27 Dekabr 2014 14:15
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qanun üzərində kişi və qadının hüquqları bərabər olsa da, reallıq bunun əksini göstərir. Dövlət və qeyri-dövlət strukturlarında böyük əksəriyyətin kişilərdən ibarət olması, qadınların yalnız kişilərin nəzarəti altında “müstəqilliyi” ölkədə geder bərabərliyinin hansı səviyyədə olduğunu göstərir.

Demokratik Qadınlar Birliyinin sədri Kəmalə Seyidovanın sözlərinə görə, Azərbaycanda qadınlara hələ 1918-ci ildə ilk Demokratik Azərbaycan Cümhuriyyəti qurulanda seçilmək və seçmək hüququ verilib: “Şərqdə qadınlara kişilərlə eyni hüquq bəxş edən ölkə Azərbaycan olub. Amma cəmiyyətdə dini ənənələrdən gələn müəyyən streotiplər var ki, onlar qadının inkişafına mane olur. Məsələn, bəziləri düşünür ki, qadının vəzifəsi evdə oturmaq, uşaqlara baxmaq və qabları yumaqdır. Bu gün Azərbaycan kişisinin böyük əksəriyyəti qadınlara qarşı, məhz bu fikirdədirlər. Yalnız kişilər yox, hətta bir çox qadınlar da hesab edirlər ki, onlar ictimai işlərdə işləməməlidir, işləri sadəcə təsərrüfat ilə məşğul olmaqdır, siyasət barəsində isə heç bir söhbət ola bilməz. İnsanların bir-birinə olan belə münasibəti isə cəmiyyətdə gender (kişi-qadın bərabərliyi) balansının pozulmasına gətirib çıxarır. Bu problem dünyanın əksər ölkələrində mövcud olmasına baxmayaraq, Azərbaycanda daha qabarıq nəzərə çarpır. Ona görə ki, bu gün ölkəmizdə dövlət idarəetməsində, siyasi arenada, eləcə də güc orqanlarında qadınlar demək olar ki, yoxdur. Yaxud da 2-3 faiz təşkil edir”.

Kəmalə Seyidova hesab edir ki, cəmiyyətdə qadın-kişi bərabərliyinin pozulması insanlar arasında davranışın düzgün formalaşmamasına təsir edir. Bu, həmçinin qadın hüquqlarının pozulması deməkdir. Belə olan təqdirdə sual ortaya çıxır. Hansı səbəblərə görə, gender bərabərliyini pozuruq, qadınların cəmiyyətin fəal üzvü olmalarına nə mane olur?

Əvvəlcə deyə bilərik ki, siyasi strukturlarda kişilərin dominant rolunu oynamaqları, qərarların qəbul olunmasında rolların bölünməsi zamanı üstüörtülü ayrıseçkiliyin mövcudluğu, eləcə də ictimaiyyətin aşağı səviyyəli gender idrakı ictimai və siyasi həyatda qadınların rolunun artırılmasına mane olan əsas faktorlardır. Azərbaycanın da ictimai-siyasi həyatında mövcud olan gender bərabərsizliyi demokratik transformasiya yolunda mühüm maneələrdən biridir. 1995-ci ildə Azərbaycan BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasını (CEDAW), 2001-ci ildə isə həmin sənədə aid Fakültativ protokolu ratifikasiya etmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə bütün dövlət strukturlarında qadınların kişilərlə eyni səviyyədə təmsil olunmasını təmin edir. Beləliklə, Azərbaycanın ictimai-siyasi həyatında qadınlar barəsindəki hər bir ayrıseçkilik qanun səviyyəsində qadağandır.

Kiçik bir müqayisə edək, 1992-ci ildə Milli Məclisdə qadın deputatların sayı 40 faizə bərabər olmuşdursa, hazırda cəmi 11,2 faizdir. Ölkə Parlamentinə son seçki kampaniyası zamanı qeydiyyat üçün sənədlərini təqdim edən deputatlığa namizədlərdən isə 2004 nəfəri (90,03%) kişi, 223 nəfəri (9,97%) isə qadındır. Bu qədər aşağı səviyyəli siyasi aktivlik cəmiyyətin hələ də qanunverici orqanlarda qadınların tamhüquqlu iştirakına hazır olmadığını göstərir. Milli gender hesabatının məlumatlarına görə respondentlərin 72,8 faizi siyasətin “kişi işi” olduğunu hesab edirlər”.

Ekspertin sözlərinə görə, inzibati idarəetmədə, demək olar ki, qadınlar yoxdur: “Məsələn, hazırda heç bir icra başçısı qadın deyil, icra nümayəndələrinin də əksəriyyəti kişilərdir. Bunlar həm cəmiyyətin, həm də idarəetmənin problemidir ki, biz qadınları daha çox təhsildə və səhiyyədə görə bilirik. Polis şöbələrində qadın işçilər çox az saydadır. Sadəcə pasport şöbələrində və s. müəyyən rütbəli qadınlar olur. Amma qonşu Rusiyada və Avropa ölkələrində tam yarı-yarıya olmasa da, böyük qisimdə qadınlar da inzibati işlərə və idarəetmə sistemlərinə cəlb olunublar. Vəziyyətin belə olması əslində həmin sistemlərdə insan münasibətləri baxımından məncə zəruridir. Çünki, tamamən kiєi olan bir yerdə insanların mentaliteti başqa cür formalaşır. Amma istənilən idarədə kiєilərlə bərabər qadınlar da olsa, oradakı davranışlar ən azından milli –mənəvi dəyərlər baxımından düzgün formalaşacaq”.

Kəmalə Seyidova sonda onu da bildirdi ki, Azərbaycanda gender bərabərliyi sadəcə kağız üzərindədir.


Müəllif:

Oxşar xəbərlər