“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbirini Quba rayonunda keçirib.
Tədbiri giriş sözü ilə açan “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi nümayəndəsi Aygün Cəfərova öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat vermiş və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Quba Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Tədbirdə “Məişət zorakılığı və onun növləri, erkən nikahla mübarizə yolları” mövzusunda qadın hüquqları və gender məsələləri üzrə ekspert qismində çıxış edən Rəna Mirzəzadə məişət zorakılığı və erkən nikahla bağlı öz fikirlərini bölüşmüş, zorakılığın növlərini, əsas səbəb və nəticələrini qeyd edib. O, erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödəməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunmuş və əhalinin düşüncə tərzini dəyişməyə və insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulayib.
Ailə, qadın və uşaq problemləri üzrə ekspert Vəsilə Möhsümova isə “Məişət zorakılığı və erkən nikahla mübarizə sahəsində qanunvericilik və dövlət qurumlarının fəaliyyəti” mövzunda çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.
Məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırlmaqla tətbiq olunmasının, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə məlumat verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Ekspertlər bildirib ki, layihə çərçivəsində keçirilən bu kimi maarifləndirmə tədbirləri zamanı hədəf qrupuna daxil olan şəxslərin mövzu ilə bağlı geniş məlumatlar əldə etmələri və onların həmin məlumatları öz yaxınları və tanışları ilə bölüşmələri əhali arasında məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınmasında mübarizə ruhunun güclənməsinə öz müsbət təsirini göstərəcəkdir.