Hələ birinci doza vaksinasiya bitməyib. Birincisini bitirə bilmədiyimiz halda üçüncü doza haqqında fikirləşmək düzgün deyil. Əhalinin cəmi 15 faizi peyvənd olunub. Kimlərdə ki, immunitet zəifdir, 6 ay, bir il sonra müayinə olunduqdan sonra üçüncü doza vaksin vurula bilər. Onların immuqlobin göstəricisi nəzarət altında olmalıdır.
- Ümumdünya Səhiyyə Təşkilatı dördüncü dalğa proqnozları verib. Siz necə düşünürsünüz, ölkəmizdə dördüncü dalğa gözlənilirmi?
- İndiyədək ölkəmizdə ikinci və ya üçüncü dalğa baş verməyib. Bizdə birinci dalğa yeni bitdi. İkinci dalğa payız aylarında gözləniləndir. Çünki mövsümü xəstəliklər, o cümlədən COVID payızda yenidən alovlana bilər. Yenidən alovlanma baş verəcəksə, bunu ikinci dalğa adlandıra bilərik?
- Sərt karantin rejimi ilə bağlı gözləntiniz varmı?
- Situasiyanın gedişindən asılıdır. Karantin rejimi qalıb, ləğv olunmayıb. Yoluxma halları artarsa, yenidən sərtləşmələr ola bilər.
- Pandemiya dövründə koronaya qarşı mübarizədə iştirak edən həkimlərimizdənsiniz. Virusla mübarizədə yeni metodlar ola bilərmi? Hansı üsullar artıq ləğv edilməlidir?
- Olduğu kimi davam etməliyik. Onsuz da karantin rejimi ləğv edilməyib, amma sərtləşə bilər. Yoluxma sayı indiki kimi ikirəqəmli davam edəcəksə, karantin rejimi yumşaldıla bilər.
- Sizcə, açıqlanan rəqəmlər reallığı əks etdirirmi?
- Real rəqəmləri Operativ Qərargah bilir və rəqəmlərə uyğun qərarlar verirlər. Ona görə də mən Operativ Qərargahın tərəfindəyəm. Çünki real rəqəmlər əsasında tədbirlər görülür. Qərarlar əsaslı faktlar nəzərə alınaraq verilir.
- Daha əvvəl proqnozlar verirdiniz və qeyd etdiyiniz rəqəmlər də dəqiq olurdu. Gələcəkdə yoluxma sayı maksimum nə qədər ola bilər?
- Əvvəlki yumşaldılma tədbirlərindən sonra yoluxma sayının artacağını proqnozlaşdırırdıq və elə də olurdu. Lakin indi vəziyyət sabitdir. Güman ki, təlatümlər, təkanlar olmayacaq. Qorxulu rəqəmlər gözləmirəm.