6 Yanvar 2017 12:51
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən təmsil olunduğum partiyadan istefa verməmişəm. Bilmirəm bu informasiyanı kim və hansı məqsədlə yayıb. Sadəcə olaraq, parlamentdə bir neçə fraksiya yaranıb. Mən Milli Hərəkat Partiyasının parlamentdə olan bir fraksiyasından digərinə keçmişəm. Üstəlik fraksiyaya keçəndə avtomatik olaraq partiyanın Siyasi Şurasının üzvü olmaqdan çıxırsan. Hesab edirəm ki, bunu bilərəkdən şişirdirlər. Mənim Milli Hərəkat Partiyasını tərk etmək fikrim yoxdur və hazırda bu partiyanın üzvü olaraq qalıram, işlərimizi davam etdiririk”.

Bunu Teleqraf.com-a Gürcüstanda müxalifətdə olan Milli Hərəkat Partiyasının üzvü, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib.

“Mən millət vəkiliyəm və Gürcüstanda siyasi fəaliyyətimi davam etdirirəm. Hələlik ciddi problemimiz yoxdur, müxalifətdə olanlar yaşayırlar. Bizə də bir şey olsa, birinci jurnalistlər biləcək”, - Süleymanov əlavə edib.

Gürcüstandakı siyasi mühit haqqında danışan deputat deyib ki, hazırda ölkədə yeni il atmosferi davam edir: “Bayram ab-havası davam edir. Ancaq ümumi siyasi vəziyyət ağırlaşır. Gürcüstan milli valyutası günü-gündən dəyərini itirir. Bu gün artıq 100 dollar 278 lariyə qədər qalxıb. Üstəlik insanlar günü-gündən iş yerlərini itirir. Gürcüstanın gələcəyi bundan ibarətdir, insanların çoxu ümidini itirir. Dövlətdə iqtisadi böhran yaranıb, iş yerləri bağlanır, insanlar iş tapa bilmirlər. Hətta çox insanlar ola bilsin ki, yeni ildə evlərində qazan belə asa bilməyib. Sevindirici bir hal yoxdur və iqtisadi böhran davam edir”.

Milli Hərəkat Partiyasının lideri haqda danışan Azər Süleymanov bildirib ki, Mixail Saakaşvili artıq Ukrayna vətəndaşıdır və bu ölkədə müxalifətə keçib: “Saakaşvili Ukraynada özünə partiya yaradıb, siyasi fəaliyyətini orada davam etdirir. Biz isə Gürcüstan vətəndaşıyıq. Əlbəttə, Saakaşvilinin Gürcüstanda güclü siyasi komandası var. Yanvarın 20-də Milli Hərəkat Partiyasının qurultayı keçiriləcək. Qurultayda Siyasi Şura yenidən seçiləcək, müəyyən qərarlar veriləcək. Partiya yenidən təzələnəcək, təşkilatın ətrafında yeni qüvvələr toparlanacaq. Gürcüstanı xilas edəcək qüvvə hazırda Saakaşvilinin komandasıdır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər