1 İyul 2014 11:55
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlahət Mürşüdlü: "Əməkhaqqımızdan tutulan 2 faiz icmaların fəaliyyətinə yönəldilsin"

Hazırda Təhsil Nazirliyi təhsildə keyfiyyətin artırılması ilə bağlı 18 layihə həyata keçirir, onlardan biri də "Təhsil prosesində məktəb-ailə əməkdaşlığının yolları" adlanır. Nazirliyin şöbə müdiri Anar Mirzəzadənin bildirdiyinə görə, təhsildə keyfiyyətin artırılması ilə bağlı quruma 150-dən artıq təklif gəlib, onlardan 18-i seçilib. Həmin 18 layihə iştirakçısından biri də Azad Müəllimlər Birliyidir (AMB) və bu təşkilat "Təhsil prosesində məktəb-ailə əməkdaşlığının yolları" layihəsini həyata keçirib.

Dünən AMB sözügedən layihənin yekunu ilə bağlı Nəsimi rayonu 240 saylı orta məktəbdə Təhsil Nazirliyi və QHT nümayəndələrinin, pilot məktəblərin rəhbər, müəllim, valideynləri, eləcə də ekspertlərin iştirakı ilə tədbir keçirdi.

AMB-nin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, layihənin məqsədi təhsil sistemində böyük qüvvə olan valideynlərin və icmanın keyfiyyətli təlim-tərbiyə sisteminin qurulmasında etibarlı tərəfdaşa çevrilməsi üçün məktəb-ailə əməkdaşlığının yeni mexanizminin hazırlanmasıdır.

Layihənin yerinə yetirilməsi üçün Bakı şəhərində 1 Məktəb-Lisey Kompleksi,7, 13, 190, 240 və 298 saylı məktəblər pilot olaraq müəyyənləşdirlib.

Valideynlər arasında keçirilmiş sorğunun nəticələrini sosioloq Arzu Rəsul təqdim etdi. Bildirdi ki, işçi qrupu və sosioloqlar tərəfindən 40 maddədən ibarət sorğu-anket hazırlanıb, fevralda pilot məktəblərində valideynlər arasında keçirilmiş sorğuda hər məktəbdən 70 nəfər olmaqla 420 nəfər valideyn iştirak edib. Sorğu iştirakçılarının 88-i faizi qadınlar, o cümlədən 216-sı ali təhsilli olub. Layihənin yekunu olaraq hər məktəbdən bir valideyn və bir müəllim olmaqla işçi qrupu yaradılıb.


Hazırlanan sorğularda bir çox dünya ölkələrinin qabaqcıl təhsil təcrübələrinə, xüsusən qonşu Türkiyənin təhsil sisteminə istinad olunub və Azərbaycan təhsil mühitinə uyğunlaşdırılıb. İşçi qrupu onlayn sistemdə hazırladığı tövsiyə və əsasnamənin müzakirələrini aparıb.

Valideynlər anonim sorğuda da obyektiv olmağa çəkinir

Arzu Rəsul dedi ki, sorğu iştirakçı olan valideynlərin əksəriyyəti məktəblərdəki vəziyyətdən razı qaldıqlarını bildiriblər: "Biz valideynlərdə 5 variantda cavab istədik. Mənfi cavab verənlər azlıq təşkil etdi. Məsələn, valideyn iclaslarının təşkili ilə bağlı çox az qisim valideyn heç razı qalmadığını ifadə edib. Yaxud "məktəbə inam və güvən" və ya "məktəbdə bizi maraqlandıran təkliflər diqqətə alınır" sorğusuna valideynlərin əksəriyyəti "tam razı" cavabını verib".

Bu nüansla əlaqədar Məlahət Mürşüdlü dedi ki, hələ də əksər valideynlər köhnə stereotiplərdən azad ola bilməyiblər: "Təəssüf ki, valideynlər hələ də anonim sorğulardan belə çəkinirlər".

