19 Avqust 2016 12:26
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim tariximiz dünyada ən çox saxtalaşdırılan, təhrif olunan tarixlərdən biridir. Azərbaycan xalqı dünyanın 5 min illik dövlətçilik tarixi olan xalqdır. Biz böyük imperiyalar yaradan, dünya siyasətinin formalaşmasında iştirak etmiş xalqıq. Amma yaxın keçmişdə bunların hamısı bizim əlimizdən alınmışdı. Bizə kölə psixologiyası aşılanırdı, guya bizim dövlətçilik mədəniyyətimiz, zəngin tariximiz olmayıb. Guya bizə həmişə kənardan kömək ediblər. Bütün bunlar da milli şüurumuzun öldürülməsinə yönəlmişdi. Bizim dövlətçilik mədəniyyətimizi məhv etmək üçün addımlar atıblar. Torpağımızda erməni dövləti yaradıblar. Əslində isə biz tarixən daha böyük ərazilərə sahib olmuşuq. Bunu deməklə, heç kimə ərazi iddiaları irəli sürmürük. Amma tariximizə sahib çıxmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinə müsahibəsində Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib.

Müstəqilliymiz bərpa edildikdən sonra milli lider Heydər Əliyev tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın real tarixinin öyrənilib yazılması ilə bağlı tapşırıqlar verdiyini deyən Y.Mahmudov “Azərbaycanlıların soyqırımı haqqında” imzalanan fərmanı xatırladıb. Onun sözlərinə görə, bu fərman tarixi həqiqətlərin araşdırlması üçün ciddi hüquqi sənəd idi və bütün dünyaya bəyan olundu ki, xalqımız dəfələrlə soyqırıma məruz qalıb: “Eyni zamanda “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalandı ki, bu sənəd də tarixi əhəmiyyət kəsb edir. Heydər Əliyev bu fərmanları imzalamaqla xalqa yol göstərdi, tarixi həqiqətlərimizi bəyan etdi. Mən ulu öndər Heydər Əliyevi tələbəlik illərindən tanıyıram. Onun fəaliyyəti gözümün qarşısında olub. Heydər Əliyev bütün dövrlərdə biz tarixçiləri müdafiə edib”.

“Baxdıq ki, orda nə Şaumyanın, nə Əmiryanın, nə də Avakyanın cəsədləri var”

Prezident İlham Əliyevin tarixi həqiqətlərin ortaya çıxarılması ilə bağlı tarixçilər qarşısında qoyduğu vəzifələr barədə danışan Y.Mahmudov deyib: “Prezident İlham Əliyev Tarix İnstitutunun qarşısında məsələ qoydu ki, 26 Bakı komissarları ilə bağlı real həqiqətlər ortaya çıxarılsın. Bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarı kimi cəlladlara abidə ucaldılmışdı. Sovet dövründə həmin abidə müqəddəs yer kimi qəbul olunurdu. Əslində isə onlara daşnak Stepan Şaumyan rəhbərlik edirdi və bu adam xalqımıza qarşı dəhşətli qətliamlar törətmişdi. Onun və havadarlarının məqsədi Şərqi Anadoluda, Azərbaycanda müsəlmanları qırıb “böyük Ermənistan” dövləti yaratmaq idi.

Bizim tədqiqatlarımız, araşdırmalarımız nəticəsində məlum oldu ki, onların basdırıldığı yerdə, 26 yox, 23 cəsəd var. Stepan Şaumyan, Arsen Əmiryan və Bağdasar Avakyan kimi cəlladların cəsədləri orada yox idi. Bununla da, vacib bir tarixi həqiqət üzə çıxarıldı. Yəni, prezident bu məsələnin üzərində dayandı, xalqımıza və dünyaya doğru tarix təqdim olundu”.

“İçimizdəki dönüklər, qanları qarışıqlar çox şeylərə əl atdılar”

Y.Mahmudov tarixi xəritələrin yoxluğuna diqqət çəkib: “Xəritələrimiz yox idi. Sovet dövründən bu işlə məşğul olmağa başlamışdım. Amma içimizdəki dönüklər, qanları qarışıqlar bu işlərin baş tutmaması üçün çox şeylərə əl atdılar, Moskvaya şikayət edərək bu işin reallaşmasına imkan vermədilər. O zaman da ulu öndər Heydər Əliyev bu məsələ ilə bağlı biz tarixçiləri təhlükələrdən qorudu, müdafiə etdi.

Nəhayət, müstəqillik illərində Azərbaycan tarixinin atlası çıxdı. Atlas 55 xəritədən ibarət idi. Biz xəritələrdə tariximizi ortaya qoyduq. Bundan sonra bəzi ölkələrdən bizə etirazlar gəldi. Amma biz də izah etdik ki, biz tariximizi bərpa edirik, heç kimdən torpaq istəmirik. Bizim Səfəvi imperiyamız, Ağqoyunlu, Qaraqoyunlu, Eldənizlər, Sacilər dövlətimiz olub. Bu tarixə sahib çıxmaq lazımdır. Prezident İlham Əliyevin iradəsi olmasaydı, biz bu işlərin heç birini reallaşdıra bilməzdik. Daha sonra cənab prezidentin göstərişi ilə Azərbaycanın Milli Atlası nəşr olundu. Həmin atlasa 80-ə yaxın tarixi xəritələr daxil etdik”.

Deputat dövlət başçısının tapşırığı ilə AMEA-nın Tarix İnstitutunun Qarabağın tarixini yazdığını vurğulayıb: “Prezident tapşırmışdı, elə bir tarix yazmaq lazımdır ki, bütün reallıqları əks etdirsin, erməni saxtakarları ifşa olunsun. Çünki ermənilər Qarabağın tarixi ilə bağlı saxta əsərlər yazırdılar. Beləliklə, biz tarixi faktlara əsasən Qarabağın tarixini yazdıq. Eyni zamanda, “Naxçıvan tarixi və abidələri” kitabı da nəşr olundu”.

