22 Oktyabr 2021 17:04
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Doktor, COVID-19-un yeni mutasiyası AY.4.2 yayılmağa başlayıb. Onun əlamətləri nələrdir? Bu mutasiya kimlər üçün daha təhlükəlidir?

- Yeni mutasiaya AY.4.2 daha əvvəl yayılan delta ştammına daxildir. Delta ştammının 45-ə yaxın alt tipi var, bu mutasiya da onlardan biridir. Ona görə də burada görülən klinik əlamətlər delta ştammındakı kimidir. Delta ştammı kimlər üçün təhlükəlidirsə, bu da elədir.

- Son zamanlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-la bağlı açıqlamaları mediaya az çıxır. Sizcə, bunun xüsusi səbəbi varmı? Bəlkə, ayrı-ayrı ölkələrin topladığı təcrübə ÜST-ə ehtiyacı azaldıb?

- ÜST-ün gördüyü işlər gizlidir. Ayrı-ayrı ölkələrin apardığı iş onların öz təcrübələrinə dayanırsa, ÜST mövcud olan bütün ölkələrin istənilən xəstəliklərə qarşı təcrübələrini analiz edib, ümumilləşdirərək qərar verir. ÜST bütün qərarlarında müxtəlif ölkələrin təcrübələrinə əsaslanlır.

- COVID-19 təzə yayılanda bütün dünya təşviş keçirirdi. İndi virusun yoluxuculuq qabiliyyəti artır, təşviş isə azalıb. Bunu nəylə izah etmək olar, başlanğıcda insanları qorxutmağın bir taktika olduğunu düşünmək olarmı?

- Xeyr, əsla elə deyil. Sadəcə qəflətən ortaya yeni ölümcül virus çıxmışdı. Bu virusla bağlı alimlərin bu sahədə bilikləri az idi. İki ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də virusun bioloji xüsusiyyətləri ilə bağlı məlumatlarımız yetərsizdir. COVID yeni yayılan ərəfədə həm səhiyyə sistemi, həm də elm adamlarının virus haqqında kifayət qədər məlumatı olmadığı üçün hər kəs həyəcan içində idi.

İndi müəyyən müddət keçib. Virusla, onun bioloji xüsusiyyətləri ilə bağlı bəzi məlumatlar əldə edilib. Vaksinlər alınıb, xəstəlikdən qorunmanın yolları öyrənilib. Bütün bunlardan sonra insanlarda xəstəliyə qarşı qorxu, həyəcan azalıb.

- COVID-19-un müalicəsində niyə hər hansı dərman kəşf olunmur? Bunun əksinə, dünyada bir neçə vaksin kəşf olunaraq tətbiq edilir. Yoxsa dünya koronanın müalicəsində maraqlı deyil?

- Dünyada müxtəlif dərman preparatlarının hazırlanması yolunda tədqiqatlar gedir. Amma problem ondan ibarətdir ki, bir dərmanın araşdırılması, təsdiqlənməsi 14-15 ilə qədər vaxt alır. Yəqin ki, müəyyən uğurlar var, laboratoriyalarda sınaqlar aparılır, amma hələ ki dərmanların tam tətbiqinə başlanılmayıb.

Viruslara qarşı yeni dərman preparatlarının hazırlanması, yaxud müalicədə istifadəsi digər infeksiyalardan, xüsusilə bakterial mənşəli infeksiyalardan fərqli olaraq çox çətindir. Aptekdən soruşun, hər hansı virusa qarşı dərman preparatları varmı? Çox güman ki, bunun səbəbi virusların hüceyrələrdə çoxalmasıdır. Dərman preparatlarındakı uğurun sirri həmin viruslarda və yaxud virusların daxil olduğu yerlərdə uyğun reseptorların olmasıdır ki, dərman preparatları onları öldürə bilsin.

Virusların bakteriyalar kimi uyğun resperatorlarının kifayət qədər olmaması onlara qarşı dərman preparatlarının işlənib hazırlanmasını çətin hala gətirib.

İnfektə olunmuş hüceyrəni öldürmək sağlam hüceyrəni öldürmək kimidir. Əgər bir virus hüceyrəyə daxil olubsa, elə etməliyik ki, virus hüceyrənin içində ölsün. Məsələn, xərçəng xəstəliyinin müalicəsində niyə uğur əldə edə bilmirik? Çünki verdiyimiz dərman preparatları xərçəng hüceyrələrində həmin dərmanlara qarşı kifayət qədər uyğun reseptorlar olmadığı üçün seçici olaraq həmin hüceyrələrə daxil ola bilmir. Onlar həm normal və sağlam hüceyrələrə, həm də xərçəng hüceyrələrinə nüfuz edir. Belədə dərman həm sağlam hüceyrələri, həm də xərçəng hüceyrələrini öldürür. Müalicənin effekti olmur.

Viral infeksiyalarda da bu belədir. Virusu öldürmək üçün onun yerləşdiiyi hüceyrəni öldürməlisən ki, virus məhv olsun.

- Bir ilə yaxındır vaksinlər istifadəyə verilib. Sizcə, hansı daha effektlidir?

- Vaksinlər müxtəlif şəkildə təsir göstərirlər. Hər bir vaksinin özünəməxsus müdafiə xüsusiyyətləri var. Onlar bədənə daxil olur, immunitet sistemi hüceyrələrini hərəkətə keçirir, eyni zamanda həmin şəxs COVID-ə yoluxduqda virusların çoxalmasının qarşısını alırlar. Burada hər bir vaksinin müsbət və mənfi tərəfləri var. Effektsiz vaksin yoxdur.