Məktəblərdə valideynlərlə əməkdaşlığa sistemli yanaşma yoxdur

Arzu Rəsul sorğudan irəli gələn nəticələri sadalayaraq dedi ki, valideynlərlə məktəblərin əməkdaşlığı zəifdir, onlar metodik-hüquqi cəhətdən məlumatsızdır, mikroərazidə məktəbin xidmətlərindən istifadə edilmir, valideynlərin məktəblə əməkdaşlığı, qərar qəbuletmə fəallığı yetərincə deyil, məktəblərdə əməkdaşlığa sistemli yanaşma yoxdur, Məktəb-Ailə-İcma əlaqələrinə dair mövcud sənədlərdə (Təhsil qanunu, məktəb nizamnamə və əsasnaməsində və sairdə) hüququ cəhətdən boşluqlar var.

Təlimçi Zemfira Babayeva bildirdi ki, valideyn-məktəb əməkdaşlığının yeni mexanizmi hazırlanıb və Təhsil Nazirliyinə təqdim ediləcək.

Moderator olaraq riyaziyyat müəllimi Hökumə İbrahimli dedi ki, valideynlər arasında sorğu ənənəsinin formalaşmamasının şahidi olub: "Əhalinin yaşam tərzi ilə bağlı evində həftədə bir dəfə sup bişirə bilmədiyini deyən kasıb bir ailənin xanımı dedi ki, onu orta təbəqənin nümayəndəsi kimi qeyd edək".

Etibar Əliyev: "Məktəbin xeyrinə olan məsələlərə önəm verilib"

XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin sözlərinə görə, sorğunun hazırlanmasında daha çox məktəbin xeyrinə olan məsələlərə önəm verilib: "Elə suallar var ki, onların strukturu açılmalıdır. Burada 5 cavab var: tam, çox, orta, az, heç. Valideynlərin əksəriyyətinin cavabı pozitiv göstərilib. Halbuki ictimaiyyət bu gün yaxşı məktəb axtarışındadır, belə çıxır ki, sorğu yalnız ən yaxşı məktəblərdə keçirilib".

7 saylı məktəbdə övladı təhsil alan valideyn Gülcahan Həsənova sorğulara obyektiv cavab verdiyini bildirdilər: "Mənim övladım təhsil alan məktəb çox yüksək səviyyədədir".

Etibar Əliyevin: "Övladınız repititor yanına gedirmi" sualına valideyn "bəli" cavabını verdi. "O zaman məktəbin nəyi yaxşıdır, dövlət o məktəbə nə qədər vəsait ayırıb, məlumatınız varmı" sualına cavabda isə valideyn məktəbin olimpiadalarda qabaqcıl olduğunu və ayrılan vəsaitdən məlumatsız olduğunu bildirdi.

Əməkhaqqının 2 faizi icmalara yönəldilsin

Məlahət Mürşüdlü bildirdi ki, məktəbin yerləşdiyi ərazidə təlim-tərbiyə, insan yetişdirmə mərkəzinə çevrilməsi üçün valideyn-məktəb əməkdaşlığının intensivləşməsində motivasiyaların aparılmasına ehtiyac var: "Biz təklif edirik ki, hər müəllimin əməkhaqqından Həmkarlar Komitəsinə tutulan 3 faiz məbləğin 2 faizi bu icmaların fəaliyyətinə yönəldilsin".

Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə bildirdi ki, gələcəkdə bu tip layihələr genişləndiriləcək: "Təhsil Nazirliyi məktəb icmalarının formalaşması ilə bağlı nümunəvi əsasnamə qəbul etməyi nəzərdə tutur".

Layihə çərçivəsində "Valideynlər üçün yaddaş" kitabçası da hazırlanıb. AMB sədri dedi ki, valideynlərin maariflənməsi üçün hazırlanan bu vəsait yeni dərs ilindən valideynlərə paylanacaq.

Sevil HİLALQIZI


Müəllif: