“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb.
ASC-dən Teleqraf.com-a verilən məlumata görə, cari ilin oktyabr ayından başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib edilib, 200-dən artıq avtonəqliyyat vasitələrinin sahiblərinə isə bununla bağlı xəbərdarlıq edilib.
DYP əməkdaşları tərəfindən protokollar Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunun 34-1 və İnzibati Xətalar məcəlləsinin 353-cü maddələrinin pozulmasına görə tərtib edilir, bundan sonra normadan artıq yüklərin boşadılması istiqamətində addımlar atılır. Yalnız bundan sonra yük maşınlarının hərəkətlərinə davam etmələrinə icazə verilir.
Normadan artıq yüklənmiş maşınlar avtomobil yollarına və körpülərə ziyan vurmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə mənbəyidir və bu cür hallara qarşı mübarizə tədbirləri “Azəravtoyol” ASC və Baş Dövlət Yol Polisi ilə birlikdə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyul tarixli 303-VQD nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən aparılır.
İlhamə ƏBÜLFƏT