6 Sentyabr 2016 10:44
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Lənkəranda baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı ilkin məlumat açıqlayıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, Lənkəran rayonunun Daşdatük kəndinə su mənbəyi bulaqdan çəkilib. Onun sözlərinə görə, yay ayları quraq keçdiyinə görə bulağa əlavə su xətti birləşdirilib: “Həmin su mənbəyi meşədə, bataqlıq sahədə açıq halda olub. Yağışlar yağdıqdan sonra sular bulanıb və ilkin ehtimallara görə zəhərlənmə həmin suyun çirklənməsi nəticəsində baş verib. Həmin sudan daha çox uşaqlar istifadə etdiyinə görə zəhərlənənlər arasında uşaqlar çoxluq təşkil edir. Zəhərlənənlərin yalnız 4-5 nəfəri böyüklər, qalanları uşaqlardır.

Əllidən çox şəxs zəhərlənmə əlaməti ilə xəstəxanaya gətirilib və hazırda onların əksəriyyətinin (80%-dən çoxu) vəziyyəti yaxşıdır, evə buraxılacaqlar”.


İ.Abdullayev əlavə edib ki, dünən hadisə baş verəndən sonra bulağa qoşulan əlavə su xətti ayrılıb və insanların istifadəsi üçün qadağan edilib. O vurğulayıb ki, əhalinin istifadəsi üçün Lənkəran şəhərindən avtomobillərlə kəndə içməli su göndərilir və əhaliyə də xəbərdarlıq olunub ki, yalnız gətirilən içməli sudan istifadə etsinlər: “İnfeksionistlər ilkin olaraq hadisənin infeksion-yoluxucu, mədə bağırsaq xəstəliyi olduğunu bildiriblər. Amma son nəticələr müayinədən sonra bəlli olacaq. Xəstələrdən qusuntu, nəcis nümunələri, eyni zamanda su mənbələrindən ayrı-ayrılıqda nümunələr götürülərək mərkəzə göndərilib. Yəqin ki, sabah zəhərlənmənin dəqiq səbəbləri məlum olacaq”.


Müəllif:

Oxşar xəbərlər