25 Avqust 2023 16:05
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhali, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə layihə həyata keçirib.

Teleqraf.com bu barədə Agentliyə istinadən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Füzuli şəhərini içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb. Plana əsasən, şəhərdə yeni içməli su təchizatı sistemləri yaradılana qədər mövcud imkanlardan istifadə olunması qərara alınıb. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası inşa edilib. Su mənbəyindən Füzuli şəhərinə qədər 630 mm diametrli magistral su kəməri inşa edilib. Magistral kəmər hazırda inşa edilən Füzuli yaşayış kompleksinin paylayıcı şəbəkəsinə qoşulub, binalara suyun verilişi təmin edilib. Kompleksdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması üçün təxirəsalınmaz tədbir kimi 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Bu qurğularda sutka ərzində 600 kubmetr tullantı suları təmizlənərək kənarlaşdırılacaq.

Təxirəsalınmaz tədbirlərlə yanaşı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin icrası davam etdirilir. Bu il mayın 5-də Prezident İlham Əliyevin təməlini qoyduğu infrastruktur 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən, Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 15 yeni subartezian quyusu qazılacaq, şəhər ərazisində ümumi tutumu 22 min kubmetr olan 4 su anbarı inşa ediləcək. Su mənbəyindən Füzuli şəhərinə 10,7 km uzunluğunda magistral su kəmərinin inşasına başlanılıb və kəmərin tikintisi işləri intensiv qaydada davam etdirilir.

Layihəyə əsasən Füzuli şəhərində 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələri inşa olunacaq. Füzuli şəhərində formalaşacaq tullantı sularının ekoloji baxımdan təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

Füzuli şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək. Subartezian quyularının işçi vəziyyəti, anbarlarda suyun səviyyəsi, paylayıcı şəbəkədə hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

Yaradılacaq infrastrukturun imkanları hesabına gələcəkdə Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər