İsrailin mərhum prezidenti Şimon Peresin ölümündən sonra gözlərinin köçürülməsinə razılıq verməsi birmənalı qarşılanmadı.
93 yaşlı siyasətçinin bu qərarını humanist addım kimi dəyərləndirənlər də var, bunu vaxtı keçmiş humanizm adlandıranlar da.
Bəs bizim məşhurlar necə düşünür, onlar öz orqanlarının başqasına köçürülməsinə razı olarmı?
Teleqraf.com bu suala cavab tapmaq üçün ictimai-siyasi xadimlər, sənətçilər arasında sorğu keçirib. Səslənən fikirləri təqdim edirik:
Millət vəkili Fazil Mustafa: Orqan bağışlamaq çox yaxşı haldır. Mənim fikrimcə, bu işi ənənəyə çevirmək lazımdır. Çünki insan özündən sonra başqalarına fayda vermək haqqında düşünsə yaxşı olar.
Teleqraf.com saytının redaktoru Qurban Yaquboğlu: Ölümdən sonra orqanını bağışlamaq istəyi tək Şimon Pereslə bağlı deyil, oxşar təşəbbüsü başqaları da göstərib. Məsələnin mahiyyətinə gəldikdə, bizim cəmiyyətdə iki yanaşma var: dini yanaşma, bir də adi praktik yanaşma. İslam dini bildiyim qədər buna birmənalı münasibət bəsləmir, meyitin əzasının əskildilməsi bəyənilə bilməz. Ancaq humanist görüşə görə, bu kimi addımlar, təşəbbüslər həqiqətən hansısa insana fayda gətirərsə, onu xilas edərsə, həmin vasitəyə əl atmaq olar.
Son məqamda, məncə, dinimiz də bu fikirlə barışa, razılaşa bilər, çünki zəruri hallarda müəyyən ölçü daxilində hətta harama da getmək iznli sayılır. Özümə gəldikdə, insanlara sağlığımda nəsə fayda vermək istərdim. Bu dünyada hər pisliyi eləyib öləndə meyitinlə xeyirxah olmaq kimi bir aksiyaya qoşulmağı qəbul etmirəm. Allah heç kəsi başqasının orqanına möhtac qoymasın.
Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə: İnsan ömrünü yaşadıqdan sonra onun hansısa orqanı digər insanın yaşamasına xidmət edirsə, niyə də bağışlamasın?
Bəzi insanlar isə orqan bağışlanmasını şouya çevirirlər. Bu cür düşünənləri qəbul etmirəm. Bunu reklamsız da eləmək olar.
Tanınmış jurnalist İbrahim Nəbioğlu: Şimon Peresin vəsiyyəti, doğrusu, məni təəccübləndirmədi. Elə nəhəng insandan belə humanist addım, zənnimcə, təbiidir. Ölümümdən sonra orqanlarımın bağışlanması haqda qərarımı isə ölümümə bir az qalmış verəcəm. Bütün oxucularınıza uzun ömürlər arzulayıram...
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı: İnsanın ölümündən sonra orqan bağışlaması müsbət haldır. Əgər sən bağışlayacağın orqan ilə kiminsə həyatın qurtara bilirsənsə, yaxşı haldır. Amma Şimon Peres kimi yaşlı bir adamın orqanlarının kimə nə xeyri olacaq? Özüm isə orqanlarımın bağışlanmasını hələ düşünməmişəm.
Müğənni Xumar Qədimova: İnsan öləndən sonra onun bağışladığı orqanla hansısa bir xəstəyə yardım edilirsə, bunun nəyi pisdir? Sən dünyadan köçürsən, amma sənin orqanın sayəsində digər insan yaşayır. Bu, çox yaxşı hissdir. Bəzən deyirlər dini tərəfdən orqan bağışlanması düzgün sayılmır. Amma türk seriallarında da belə hadisələr təbliğ edilir.
“Qanun” nəşriyyatın direktoru Şahbaz Xuduoğlu: Ölümümdən sonra orqanlarımın bağışlanmasına razılıq vermək istərdim. Şimon Peresin 90-dan çox yaşı olsa da, onun hansısa bir orqanı digər insanın həyatını xilas edə bilər.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: Mən bu suala cavab vermək istəmirəm.
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov: Mən öləndən sonra orqanlarımın köçürülməsini, cəsədimin də yandırılmasını istəyirəm. Öləndən sonra onsuz da heç bir orqan mənə lazım deyil. Kimə lazımdırsa, qoy ona fayda versin. Torpaq isə mənə sağlığımda üstündə yaşamaq üçün lazımdır. Öləndən sonra 4-5 kvadmetr yeri zəbt etməyin mənası yoxdur. Bir də insanları qəbir üstünə getmək kimi mənasız əziyyətdən xilas etmiş olaram. Məni xatırlayan qəbrim olmasa da xatırlayacaq, unudan isə qəbrim olsa da unudacaq.
Müğənni Nura Suri: İnsan öləndən sonra onun orqanı kiminsə həyatını xilas edəcəksə, orqanı bağışlamaq lazımdır. Onsuz da insan o dünyaya öz bədəniylə yox, ruhuyla gedir. Hələ ki, özüm orqanlarımın bağışlanması haqda düşünməmişəm.
İlhamə ƏBÜLFƏT