“Orta məktəb dərslikləri dəyişdirildi”

Y.Mahmudov çətin və şərəfli vəzifələrdən birinin də İrəvan xanlığının tarixinin yazılması olduğunu qeyd edib: “Bu tarixin yazılması ilə sübut olunur ki, indiki Ermənistan dövləti Azərbaycan ərazisində yaradılıb. Kitabın adı “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” adlanır. Kitabda minlərlə faktlar ortaya qoyuldu və kitab bir sıra xarici dillərə tərcümə olunaraq dünyada yayıldı. İndi biz bu kitabı ərəb dilində hazırlamışıq və təqdimatı keçirəndən sonra ərəb ölkələrində yayılacaq. Məqsədi odur, dünya bilsin ki, Ermənistan dövləti 1918-ci ildə Azərbaycan torpaqlarında yaranıb və ermənilər Qafqaza gəlmədirlər.
Daha sonra mən “Real tarix və “böyük Ermənistan” uydurması” kitabını yazdım. Bu kitab da xarici dillərə tərcümə olunaraq yayıldı.

Qeyd edim ki, AMEA-nın Tarix İnstitutu olaraq dünyanın müxtəlif yerlərindən tariximizə aid sənədləri gətirmişik. Soyqırımlara, represiyalara və s. aid sənədlərimiz var. Arxiv sənədlərinin çox hissəsini çap etmişik.
Beləliklə, müstəqilliyimizi qazandığımız 25 il ərzində biz yeni yola çıxdıq, bir sıra mühüm işlər gördük. Yeni tarixi əsərlər nəşr olundu, orta məktəb dərslikləri dəyişdirildi. Bu gün uşaqlarımız İrəvan xanlığının, Qarabağın, Naxçıvanın, bütün Azərbaycanın tarixini öyrənirlər. Biz tariximizə sahib çıxmaq üçün bundan sonra da qarşımızda duran vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacağıq. Doğrudur, bəzi dönüklər bu yolda bizə mane olmağa çalışdılar. Amma heç bir nəticə əldə edə bilmədilər. Çünki bu işlər cənab prezidentin təşəbbüsü ilə həyata keçirilir və dövlət başçısı bu proseslərdə bizə dəstək verir”.

“Qacar Azərbaycan xalqının böyük sərkərdəsidir”

Y.Mahmudov AMEA-nın Tarix İnstitutunun qarşısında duran ən mühüm məsələnin müstəqillik dövrü tariximizin yazılması olduğunu, kollektivin bunun üzərində işlədiyini vurğulayıb: “Eləcə də, xaricdən tariximizə aid sənədlərinin ölkəmizə gətirilməsi işini davam etdirəcəyik. Biz Gəncənin də tarixini yazmışıq. Fikrimiz var ki, Şəki xanlığının tarixini də yazaq. Ərəb xilafəti çökəndən sonra yerli dövlətlərimiz yarandı. Onların arasında Tiflis Əmirliyi deyilən dövlət də var idi. O dövlətin də dəyərli tarixi var. Bu tarixi silmək istəyənlər var. Amma burda Tiflis Əmirliyinin tarixindən dissertasiya müdafiə olunub və biz onu kitab formasında nəşr edəcəyik.
Əsas vəzifələrdən biri də dövlətçilik tariximizin araşdırılmasıdır. Biz bu torpaqların aborigen əhalisiyik. Bu məsələlərin araşdırılması ağır prosesdir. Amma biz bu yolları keçəcəyik. Biz deyəndə ki, Səfəvilər, Qacarlar, Nadir şah bizə məxsusdur, onda xaricdən də buna etiraz edirlər. Məsələn, Qacar Azərbaycan xalqının böyük sərkərdəsidir. O da, Nadir şah da türk mənşəlidir, onlara sahib çıxmalıyıq. Tariximizi inkar etmək olmaz. Azərbaycan xalqı imperiyalar yaradan, böyük əraziləri, xalqları idarə edən xalqdır. Biz bütün bunları araşdırıb yazmalıyıq”.

“İmkanlı adamlar bizə dəstək verməlidirlər”

İnstitut direktoru ayrı-ayrı dövlət qurumlarının Tarix İnstitutuna və tarixçilərə dəstək göstərməsinin zəruriliyinə diqqət çəkib: “Eyni zamanda, iş adamları da kömək etməlidirlər. Elə xalqlar var ki, oğurluq ediblər, onların varlıları pullarını bunu sübut etməyə qoyurlar. Bizim imkanlı adamlar isə tarixi həqiqətləri sübut emək üçün bizim yanımızda olmalı, dəstək verməlidirlər. Bir faktı deyim ki, nazirlərimizdən biri həmişə Tarix İnstitutuna kömək edir. Bunu dövlətimizə, xalqımıza sədaqət hesab edirəm. Amma iş adamlarının da dəstək verməsi yaxşı olardı.

Əlbəttə, bütün çətinliklərə baxmayaraq, bu işləri görəcəyik. Çünki dövlət arxamızda dayanıb. Ama hər şeyi dövlətin üzərinə atmaq da olmaz. Tarixi keçmişini bilməyən, ona sahib çıxmayan xalq həmişə başqalarına yem olur. Tarixinə sahib çıxan xalqlar isə yenilməzdir, onun dövləti həmişə yaşayacaq. Biz real tariximizi dövlətin dəstəyi ilə yazmışıq. Amma görüləsi işlər də çoxdur”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər