27 Aprel 2022 15:11
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirən idarələrarası komissiyanın tərkibi genişləndirilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə idarələrarası komissiyanın tərkibinə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərləri də daxil edilib.

Qaydaya əlavə edilən yeni bəndlərdə qeyd edilib ki, İdarələrarası komissiyanın tərkibinə daxil edilən qeyri-hökumət təşkilatları müsabiqə yolu ilə 2 il müddətinə seçilir. İdarələrarası komissiyanın tərkibinə daxil edilməsi nəzərdə tutulan qeyri-hökumət təşkilatlarının sayı və müsabiqənin keçirilmə qaydası idarələrarası komissiya tərəfindən müəyyən edilir.

İdarələrarası komissiyanın təklifi və qarşı tərəfin razılığı əsasında insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəlikləri idarələrarası komissiyanın işinə cəlb edilə bilər.

Qeyd edək ki, daha əvvəl İdarələrarası komissiyanın tərkibi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndələrindən ibarət idi.


Müəllif: Teleqraf.com