7 Fevral 2017 12:19
2 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın sonlarında “Rossiya 1” telekanalında sensasion sayıla biləcək hadisə baş verdi. Sovet ordusunun aviasiya marşalı Sergey Xudyakova (gerçək adı Armenak Xanferyants) həsr olunmuş “Marşal Xudyakovun ikili həyatı” adlı sənədli filmdə Rusiya teleməkanında ilk dəfə olaraq 1918-ci il martında müsəlman əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədildiyi bildirilib. Filmdə tarixçi Aleksey Bezuqolnının obyektiv fikirlərinə geniş yer ayrılıb.

Bakı 1918-ci ildə böyük dəyişiklik ərəfəsində idi

Filmdə 1918-ci ildə Bakının sosial-iqtisadi həyatı, mart qırğınları ərəfəsindəki ictimai-siyasi vəziyyətlə, qırğınlara rəhbərlik etmiş Stepan Şaumyanla bağlı nadir kadrlar nümayiş etdirilir. Bildirilir ki, Birinci dünya müharibəsinin sonuna yaxın Bakıda ən müxtəlif xalqların təlatümlü coşqusu var – azərbaycanlılar, erməni, ruslar, çoxlu ingilislər, fransızlar var, hətta almanlara da rast gəlinir: “Birinci dünya müharibəsi ilə əlaqədar olaraq neftin qiyməti bir neçə dəfə aşağı düşüb. Ancaq şəhərə pul axını yenə də davam edir. Bu isə o deməkdir ki, imperiyanın neft paytaxtında – Bakıda iş var. 1918-ci ildə Bakıda artıq həyəcan var idi, şəhər qaynayırdı və böyük dəyişiklik ərəfəsində idi. Şəhərdə ancaq Rusiyada mərkəzi hakimiyyətin yıxılması və hansısa bolşeviklərin iqtidara gəlməsi barədə danışırdılar. Bakıda isə bolşeviklərin tərəfdarları Stepan Şaumyanın rəhbərliyi ilə baş qaldırırlar. Düzdür, həmin vaxt onların şansı yüksək qiymətləndirilmirdi”.

Tarixçi Aleksey Bezuqolnı: “Tamamilə obyektiv olaraq 1917-ci ilin noyabrında Müəssislər Məclisinə keçirilən seçkilərin nəticələrini söyləmək istəyirəm. Əsasən, gürcüləri təmsil edən menşeviklər 11, Müsavat Partiyası 10, Daşnaksütyun Partiyası 9, bir neçə kiçik partiya 3, bolşeviklər isə cəmi bir yer əldə etdilər. Bu da Stepan Şaumyan idi. Bu, həmin vaxt bolşeviklərin gücünün nə dərəcədə olduğunu və nəyə iddia edə biləcəklərini aydın nümayiş etdirir”.

Bolşeviklər rəqibləri ilə taktiki oyun oynayırlar

Filmdə bildirilir ki, ancaq bolşeviklər rəqibləri ilə oynamaq qərarına gəlirlər: “Tezliklə bu, taktiki oyun olur. Əvvəlcə Bakı Sovetinə keçirilən seçkilərdə tamamilə təsadüfi və siyasətdən uzaq adamların – neft sənayesi işçilərinin namizədliyini irəli sürürlər. İkincisi, Daşnaksütyun Partiyasından olan erməni radikallarla birgə fəaliyyətə dair razılıq əldə edirlər. Sonuncunun necə böyük gücə malik olduğunu bilmək üçün Bakının həmin günlərdə müharibədən qayıtmış döyüşçülərlə dolu olduğunu söyləmək kifayətdir. Bunlar da əsasən, erməni polkları idi. 1918-ci ilin qışın sonunda Bakıda gərginlik özünün pik nöqtəsinə çatır”.

Şəhər cəbhədən qayıdanlarla çalxalanırdı

Aleksey Bezuqolnı: “Bakı bolşeviklərinin tərkibi əsasən ermənilərdən, bir qədər də ruslardan, yəhudilərdən ibarət idi. Bir neçə nəfər də azərbaycanlı var idi”.

Aparıcı isə bildirir: “Bura komissarların (Bakı komissarları, yaxud “26”lar nəzərdə tutulur – S.Həmid) erməni daşnakları ilə ittifaqını da əlavə edin. Sonuncu təkcə həmin dövrün monoetnik, ifrat radikal baxışlara malik siyasi partiyası deyildi. Həm də hərbi dəstələrə malik idi – hansı ki, həmin günlərdə şəhərdə “erməni təmizləməsi” törətdilər. Şəhər cəbhədən qayıdanlarla çalxalanırdı. Bakı komissarları bu fonda qırğınlara başlamaqdan yaxşı bir şey fikirləşmirlər. Düzdür, onlar bu qırğınları hamıya qarşı deyil, iki müsəlman polkuna qarşı düşünürdülər”.

Aleksey Bezuqolnı: “Onlar müsəlmanlar yaşayan məhəllələrdə sərt cəza tədbirlərinə başladılar. Bolşeviklər daşnak dəstələrini təkcə qırğınların törədilməsinə sövq etmədilər. Onlar artıq bunu saxlaya bilmirdilər”.

“Həştərxan bolşevikləri Bakıdakı qırğınların miqyasından şoka düşmüşdülər”

Faciə, onun baş verməsini ən çox arzulayanların (bolşeviklərn və daşnakların-S.Həmid) istədiyindən də geniş miqyas alır: “Şaumyan özünə bəraət qazandırmağa çalışır. Ölənlərin siyahısını azaltmağa çalışır, baş verənləri inqilabın qaçılmaz itkiləri adlandırır”.

Картинки по запросу mart soyqirimi
Aleksey Bezuqolnı: “Həştərxan bolşevikləri Bakıda baş verənlərin miqyasından şoka düşmüşdülər. Məsələn, Bakı bolşeviklərinin Həştərxandakı nümayəndəsi Ter-Qabrielyan bildirirdi ki, bura gələn qaçqınlardan heç biri Bakıda vətəndaş müharibəsinin getdiyini demir. Hamı deyir ki, Bakıda etnik qırğın gedir və ermənilər onlara zülm edir”.

Aparıcı qeyd edir ki, bir neçə aydan sonra qüvvələr nisbəti dəyişir: “Ancaq bu, sonra baş verir. Hələlik Bakı komissarları öz nüfuz dairələrini genişləndirməyə çalışır və Tiflis istiqamətində hücuma keçməyə hazırlaşırlar. Onların öz gücləri çox deyil, ancaq Qriqori Petrovun Çaritsından (indiki Volqoqrad-S.Həmid) gətirilmiş, pis idarə olunan və böyük olmayan dəstəsi var. Ona görə də əsas zərbə gücü əvvəlki kimi qalır”.

Aleksey Bezuqolnı: “Təmizləmə aparanların böyük hissəsi erməni hərbi hissəsi idi. Hansı ki, artıq bütünlüklə Qırmızı Ordunun tərkibinə daxil olmuşdular. Müxtəlif qiymətləndirmələrə görə – ancaq bu qiymətləndirmə saysız-hesabsızdır və müxtəlif tərəfləri əhatə edir – həmin vaxt Qırmızı Ordunun 80-95 faizi erməni millətindən olan hərbçilərdən ibarət idi”.

Eyforiya Göyçayda başa çatır

Aparıcı bildirir ki, əvvəlcə hər şey uğurla gedir: “Ancaq Gəncəyə yetişənə yaxın eyforiya başa çatır. Göyçay qəzasında iki türk diviziyası (“Türk nizami ordusu və Azərbaycan könüllülərindən yaradılan “Qafqaz İslam Ordusu” nəzərdə tutulur - S.Həmid) onları sarsıdıcı məğlubiyyətə uğradır. Qırmızı döyüşçülər arasında çaxnaşma başlayır. Bütün alay silahı atır və Bakıya qaçır. Bu, bolşeviklər üçün ancaq onların hakimiyyətinin başa çatdığı demək idi”.

Aleksey Bezuqolnı: “Heç kim qoşunu saxlamaq iqtidarında deyildi. Öz əsgərlərini saxlaya bilməyən komandirlər ümidsiz idilər və hamı başını götürüb qaçmağa başladı”.

Filmi səsləndirən bildirir ki, əsgərlər arasında vahiməli vəziyyət Bakıda da davam edir: “Həmin günlərdə Bakının əsas əlamətləri əsgərlər arasında vəlvələnin olması, azğın sərxoşluq, artıq ingilislərin şəhərə yaxınlaşmaslı barədə məlumatlar idi”.

31 iyul 1918-ci ildə Bakıda məhşər gününü görmək olardı

Aparıcı: “Bakı bolşeviklərinin – hansı ki, az sonra tarixə 26 Bakı komissarı kimi düşürlər – faciəli finalı sovet hakimiyyətinin ilk ilinin ən dolaşıq və mifologiyalaşmış səhifələrindən biridir. Göyçay döyüşündən sonra şəhərdə anti-bolşevik əhval-ruhiyyəsi güclənir. Çoxları ingilisləri qarşılamağa hazırlaşır və bu məsələdə əsas aktivliyi bolşeviklərin az öncəki müttəfiqləri – yerli daşnaklar nümayiş etdirirlər. 31 iyul 1918-ci ildə Bakıda gəmilərin yan aldığı yerlərin birində məhşər gününü müşahidə etmək olardı. Elə indicə məlum olmuşdu ki, bolşeviklərin səlahiyyətləri əllərindən alınıb və onlar təcili şəkildə Həştərxana evakuasiya olunurlar”.

Aleksey Bezuqolnı: “Qırmızı Ordu özünə güclü zərbə dəydiyini hiss edən kimi erməni hərbçilər özlərinə digər hami axtarmağa başladılar. Nəhayət, iyulun 30-da daşnakların bir hissəsi ingilislərin Bakıya dəvətinə razı olduqlarını bildirdilər. Bundan dərhal sonra bolşeviklər səlahiyyətlərini təhvil verməyə məcbur oldular. Şaumyan Leninə teleqram yazaraq daşnakların onlara qarşı açıq-aşkar satqınlıq etdiyini bildirdi. Daşnaklar artıq onların müttəfiqi deyildi”.

Filmdə bildirilir ki, komissarları “Türkmən” gəmisinə doldururlar: “Gəmi Həştərxan istiqamətində yola düşür. Ancaq məlum olduğu kimi “Türkmən”in komandasının qaldırdığı qiyam planın pozulmasına səbəb olur və gəmi Krasnovodska yön alır. Bu anadək gəminin üst hissəsində aparılan komissarlar aşağı hissəyə köçürülürlər və onlar gəmidəki qaçqın kütləsi ilə qarışıq düşməyə cəhd göstərirlər. Anastas Mikoyanın yazdığı sənədlərdən məlum olur ki, onlar daha əvvəl xilas olublar”.

Aleksey Bezuqolnı: “Bu hadisələrlə bağlı Anastas Mikoyanın xatirələri daha genişdir. O bu hadisəni bolşeviklərə qarşı birbaşa xəyanət aktı adlandırır və yazır ki, “Türkmən” gəmisində olan erməni əsgərlər Bakı Komunnasının bir çoxlarını üzdən tanıyırlar”.

Komissarlar güllələnməyib, şaqqalanıblar

Filmin müəllifi qeyd edir ki, bundan sonra baş verən hadisələr eyniadlı sovet filmindən yaxşı məlumdur: “Bir neçə detalı çıxmaq bütün fabula düzgündür. Hesab olunur ki, bəhs edildiyi kimi güllələnmə olmayıb. Komissarlar və bir neçə tamamilə təsadüfi adam eser Fyodr Funtikovun başçılığı ilə Sentrokaspi Diktaturası liderlərinin fərmanı əsasında şaqqalanırlar. Komissarları “türkmən” ləqəbli şəxslər qətlə yetirirlər. Sovet kolonial versiyasına görə komissrların qətlinin arxasında ingilislər dayanırdı. Ancaq bununla bağlı sübutlar yoxdur.

Yeri gəlmişkən, həmin vaxt möcüzə nəticəsində xilas olmuş Anastas Mikoyan daha sonra daşnakların satqınlığını xatırlayırdı. Budur, 1937-ci ilə adi maraqlı sənəd: “Yoldaş Stalinə. Yoldaş Stalin, Yoldaş Mikoyan Ermənistanı antisovet elementlərdən tamamilə təmizləmək məqsədilə daşnaklardan və digər antisovet elementlərdən daha 700 nəfəri güllələməyə icazə verilməsini xahiş edir. Xalq daxili işlər komissarı, Dövlət Təhlükəsizliyi üzrə baş komissar Yejov”.

