27 İyun 2014 16:09
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhərsalma və Arxitektura Komitəsi: “Biz Bakının resursunun az hissəsini istifadə edirik”

“Məxsusi Bakı”nın Baş planı üzrə əsas prinsipial təkliflərdən biri də paytaxtın mərkəzi hissəsində Mərkəzi Biznes rayonunun yaradılmasıdır.

Bu fikri “Böyük Bakının Regional İnkişaf Planı” (sxemi) layihəsinin koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

”Bakının baş planı” nını 32 şirkət hazırlayıb

İlqar İsbatov 11 iyun 2014-cü ildə “”Xalq qəzeti”ndə ”Bakının baş planı hazırdır“ adlı məqaləsində bildirib ki, Bakının yeni Baş planı 2030-cu ilədək olan dövrü əhatə edir və planda həmin dövrə qədər perspektivlərin inkişafı proqnozlaşdırılır.

Əməkdar memar qeyd edib ki, layihə üzrə şəhərin mərkəzində sıxlığı azaltmaq üçün iki mərkəz müəyyənləşdirilb. Onlardan biri - Beynəlxalq avtovağzal istiqaməti, ikincisi isə Sabunçu qəsəbəsindən - tikilməkdə olan Olimpiya stadionunun yaxınlığına qədər olan ərazidir. Sözügedən Mərkəzi Biznes rayonunun bu əraziləri əhatə edəcəyi gözlənilir.

İlqar İsbatovun yazdığına görə, Baş planın hazırlanmasında 16 ölkədən 34 şirkət iştirak edib və Bakının inkişafının sayca beşinci planıdır.

Xatırladaq ki, mayın 15-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Böyük Bakının Regional İnkişaf Planı layihəsinin təqdimatı keçirilib.

Hələ ki, bunlar ideyadır...

Bakı Dövlət Layihə İnstitutunun baş mühəndisi Zülfüqar Məmmədovun “Gündəlik Teleqraf”a bildirdiyinə görə, Baş plan bir ideya olaraq hazırlanıb və sifarişçisi olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verilib: “Bu layihənin icrası üçün hələ sifarişçi də müəyyənləşməyib. Bunun üçün tender elan olunmalıdır, icraçılar seçilməlidir və sair. Sifarişçi icra hakimiyyəti və ya Şəhərsalma Komitəsi, yaxud başqa bir qurum da ola bilər. Bundan sonra layihənin icrasında iştirakçı olan nazirliklərə sərəncam əsasında tapşırıqlar veriləcək. Baş planının təsdiqindən sonra növbəti qərar müfəssəl planlaşdırma layihəsinə görə verilməlidir. Tutaq ki, hökumətin qərarına görə, Ələtin müfəssəl planlaşdırılması birinci işlənməlidir, sonra Binəqədi və digər rayonlar. Hələ ki, bütün bunlar ideya halındadır”.

Mərkəzi Biznes rayonu inzibati rayonlar sırasında deyil

Sözügedən Mərkəzi Biznes rayonunun isə inzibati rayonlarının sırasına daxil olmadığını deyən Zülfüqar Məmmədov bu mərkəzin Sabunçu və Binəqədi rayonlarının ərazisini əhatə edəcəyini dedi: “Bakının 13 rayonu yerində qalacaq. Sadəcə olaraq, Bakının mərkəzində cəmlənmiş idarələr, nazirliklər, ofislər, ticarət obyektləri şəhəri yükləyib. Məqsəd də odur ki, şəhərin mərkəzi bu qədər sıxlıq olmasın. Həmin mərkəzlərdə də mədəniyyət, ticarət və sair obyektlərin olacağı gözlənilir”.

Təklif: Bakı sökülməkdənsə, Yeni Bakı salınsın!

“Davamlı İnkişaf” Araşdırmalar Mərkəzinin direktoru, mühəndis Nəriman Ağayev isə hesab edir ki, Bakının yenidən sökülüb-tikilməyindənsə, 30-40 kilometr kənar ərazidə yeni Bakının salınması daha məqsədəuyğun olardı.

Mühəndisin fikrincə, aparılan tikintilər şəhərsalma prinsiplərinə uyğunluğu pozub və bu tikintilərə xeyli vəsait xərclənib: “Digər tərəfdən, qədim tarixi binalar var, onların aqibəti necə olacaq?”

Nəriman Ağayev dedi ki, böyük şəhərlərdə biznes mərkəzin yaradılması təcrübəsi başqa ölkələrdə də var: “ Məsələn, ABŞ-ın ən bahalı bölgəsi olan Manhetten Nyu-Yorkum mədəniyyət və ticarət mərkəzi sayılır, Londonda “London sity “ salınıb”. Amma mühəndis hesab edir ki, daha asan və əlverişli variant mümkündür: “ Məsələn, Hindistanda Dehli şəhəri olduğu kimi saxlanıb, Yeni Dehli şəhərini saldılar. Yeni Bakı salmaqla hökumət strukturlarını, digər qurumları paytaxtın mərkəzindən kənara çıxarmaqla, onların mövcud binalarından biznes mərkəzləri kimi istifadə etmək olar. Bunun üçün Sabunşuda yeni mərkəzin açılmasına ehtiyac yoxdur. Yeni Bakı isə Bakıda yaranan süni miqrasiyanın və sıxlığın qarşısını alar və bu nə qədər iş yeri deməkdir”.

