“Hazırda Azərbaycanda 40 min onkoloji xəstə qeydiyyatdadır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayında artım var: “Əhalinin sayını nəzərə alsaq, başqa ölkələrlə müqayisədə Azərbaycanda bu xəstəliyin aşkarlandığı insanların sayı çox azdır. Son dövrlərdə bu xəstəlikdə az da olsa artım müşahidə olunur”.
Onkoloq qeyd edib ki, Azərbaycanda da kişilər arasında traxeya-bronx-ağciyər xərçəngi, qadınlar arasında isə süd vəzi xərçəngi diaqnozu daha çox qoyulur: “Xərçəng xəstəliyinə əsasən 50 yaşdan yuxarı adamlarda təsadüf olunur. Ancaq cavan yaşlarda da bu xəstəlikdən əziyyət çəkən insanlar var”.
Azad Kərimlinin sözlərinə görə, xərçəng xəstəliyinə uşaqlar arasında da təsadüf olunur: “Uşaqlarda xərçəng xəstəliyi böyüklərdən fərqli olaraq müalicəyə daha çox tabe olur. Onkoloji xəstə uşaqların çoxu sağalır. Qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqlar Milli Onkologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Onkoloji Klinikasında müalicə olunurlar. Klinikada nə dərman, nə avadanlıq, nə də kadr tərəfdən heç bir problem yoxdur.
Əhali arasında xərçəng xəstəliyi kimi adlandırılan onkoloji xəstəliklərlə bağlı böyük xof var. Xərçəng sözündən qorxmaq lazım deyil. Bu xəstəlik birinci, ikinci mərhələdə müalicə olunan xəstəlikdir.
İlhamə ƏBÜLFƏT