Azərbaycanda istifadə olunan Sinovak vaksini heç də digərlərindən geridə qalmır. Bu, bədənə daxil olan öldürülmüş virusdur. Bədəndəki immun sistemi hüceyrələrini mütləq aktiv edir.

- Vaksinlər yeni mutasiyaya təsir edirmi?

- Viruslar mutasiya keçirdikdən sonra vaksinlərin effektivliyi 5-10 faiz aşağı enir. Əgər pandemiya başlayanda vaksinlərin təsiri 90-95 faiz idisə, hazırda bu göstərici 60 faizə qədər düşə bilər. Bir vaksin 60 faiz təsir göstərirsə, yenə də effektli sayıla bilər.

- “Türkovak” vaksininin sınaq mərhələləri davam edir. Türkiyə mediası da yazmışdı ki, vaksin Azərbaycana gətirilə bilər. Belə bir ehtimal varmı?

- Bəli, “Türkovak”ın Azərbaycana gəlmə ehtimalı mövcuddur. Hazırda Türkiyə Səhiyyə Nazirliyi ilə Azərbaycan tərəfi arasında danışıqlar davam edir.

- Azərbaycan karantin qaydalarını tətbiq edərkən dünyadakı analoji tətbiqləri nəzərə alır. Dünya isə təkrar sərt karantinə getməyə hazırlaşmır. Bütün hallarda, ən arzuolunmaz varinatlarda qarşıda bizi hansı məhdudiyyətlər gözləyə bilər?

- Bu kimi hallarda dünya təcrübəsi mütləq araşdırılır, diqqətə alınır. Amma bu o demək deyil ki, hər hansı ölkədə qəbul edilən karantin tədbirləri Azərbaycanda da təkrar olunacaq. Biz dünyadakı vəziyyəti araşdırır, ölkəmizdəki mövcud vəziyyətə uyğun addımlar atırıq.

Pandemiya təzə yayılanda məlumat qıtlığı, profilaktikanın aparılmaması, vaksinasiyanın olmaması virusun yayılmasına səbəb olurdu. Ona görə hər növ ciddi qadağalar tətbiq edilirdi. Bu günsə Azərbaycan da daxil olmaqla, dünyada sərt karantin tədbirlərinin tətbiq olunacağını düşünmürəm. Çünki artıq insanlar xəstəlikdən qorunma metodlarını özləri bilirlər. Əhalinin böyük qismi peyvənd olunub, infeksiyaya qarşı immunitet sistemi formalaşıb.

Amma insanların tələblərə nə qədər əməl edəcəyini yenə də izaman göstərəcək. Qısacası, başqa ölkə metronu bağladı, yaxud açdı, biz də eyni hərəkəti edək prinsipi yoxdur. Azərbaycanda tədbirlər bizim COVID-lə bağlı epidemioloji statistik göstəricilərə uyğun görülür.

- Bir çox alimlər virusun mutasiya edərək zəifləyəcəyini güman edirdi. Ancaq prores əksinə gedir, virusun həm yoluxuculuq, həm də öldürücülük qabiliyyəti artır. Bu, nəylə izah olunur?

- Hər hansı virusun mutasiya keçirməsinin əsası ondan ibarətdir ki, o, özünü qorumaq, çoxalmaq istəyir. Əgər ilin əvvəlində viruslar sağlam, həssas insanların bədəninə daxil olduqdan sonra rahat şəkildə çoxalırdısa, indi insanların bir qismi xəstəliyə yoluxub, böyük qismi peyvənd olunub. Onların qanında virusa qarşı antitellər yaranıb.

Virus bədənə daxil olarkən virus yaşamaq istədikdə antitellər onu məhv edəcək. Virusun çoxalması üçün uyğun şərait olmadıqda mutasiya keçirir. Mutasiya keçirdikdə isə virus əvvəlki ilə müqayisədə daha da aqressivləşir.

İndi virus nə qədər müqavimətlə rastlaşarsa, o qədər mutasiaya keçirmiş olacaq. Virusun quruluşu haqqında kifayət qədər biliklərimiz yoxdur. Ola bilər, virus bütün mutasiyalarını yekunlaşdırar, yaxud elə mutasiya keçərər ki, davamlı olaraq bədənimizdə yaşayar. Bu halda virus zamanla aktivləşib, özünü göstərmiş olacaq.

- İndiyədək pandemiyanın sona çatacağı tarixlə bağlı müxtəlif proqnozlar deyilib. Mövcud vəziyyət nəyi göstərir, pandemiya nə zaman başa çata bilər?

- Bununla bağlı heç kim dəqiq proqnoz verə bilməz. Xatırlayırsınızsa, COVID-19-a ilk yoluxma faktı qeydə alınanda deyirdilər ki, ilin sonunda, yay fəslində virus sönəcək. Amma ortada bir ziddiyyət var. Bu, virusun bioloji quruluşudur.

Biz bir tərəfdən virusa qarşı dərman preparatları alırıq, digər tərəfdən peyvəndlənirik. Vaksinlər virusu öldürməsə də, onunla mübarizə aparır, təsirini azaldır. Virusun isə genetik quruluşu var, başqa potensial genetik kodunu işə salır. Nə baş verəcəyini demək çətindir.

Virus elə bir mutasiya keçirə bilər ki, bədəndə rahat şəkildə öz yaşamını davam etdirər. Yaxud bütün potensial özünüqoruma xüsusiyyətlərini itirər. Bunu zamana görə demək olmasa da, gözləməliyik. Virus ya yox olacaq, ya da bədənimizdə yaşayacaq. Bu vaxt qısa da ola bilər, uzun da çəkə bilər.


Müəllif: Aysel Azad