Sənədin aşağı hissəsində isə Molotov, Kaqanoviç və Kalinin isə 1500 nəfərin güllələnməsini təklif edirlər. Bildirilir ki, əvvəl təsdiqlənmiş rəqəm cəmi 2000 nəfər idi. Stalin sənədə dərkənar qoyur: “Za”.

Çingiz Abdullayev: “Hamımız şokda idik”

“Rossiya 1”də efirə gedən filmlə bağlı fikirlərini bölüşən Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev filmə Azərbaycan cəmiyyətində olan laqeyd münasibətdən gileylənib: “Hərdən özümə bəzi müşahidələr aparmaq imkanı yaradıram. Hansı ki, onları bizim jurnalistlər, təbliğatçılar, “vətənpərvərlər” görmək, yaxud şərh etmək istəmirlər. Rusiya telekanalında nümayiş olunan marşal Xudyakov haqqında filmin təkrar nümayişinə baxmaq üçün məxsusi olaraq bir neçə dostuma zəng etdim. Hamı şokda idi. Rusiya televiziyasında İLK DƏFƏ bildirildi ki, 1918-ci ilin martında Bakıda törədilən qırğınlar azərbaycanlılara qarşı yönəlmişdi! Mən bunu öz ailəmizin tarixindən bilirəm: o zaman daşnak dəstələri Bakının mərkəzindən hücuma keçəndə mənim bakılı babam və nənəm Dəvəçidən (indiki Şabran rayonu - S.Həmid) baş götürüb qaçmışdılar”.

Ç.Abdullayev daha sonra deyib: “Nəyə görə bu filmi bizim TV kanallarımız göstərmir? Niyə heç bir kanal onu dublyaj etmir? Axı Xudyakov bu qırğınlarda iştirak edib və buna görə də soyadını dəyişdirib. Hətta onun oğlu da bu barədə bilməyib. Sergey Xudyakov adlı komandir barədə məlumatı isə – hansı ki, guya Armenak Xanferyants onun adı-soyadını götürüb – heç kim və heç harda tapa bilmir. Nəyə görə bu filmi almırıq, onu bir neçə dilə dublyaj etmirik?”

Tanınmış yazıçı Rusiya televiziyalarının heç də hər zaman bu cür film nümayiş etdirmədiklərini və bu cür düzgün danışmadıqlarını vurğulayıb: “Baxın və dinləyin! Sonra isə özünüz nəticə çıxarın!”

P.S. Qeyd edək ki, sənədli film bütövlükdə 43 dəqiqə 3 saniyədir. Moskvada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov onun Bakı qırğınlarına, eləcə də 1918-ci ildə Bakıda və Azərbaycanın digər yerlərində cərəyan edən hadisələrə həsr olunmuş hissələrini montaj edərək özünün “Youtube” kanalına yerləşdirib. Filmin özü isə “Youtube” video hostinqinə 5 iyul 2015-ci ildə yüklənib.

P.P.S. Armenak Xanferyans 1902-ci ildə Yelizavetpol quberniyasının Şuşa qəzasında doğulub. Yeniyetməlik dövründə Bakıya gəlib və burda daşnaklara qoşulub, 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər yerlərində azərbaycanlı əhaliyə qarşı törədilən qırğınlarda iştirak edib. Bakı Kommunasının süqutundan sonra qırğınlarda iştirakını, daşnak olduğunu gizlətmək üçün ad-soyadını dəyişərək Sergey Xudyakov olub. Qırmızı Ordu sıralarına daxil olub, Rusiyada vətəndaş müharibəsində iştirak edib. Sovet İttifaqı aviasiya marşalı, general-polkovnik rütbəsinədək yüksəlməyi bacarıb. 1945-ci ildə həbs olunub, 1950-ci ildə güllələnib.

A.Xanferyants-S.Xudyakovun Bakı qırğınlarında iştirakı, sonradan ad-soyadını dəyişdirərək Qırmızı Orduya daxil olması və marşal rütbəsinə kimi irəliləməsinə dair araşdırma yazısı yaxın günlərdə saytımızda dərc olunacaq.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər