Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatı və BİLİK - Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Region Gənclər üçün Yay Məktəbi” davam edir.
Teleqraf.com xəbər verir ki, “Yay Məktəbi”nin proqramına əsasən, 4 iyulda təlimçi Orxan Şahbazın təqdimatında “Özünü effektiv ifadə və təqdimat bacarığı” adlı ikihissəli təlim baş tutub.
Təlimin birinci hissəsində effektiv kommunikasiya bacarıqları, özünü təqdimat zamanı diqqət ediləsi məqamlar barədə məlumat verilib, ikinci hissəsində isə “Mədəniyyət yoxsa mentalitet?” mövzusu ətrafında səlis nitq istiqaməti üzrə praktiki komanda çalışması həyata keçirilib.
Günün ikinci yarısında komandalar arasında futbol yarışı baş tutub və “Qamma” komandası qalib olub.
İyulun 5-də Azərbaycan Turizm Bürosunun Destinasiyaların və regional layihələrin idarəolunması departamentinin direktoru Hüseyn Məmmədovun iştirakı ilə “İctimai fəaliyyətdən peşəkar fəaliyyətə gedən yol, regionlarda iş imkanları və perspektivlər” mövzusunda görüşlə start götürüb. Görüş gənclərin interaktiv qaydada iştirakçılığı ilə müşayiət olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə iyulun 5-də günün ikinci yarısı şəhər gəzintisi həyata keçirilib. Gəzinti zamanı Şəki Xan Sarayı, Şəki Sənətkarlar Evi, Şəki Xan Məscidi və Yuxarı Karvansaraya ekskursiya təşkil olunub.
Gəzintinin ardınca qiraətçi Aytac Vəlibəylinin moderatorluğu ilə bədii qiraət gecəsi baş tutub. Tədbir zamanı Aytac Vəlibəyli və layihə iştirakçıları müxtəlif şerlər səsləndirib və bədii qiraətlə bağlı maraqlı diskussiyalar aparıblar.
Ənənəyə uyğun olaraq iyulun 4-5-də də gün sonu “Enerjini paylaş” devizli mədəni-kütləvi tədbirlərlə yekunlaşıb.