Azərbaycanın tanınmış jurnalisti, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədlinin bu gün 75 yaşı tamam olur.
O, 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.
C.Məmmədli fakültədə baş müəllim, dosent vəzifələrində çalışıb, 1993-2005-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının, 2005-ci ildən 2016-cı ilə qədər Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışıb. Ötən ildən isə fakültənin dekanıdır. Filologiya elmləri doktoru, professordur.
Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, görkəmli elm xadimi C.Məmmədli uzun illər elmin və təhsilin tərəqqisinə çalışıb. Bu il həm də onun elmi-pedoqoji fəaliyyətinin də 50 ili tamam olur.
Cahangir Məmmədli 50 illik elmi-pedoqoji fəaliyyətində mətbuat tarixi, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemləri ilə məşğul olub, jurnalistika məsələlərinə dair tədqiqat əsərlərinin, çoxsaylı məqalələrin müəllifi kimi tanınıb. O, müasir Azərbaycan peşəkar jurnalistikası konsepsiyasının əsaslarının formalaşdırılmasında, bununla da bu elmin inkişafında və böyük bir jurnalist nəslinin yetişməsində müstəsna xidmətlər göstərib.
Bu vaxta qədər 500-dən çox elmi, publisistik yazısı dərc olunan C.Məmmədli ədəbi tənqid və jurnalistikaya dair 10 kitabın müəllifidir.
Görkəmli jurnalist Bakı Dövlət Universitetində "İlin müəllimi", "İlin kafedra müdiri" nominasiyasının qalibi olub. İki dəfə Təhsil Nazirliyinin, üç dəfə Bakı Dövlət Universitetinin Fəxri Fərmanlarına layiq görülüb. Mətbuat Şurasının "Ali Media" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin "Zərdabi" mükafatı, "Fəlsəfə dünyası" Araşdırma Mərkəzinin diplomçusudur. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.
C.Məmmədli 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədridir. 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub.
Teleqraf.com olaraq biz də Cahangir Məmmədlini təbrik edir, ona elmi-pedoqoji fəaliyyətində uğurlar arzulayırıq.