Son aylar ərzində yağan intensiv yağışlar və sel suları nəticəsində 20-ə yaxın rayonda yol təsərrüfatına xeyli ziyan dəyib.
Bu barədə Teleqraf.com-a “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, xüsusilə Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda “Azəravtoyol” ASC-nin xidmət etdiyi avtomobil yollarına daha çox ziyan dəyib.
Bundan başqa intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissələrində, Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Masallı-Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələrini daha da aktivləşdirib.
Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb. Dərhal sözügedən ərazilərə mütəxəssislər cəlb olunub, təbii fəlakətin miqyası müəyyənləşdirilib. Nəticədə bir çox ərazilərdə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təbii fəlakətin fəsadları qısa müddət ərzində aradan qaldırılıb.
İlhamə ƏBÜLFƏT