4 İyul 2016 16:48
2 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

İmtahanlarda 104 min 476 nəfər IX sinif şagirdi, 84 min 589 nəfər XI sinif şagirdi iştirak edib. Ümumi orta təhsil bazasında (9 illik) imtahan verən şagirdlərin Azərbaycan dili fənnindən 20 min 911 nəfər, 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında isə Azərbaycan dili fənnindən 15 min 486 nəfər "2" (iki) qiyməti alıblar.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu il IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70 min 262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır.

XI siniflər üzrə imtahanlarda isə 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötən ilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmayıb.

Nazirlikdən bildirilib ki, IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşmaqdadır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib.

Açıqlanan statistikaları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix üzrə fəlsəfə doktoru Kamran Əsədovun şərh edib.

Kamran Əsədovun sözlərinə görə, 9 il və ya 11 il orta məktəbdə təhsil alan şagirdin öz ana dilindən “2” qiymət alması sadəcə biabırçılıqdır: “Nəzərə alsaq ki, imtahanda 30 test tapşırığı təqdim olunub, şagirdlər azı 3 qiymət almaq üçün 7 test tapşırığına doğru cavab verməlidir. 7 suala cavab verə bilməyən şagird 9 və ya 11 il orta məktəbdə nə edib? Burada bir neçə məsələni xüsusi qeyd etmək lazımdır.

İstər 9 illik bazada şəhadətnamə, istərsə 11 illik bazadan attestat almaq üçün keçirilən mərkəzləşdirilmiş imtahanda şagirdlərə təqdim olunan test tapşırıqlarının modeli və ağırlıq dərəcəsi qəbul imtahanlarındakılardan fərqli olaraq sadə və asan suallardır. Yəni həmən mərkəzləşdirilmiş imtahanda müsbət qiymət almaq üçün xüsusi hazırlıq və biliyə ehtiyac yoxdur. Azərbaycan dilində danışa, düşünə və yaza bilən istənilən şəxs bu suallara cavab verə bilər”.

Kamran Əsədov deyir ki, nəticələri acınacaqlı edən digər hal ondan ibarətdir ki, bu imtahanda iştirak edənlərin böyük əksəriyyəti həm də ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş abituriyentlərdir: “Deməli, onlar daha hazırlıqlıdır. Yəni onlar dərinləşmiş formada Azərbaycan dilini oxuyublar. Amma nəticəyə baxanda bu görsənmir.

35 min şagird adi bir statistik göstərici kimi dəyərləndirilməməldir. Burda ciddi problemlər var. Nəzərə alsaq ki, bu şagirdlərin hamısı orta məktəbdə müsbət qiymət alıb və imtahana buraxılıblar. Deməli, orta məktəblərdə şagirdin biliyinin qiymətləndirilməsi obyektiv və şəffaf şəkildə aparılmayıb”.

Fəlsəfə doktorunun sözlərinə görə, tədris ili ərzində şagirdlərin bu və ya digər fənlərdən keçdiyi dərslər üzrə böyük summativ və kiçik summativ qiymətləndirilməsi aparılıb: “Əlavə olaraq, hər bölmənin sonunda şagird keçdiyi dərsləri təkrarlayıb. Son illər ərzində Təhsil Nazirliyi elektron xidmətlər sayəsində onlayn qaydaya şagirdlər üçün sınaq imtahanı keçirir. Niyə bu yüksək şərait işinə biganə yanaşan hansısa müəllim və məktəb rəhbərliyi tərəfindən məhv edilir?

Təhsil Nazirliyi tərəfindən son illər ərzində Azərbaycan məktəblərində təhsilin inkişafı üçün çox böyük addımlar atır. Lakin araşdırma zamanı məlum olur ki, görülən işlər nəticəyə o qədər də ciddi təsir etmir. Fikrimcə, nəticələri zəif olan məktəblər üzrə Təhsil Nazirliyi ciddi tədbirlər görməlidir”.

İlhamə ƏBÜLFƏT


Müəllif: