Bu gün 164 min 33 şagird I sinfə gedir. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 milyon 415 min 242 nəfərdir.
Bilik bayramında Teleqraf.com-un əməkdaşı orta məktəblərdən reportaj hazırlmaq, milyon yarımın sevincini, həyəcanını heç olmasa bir-iki məktəbin timsalında ifadə eləmək üçün paytaxtın təhsil ocaqlarına üz tutub.
48 saylı və Yusif Mirzəyev adına 44 saylı orta məktəblərin girişində dayanan jurnalistlərdən xüsusi icazə tələb olunduğunu bildiriblər. Onların sözlərinə görə, Bakı Şəhər Təhsil İdarəsindən verilən göstərişə əsasən, heç bir jurnalist Təhsil İdarəsindən icazəsiz reportaj hazırlaya bilməz.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. Ordan eşitdiyimiz cavabı təqdim edirik: “Heç bir məktəb direktoru Təhsil İdarəsindən icazəsiz danışa və reportaj hazırlanmasına icazə verə bilməz. Jurnalistlər reportaj hazırlamaq üçün bir neçə gün əvvəl Təhsil İdarəsi ilə əlaqə saxlayıb, icazə almalıdırlar”.
Qeyd edək ki, yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.
Reportaj isə olmayacaq...
İlhamə ƏBÜLFƏT