Bu gün Azərbaycan Mətbuat Şurasında media nümayəndələrinin İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə və İslam Respublikasının ölkəmizdə səfərdə olan İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadi ilə görüşü keçirilib.
Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu yaxınlığın media sahəsinə daha çox sirayət etməsinin vacibliyindən söz açan MŞ sədri bildirib ki, qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər münbit zəmin var. Ə.Amaşov rəhbərlik etdiyi qurumla İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında bu il noyabrın 9-da imzalanmış memoranduma diqqət çəkib: “Sənədin İranın və Azərbaycanın kütləvi informasiya vasitələri, ümumən hər iki ölkənin media cameəsi arasında münasibətlərin yeni dinamikasını müəyyənləşdirəcəyinə tam əminəm. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir.
Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb”.
Ə.Amaşov islam respublikasına səfərindən məqsədin İran mətbuatı və xəbər agentliklərinin 22-ci beynəlxalq sərgisində iştirak olduğunu xatırladıb, tədbirin yüksək səviyyədə təşkilini isbatlayan məsələləri qeyd edib deputat həmçinin İRNA xəbər agentliyinin icraçı direktoru M.Xoddadini Azərbaycan Mətbuat Şurasının diplomu ilə də təltif edib.
İRNA xəbər agentliyinin icraçı direktoru M.Xoddadi Azərbaycan və İran xalqları arasında tarixi bağlılıq əlaqələrinin yaşadılmasının zəruriliyindən söz açaraq hər iki ölkə mediasının bu istiqamətdəki fəaliyyətini bir qədər də intensivləşdirməsinə ehtiyacın duyulduğunu vurğulayıb. Müasir dövrdə informasiyanın müstəsna mahiyyət daşıdığını bildirən M.Xoddadi digər sahələrdəki inkişafda da informasiya amilinin həllediciliyinə diqqət çəkib.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə media nümayəndələri ilə görüşün Azərbaycanın Milli Dirçəliş Günündə baş tutmasını xoş təsadüf adlandırıb və əlamətdar gün münasibəti ilə toplantı iştirakçılarına təbriklərini çatdırıb. Səfir hər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunudan məmnunluğunu ifadə edib, İranı və Azərbaycanı bir-birinə bağlayan cəhətlərdən söz açaraq ortaq dəyərlər, adət-ənənələr üzərində dayanıb.
Səxavət