Bəzi tikililər yeraltı çayların istiqamətini dəyişib

Mühəndis bildirdi ki, Bakıda bəzi tikintilər yeraltı çayların istiqamətini belə dəyişib: “Artıq Bakıda tərpənmək mümkün deyil. Abşeron yarımadasında qrunt sularının səviyyəsi artır, amma bir mərtəbəli evlər sökülüb, yerinə 16 mərtəbə tikilir, qruntlara olan təzyiq dəyişir. Qısa müddətdə bu qədər ərazi yüklənsə, zəlzələ olsa, bir var min nəfər məhv olsun, bir də var ölkə əhalisinin yarısı olan bir şəhər. Ona görə, hesab edirəm ki, bu layihə “utopik kapitalizm”in məhsuludur, kağızda hər şeyi çəkmək olar, amma həyata keçirilməsi, mümkündürmü? O qədər pulun xərclənməsi niyə lazımdır? Təkcə “Azərsu” Bakının su və kanalizasiya sisteminin təzələnməsi üçün səhv etmirəmsə, 42 milyard manat istəyir. Zənnimcə, bu layihə həyata keçirilməzdən öncə bir daha müzakirə olunmalı, daha əlverişli qərarlar verilməlidir.

Ekspertin fikrincə, 2030-cu ilə qədər Bakının 16 min hektar ərazisi yaşıllaşdırılmalıdır: “Bəli, Bakıda köhnə ərazilər var – Kubinka, Alatava kimi yerlər sökülməlidir, əvəzində biznes mərkəzi və yaşıllıqlar artırılmalıdır. Statistika Komitəsi ildə Bakıda 2 faiz artım olduğunu deyir, bunu nəzərə almaqla Bakının 16 min hektar ərazisi yaşıllaşdırılmalıdır””

Biznes rayonunun məkan quruluğu necə olacaq?

Əməkdar memar, professor Nəriman Əliyev Mərkəzi Biznes rayonunun necə inşa olunması haqqında məlumatsız olduğunu dedi: “Köhnə Bakıdan kənarda Ticarət küçəsi var idi, hansı ki, bu gün Nizami küçəsidir. Mən bilmirəm, bunlar Biznes Mərkəzi dedikdə, bunun məkan qurulıuşunu necə nəzərdə tutublar? Əvvəl belə fikir vardı ki, şəhərin biznes mərkəzi dəniz kənarında hündür binalardan ibarət olacaq. Hər halda bu məsələlər peşəkar memarların müzakirə mövzusudur”.

“Açıq müzakirə keçirdik, ictimaiyyətdən təklif verilmədi”

Dövlət Şəhərsalma və arxitektura komitəsinin şöbə müdiri Cahangir Qocayev isə bildirdi ki, Bakının Baş planının müzakirəsi açıq olsa da, rayon icra hakimiyyətlərinin memarları, o cümlədən müstəqil memarlar bu barədə öz təkliflərini bildirməyiblər: “Biznes rayonunda binalar çoxmərtəbə, yaxud başqa cür olması müfəssəl planlaşdırma zamanı müəyyən olunacaq. Baş plan təsdiq olunduqdan sonra həmin plana uyğun olaraq 3 ay müddətinə tədbirlər planı hazırlanacaq, ondan sonra ayrı-ayrı zonalar üzrə müfəssəl planlar işlənəcək, sonra isə konkret işçi layihələr tərtib olunacaq və layihə smetasının qiyməti dəqiqləşəcək. Ona görə də İlqar İsbatovun səsləndirdiyi rəqəm proqnoz rəqəmdir, bu, başqa cür də ola bilər”.
Moskva Bakıdan iki dəfə kiçikdir

Nəriman Ağayevin yeni şəhər salınması təklifinə gəlincə, Cahangir Qocayev dedi ki, Bakı bir şəhər olaraq resursunun çox az hissəsini istifadə edir. Bakıdan iki dəfə kiçik Moskvada Azərbaycan qədər, 10 milyon əhali yaşayır. Moskvanın 110 min hektar ərazisi var. Bakının regional inkişaf sxemi ilə Bakının ərazisi isə 213 min hektardır. Bura Sumqayıtla, Xırdalan daxil olmaqla 282 min hektar ərazidən söhbət gedir. Şəhərin malik olduğu ərazidən daha səmərəli istifadə etmək üçün bu plan hazırlanıb. Bakını bu vəziyyətdə gələcək nəsilə verməyə mənəvi haqqımız yoxdur”.

Cahangir Qocayev dedi ki, Ələt qəsəbəsi yenidən qurulacaq və orada tamamilə müasir yaşayış məskəni salınacaq.

Sevil HİLALQIZI


Müəllif: