Yaddaşlarımıza əbədi olaraq həkk olunan Vətən müharibəsinin ildönümü münasibəti ilə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC xüsusi layihəyə başlayır.
Bu barədə Teleqraf.com-a “Azərxalça” ASC-dən məlumat verilib.
“Qarabağ İlmələrdə” adlanan sosial layihə çərçivəsində vətəndaşlarımıza 2021-ci il sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq “Qarabağ xalçası”na bir ilmə vurmaq təklif olunacaq.
Həm Bakıda, həm də regionlarda çoxlu sayda insanımızın qoşulması planlaşdırılan sosial layihə çərçivəsində ilmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək.
Layihə davam etdiyi müddətdə silsilə videoçarxlar və “Qarabağ İlmələrdə” adlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur.
28 sentyabrda keçirilən açılış mərasiminə layihə tərəfdaşları ilə yanaşı Vətən müharibəsində iştirak etmiş “Azərxalça” ASC-nın əməkdaşları da qatılıblar.
Mərasimdən sonra xalçaya rəmzi olaraq ilk ilmə vuranlar da məhz Vətən müharibəsində iştirak etmiş “Azərxalça” ASC-nın əməkdaşları olub.
“Qarabağ ilmələrdə” sosial layihəsinə qoşulmaq istəyən Bakı sakinləri 30 sentyabr tarixinə qədər “Azərxalça” ASC-nin "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən nümayiş zalının qarşısında dayanan xüsusi maşına yaxınlaşaraq “Qarabağ xalçası”na ilmə vura bilərlər. Oktyabrın 1-dən sonra isə layihə komandası bölgələrə doğru yola düşəcək. Layihə komandasının marşrut istiqaməti Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin, “Azərxalça” ASC-nin və “Təmiz Şəhər” ASC-nin sosial şəbəkə səhifələrində əvvəlcədən elan olunacaq.
Layihənin sonunda 8 noyabr - Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.