Bu gün səhiyyə sisteminin güclü təşkilatçıya, güclü rəhbərə ehtiyacı var. Hazırda bir tərəfdən koronovirusla mübarizə aparılır, digər yandan səhiyyədə hələ sovet sistemindən yeni sistemə keçid dövrü gedir. İstər həkimlərin təkmilləşdirməsi institutu sahəsində, istər həkimlərin tibbi-təhsil sahəsində, istərsə də müalicə məsələlərində ciddi boşluqlar müşahidə olunur.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında tibbi ekspert Qalib Əsədov deyib.
Onun fikrincə, TƏBİB-in sədri Ramin Bayramlını əvəz edəcək şəxsin hazırkı boşluqları aradan qaldırmalıdır.
Qalib Əsədov hesab edir ki, ölkədə paralel səhiyyə qurumlarının fəaliyyət göstərməsinə ehtiyac yoxdur: “Səhiyyə sistemini dirçəltmək üçün İcbari Tibbi Sığorta Agentliyinin (İTSD A) fəaliyyətinə daha çox ümid bağlayıram. Gələcək səhiyyə dünyanın bütün ölkələrində İTSDA-nın üzərində qurulmalıdır. Düşünürəm ki, bizim səhiyyəmizin də inkişafı məhz İTSDA-nın güclü olmasından asılıdır.
İstər həkimlərin fəaliyyətinə nəzarət, protokol qaydalarına riayət etmələri, onların hansısa formada təkmilləşdirilməsi və sairə kimi məqamlara xarici ölkələrdə İTSDA nəzarət edir. Səhiyyə Nazirliyi həkimlərin təkmilləşməsi üçün müəyyən işlər görə, yeni xəstəxanalar tikə bilər. Amma inkişaf və islahatlar cəhətdən gözləntilərim İTSDA-dandır.
TƏBİB-in yeni sədrini tanımıram. Lakin gözləntilərim çox böyükdür. Burada ilk olaraq qayda-qanun olmalıdır. Respublikanın bütün tibb ictimaiyyətini toplayıb birləşdirmək, nüfuzlu peşəkarları səfərbər etmək lazımdır. Gözləntilər çox böyükdür və bunu etmək mümkündür”.
Xatırladaq ki, ötən həftə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. Onun səlahiyyətlərini müvvəqqəti icra etmək İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə Vüqar Qurbanova verilib.