Teleqraf.com Milli Məclisin deputatı Yevda Abramovla müsahibəni təqdim edir.
- Yevda müəllim, Azərbaycanda yaşayan yəhudilərin sayı nə qədərdir?
- Məndə olan məlumata görə, 25 min yəhudi yaşayır. Bu statistikadır. Bunu dövlət adamları səsləndirib və mən onu dəyişə bilmərəm. Normalda 22 və ya 23 min də ola bilər. Nəzərə alın ki, burada yaşayan yəhudilərin çoxunun iki pasportu var, hətta 3 pasportu olan da var. Bu gizli deyil. Buna bəzi dövlət adamları da göz yumur.
- Niyə?
- Çünki bunun Azərbaycana xeyri çox, ziyanı isə azdır.
- Siz pasport məsələsini parlamentdə də qaldırmışdınız, bunun nəticəsi oldu?
- Tamamilə doğrudur. Mən təklif edirdim ki, pasport məsələsində reallıqları nəzərə alaq. Həm də 3 gün məsələsini 9 günə qədər qaldıra bildik. Bunun üçün 9 aya qədər mübarizə apardım.
- Yəhudilər Azərbaycanda hansı fəaliyyətlə məşğul olur?
- İcmalar içərisində yəhudilər Azərbaycan daxilində ən çox assimilyasiya edilən, daha çox azərbaycanlıya oxşayan zümrədir. Həm xarici görünüş baxımından, həm də adət-ənənələri baxımından. Yas və toy adətləri, ailə institutu baxımından yəhudilər azərbaycanlılara daha yaxındır. Əsas məşğuliyyətləri dədə-babadan qalma ticarətdir. Eyni zamanda yəhudilərdən həm gözəl müəllimlər, həm həkimlər, həm də fizika və riyaziyyat sahəsində alimlər olub. Azərbaycan Tibb Universitetinin ilk rektoru yəhudi olub. Eləcə də 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 2 yəhudi deputat olub. Xalq Cümhuriyyətinin səhiyyə naziri postunu da yəhudi millətinin nümayəndəsi tutub.
- Azərbaycanın İsraildə səfirlik açması məsələsi daima müzakirə mövzusudur. Sizcə, niyə İsraildə Azərbaycan səfirlik açmır?
- Əvvəla, mən deputatam və bu məsələ mənim fəaliyyət növümə daxil deyil. İkincisi, cənab prezident deyib ki, Qarabağ məsələsində sülh əldə etməyincə bölgədə maraqları olan dövlətlərlə balanslaşdırılan xarici siyasət kursu yürüdüləcək. Bu sözün mahiyyəti prinsipcə aydındır. Bu bölgə üç böyük dövlətdən - İran, Rusiya və Türkiyədən Azərbaycan Qarabağ probleminin həlli üçün istifadə etməlidir. Və bu gün kimisə özümüzdən küsdürə bilmərik. Bunun zamanı da deyil. Fikrimcə, prezident ağıllı diplomatik siyasət aparır və İsraildə səfirlik açılması məsələsi II mərhələyə saxlanılır. Birinci mərhələdə əsas məsələ Qarabağda sülh əldə etməkdir. Bu səfirlik niyə açılmır suallının fəlsəfəsidir. Yəni səfirlik üçün bina yoxdur, maliyyə çatışmır kimi məsələlər yoxdur.
- Bir azərbaycanlı İsrailə getmək istəyirsə, hansı proseduralardan keçməlidir, sizcə proseduralar asandırmı?
- Burada yaşayan yəhudilərin İsrailə getməsi üçün heç bir çətinlik yoxdur. Digərləri üçün İsrailin Daxili İşlər Nazirliyinin razılıq məktubu olmalıdır. Bu onlayın sistemi üzrə İsrailin Bakıdakı səfirliyinə daxil olmalıdır. İsrailin Daxili İşlər Nazirliyi Bakıdan İsrailə gedən vətəndaşın bu ölkəyə daxil olması üçün icazə verməlidir.
- Reallıq budur ki, çoxlu sayda insan çətinlik çəkir...
- Mən bilirəm ki, bu çətindir. Mənə də müraciətlər edirlər. Sadəcə pasport haqda statistikanı İsrailin Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə göndərmək lazımdır. Əgər bu nazirlikdən səfirliyə sizin 3 ay ərzində İsrailə səfər etməyinizə dair razılıq göndərirlərsə bununla da məsələ bitdi.
- İsraildən Azərbaycana gəlmək çətindir?
- Xeyr, çox asandır. Çünki İsrail vətəndaşı təyyarə əyləşib Bakıya gəlir və bizim aeroportda viza alaraq şəhərə daxil olur.
- İsraildən gələn yəhudi Azərbaycanda neçə gün qala bilər?
- On gün qeydiyyatsız qala bilir. Qeydiyyatdan keçəndən sonra 1 ay qala bilər, əlavə 2 və ya 3 ay qala bilər. Bunun üçün 40 manat ödəmək lazımdır. Məncə, böyük miqdar deyil.
- Son zamanlar bəzi yəhudi iş adamlarına cinayət işi açılır. Söhbət Rusiyadan gedir. Bu nə ilə bağlıdır?
- Onların bəzilərini tanıyıram, çoxu isə mənim şagirdlərim olub. Ancaq Rusiya qanunlarıdır və mən bu qanunlara baş vura bilmərəm. Azərbaycanda yatanda Allaha dua edirik ki, sabaha sağ-salamat yerimizdən duraq. Amerikada, Rusiyada isə insanlar yatanda Allaha dua edirlər ki, vergiyə ilişməsinlər. Vergi verilməlidir. Bu məsələdə fırıldaq işlətmək olmaz. Uzun müddət fırıldaq gələndə sonu yaxşı olmur. Mən Rusiya qanunları haqda danışa bilmərəm. Rusiyanın məhkəmələri var və bu biznesmenləri sadəcə aparıb içəri doldura bilməzlər. Təbii ki, bu istiqamətdə araşdırmalar gedir. Son zamanlar Manaşirovun məhkəməsi gedir. Mən ona dərs demişəm. Ən böyük səs-küylü iş odur. Xodarkovski məsələsi həll edilib. AST Telman İsmayılovla bağlı məqam da həll edilib, biznesmen bankrot elan edilib, əlində olan böyük şirkətlər alınıb. Telmana dərs demişəm. Onunla Qubada yas mərasimlərində görüşmüşəm. Vaxt olub ki, Telman İsmayılov Yevgeni Primakovla Qubada qonaq olub. Həm də cənab prezidentin yanında olub. Bu gün Telman artıq unudulan iş adamıdır. Allah hamıya kömək olsun. Biz başqa ölkələrin qanunlarını müzakirə edə bilmərik.
NEMƏT