10 Fevral 2017 13:04
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov işğal olunmuş ərazilərə qanunsuz səfərlər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ç.Əsgərov bu gün Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində çıxışı zamanı Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasının əhəmiyyətli hadisə olduğunu deyib: “Bəzən deyirlər ki, onun Azərbaycana gətirilməsi o qədər də əhəmiyyətli deyil. Bu, yanlış yanaşmadır. Biz həyata keçirdiyimiz iş qanun çərçivəsindədir. Bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.


Ç.Əsgərov xatırladıb ki, Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib: “Bu, hələ də davam edir. Orada Ermənistan tərəfindən dəvət edilən şirkətlər iş aparırlar. Azərbaycana məxsus tarixi abidələrdə dəyişiklik edilir. Ermənilər Dağlıq Qarabağdan iqtisadi sahədə də istifadə edirlər, orada istehsal olunan malları öz malları kimi təqdim edirlər. Bu, cinayətdir. Ona görə də bu cinayətlərin qarşısı alınmalıdır”.

PA rəsmisi əlavə edib ki, ötən ilin aprel döyüşləri ilə bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib.

Cavad


Müəllif: