17 İyun 2016 10:32
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 45827 şagird (IX sinif üzrə 25530, XI sinif üzrə 20297) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirib.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, 9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

İyunun 17-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Xəbərdarlıqlara baxmayaraq bəzi şagirdlər imtahana gələrkən sənədlərini gətirməyiblər. Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə xatırladılır ki, imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli, 16 yaşı tamam olmayan və şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər bu sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməyi unutmasınlar.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər