“Muzeydə bir gün” layihəsi çərçivəsində yolumuzu Milli Azərbaycan Tarixi Muzeyinə saldıq. Fotoqraf Elçin Murad muzeydə gördüklərimizi çəkdi, mən isə görüb eşitdiklərimi qələmə alacam.
Sözün doğrusu, layihə çərçivəsində olduğumuz üç ünvanda - Azərbaycan İstiqlal, Teatr və Milli İncəsənət muzeylərində qarşılaşmadığımız bir nüans ikimizi də təəccübləndirdi. Bu muzeydə baxilsiz gəzintiyə icazə verilmir. İçəri daxil olan hər kəs ayaqlarına baxil geyinib, üst geyimlərini qardiroba verib, sonra içəri keçməlidir.
Muzeyə gəlib, foto çəkmək istəsəniz, bilin ki, bu, pulludur (reportaj hazırlayacağımız üçün bizə havayı başa gəldi). Telefonla çəkiliş isə ümumiyyətlə qadağandır. Məktub vasitəsilə muzey rəhbərliyindən reportaj üçün razılıq almışdıq deyə, biz rahatca zala doğru irəliləyirdik ki, bələdçi xanım gəlib çıxdı.
Tanış olduq və Qənirə xanım Qafarlı ilə azı iki saatlıq muzey yolçuluğumuz başladı.
Binada Tağıyev yaşayırmış
Muzeyin yerləşdiyi bina vaxtilə Hacı Zeynalabdin Tağıyevin sarayı olub. 1895-1901-ci illərdə Bakı şəhərinin baş memarı İosif Qoslavskinin layihəsi əsasında tikilib. Bina üç mərtəbədən, 101 otaqdan ibarətdir. Birinci mərtəbədə Tağıyevin mağaza-kontorları, bəzi deyimlərə görə isə hətta “Kaspi” qəzetinin mətbəəsi yerləşirmiş, ikinci mərtəbədə milyonçunun ailəsiylə yaşadığı evi, üçüncü mərtəbədə isə ehtimallara görə, köməkçiləri yaşayıb.
1920-ci ildə Azərbaycanda hakimiyyəti qəsb eləmiş bolşeviklər Tağıyevin əmlakını əlindən alır. Bir müddət sonra bura çoxprofilli muzey olur, 1936-ci ildən sonra isə Tarix Muzeyi kimi fəaliyyətə başlayır.
Birinci mərtəbədə Azərbaycan tarixinin ən qədim dövrlərindən Nadir şahın ölümünə qədər, ikinci mərtəbədə xanlıqlar zamanından 1920-ci ilə qədərki dövrü əhatə edən eksponatlar yer alır. Eyni zamanda Xocalı, Qarabağ müharibəsinə aid zallar və Tağıyevin xatirəsinə həsr olunmuş xatirə muzeyi, üçüncü mərtəbədə isə muzeyin fondları yerləşir.
Bələdçi xanım muzeyin ilk eksponatı kimi - Azərbaycanın kosmosdan görünüş xəritəsini təqdim edir. Bir az irəlidə vitrinə yaxınlaşıb, muzeyin ən qədim eksponatı olan daşlaşmış ağacla qarşılaşırıq. Şamaxıda Maykop çöküntüləri nəticəsində tapılan bu eksponatın təqribən 25-35 milyon il yaşı var.
Arxada Binəqədi Qır gölü təsvir edilir. 1938-ci ildə geoloq Məstanzadənin bu göldə aşkar etdiyi 263 növ qədim flora və fauna qalıqlarından bir neçəsi vitrində nümayiş olunur. Məsələn, 180-70 min yaşlı kərgədan və vəhşi at kəllələri...
Məşhur azıxantrop qadını
Azərbaycan tarixindən danışanda ilk yada nə düşür? Əlbəttə, Azıx mağarası...Vitrində diqqəti çəkən eksponat bu mağaranın təsviridir.
Mağaranın girişinin təsviri və bu fonda yerləşdirilən qadın heykəlinin çənə hissəsində, o mağaradan tapılan 350-400 min il əvvəl yaşamış 18-20 yaşlı qadına məxsus alt çənə sümüyü parçasının mulyajı qoyulub. Onun əsli isə muzeyin xüsusi fondunda saxlanılır.
Bu tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilib.
Arvad ərindən ayrı düşməz, heç qəbirdə də...
Muzeydə müxtəlif qəbirlərdə basdırılmş insan sümükləri ilə rastlaşa bilərsiniz. Qırmızı oxra adlanan eksponatla vaxtilə ölüləri boyayarmışlar. Məqsəd ölülərin o dünyada əbədiyyətə qovuşması idi. Ölülərin yanında isə mütləq onların əşyaları, təmsil etdiyi cinsin məşğuliyyət alətləri və hətta tısbağa da qoyarmışlar.
Ehtimal olunur ki, o dövrün insanları çox yaşamırdılar. Hətta qadınlar otuz yaşa çatırdılarsa, bu, onlar üçün böyük rəqəm hesab olunurdu. Tısbağa isə uzunömürlülük rəmzidir, nə qədər desən yaşayır.
Tısbağının ölülərlə birgə basdırılması mərhumun o dünyada çox yaşaya bilməsi anlamında idi. Katakomba qəbirlərdə bir neçə ölü birgə, bəzi qəbirlərdə isə ər-arvad basdırılırdı. Kişi dünyasını dəyişəndə sevdiyi qadınını da onunla birgə qəbirə qoyardılar.
İzi-tozu qalmayan Manna
Maraqlısı odur ki, muzeydə Azərbaycanın ən qədim dövləti olan Mannaya aid heç bir eksponata rast gəlmədik. Bələdçi xanım bunu etiraf etdi və bildirdi: “Amma skiflərə aid bir çox eksponatlarımız var”.
Fotolarımızı incələyəndə qarşınıza çıxacaq başsız-qolsuz, ayaqları bitişik, yarıoturulu vəziyyətdə gil qadın fiquru barədə də bir neçə sətir yazmaq istəyirəm.
Qazax rayonundakı Qarğalartəpəsi abidəsindən tapılmış bu fiqur alimlərin fikrincə, dövrün incəsənət məhsulu olub. Heykəlciyin boyun hissəsindəki dalğavari xətlərin isə mənası var. Bu əsər saçlarını açıb-tökərək yağışın yağması üçün müsəllaya çıxan qadını əks etdirir.
Zəhəri aşkarlayan möcuzəli qab
Təəccübümüzə səbəb olan çox ekstravaqant eksponat selodon qab oldu. Güman etmək olar ki, öz dövründə də bu qab nadir əşya imiş. Selodon zəhəri “həssaslıqla” hiss edir. Daha çox hökmdar və şahların işinə yarayırmış. Bu əvəzolunmaz qab yeməyin tərkibində zəhər varsa, rəngini dəyişirmiş.
Ayaqqabı formalı gil qabın da bir başqa dramatik tarixçəsi var. Tədqiqatçıların bu cür qabları əsasən qəbirlərdən aşkar etməsi belə təəssürat yaradır ki, o, dəfn ayininin tərkib hissəsiymiş və ölünü “o biri dünyaya” yola salmaq və ona “yaxşı yol” arzulamaq məqsədi daşıyırmış.
Cavad xanın bunçuğu, İbrahimxəlil xanın şeşpəri
Muzeyin ikinci mərtəbəsində də maraqlı eksponatlarla qarşılaşmaq mümkündür. Xanlıqlar dövrünü əhatə edən geniş, iri zalda vaxtilə Tağıyev qonaqlarını qəbul edərmiş.
Zalın üst hissəsində Bakı, Gəncə, İrəvan, Təbriz xanlıqlarını bayraqları, aşağıda vitrinlərdə hər bir xanlığa aid ekponatlar cəmlənir. Bir haşiyə çıxaraq qeyd edim ki, sözügedən bayraqların əsli fondda saxlanılır. Vitrinlərin birində təqdim olunan Şirvan xanı Mustafa xanın arvadına məxsus örpək zərifliyi və şux rəngi ilə seçilir.
Azərbaycan xanlıqlarının əsas şəhərlərinin - Təbriz, Ərdəbil, Şuşa, Abbasabad, Bakı və Gəncənin qala qapılarının açarları, xanlıqlara məxsus bayraqların ucluqları və zərb edilən sikkələr də nümayiş edilir. Zalın çıxışından sağ tərəfdə qarabağlı Pənahəli xanın və qubalı Fətəli xanın mərmər başdaşıları qoyulub.
Nümayiş olunan bunçuq gəncəli Cavad xana, şeşpər isə şuşalı İbrahimxəlil xana məxsusdur. Zalın mərkəzindəki şüşə ilə örtülmüş podiumda qoyulan rus top mərmiləri Gəncə qalasının müdafiəçilərinə qarşı tətbiq edilib.
Rəsulzadənin öz əlləri ilə tikdiyi bayraq
Ən sonda Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan 18 şöbədən ibarət zala daxil oluruq. Bizi Məhəmməd Əmin Rəsulzadənin səsi salamlayır. Məşhur çıxışından bir parçanı dinləyə-dinləyə vaxtilə öz əlləri ilə tikdiyi üçrəngli Azərbaycan bayrağına baxırıq. Rəsulzadə bayrağı mühacirətdə olarkən həyat yoldaşı ilə birgə tikib. Bayrağı isə muzeyə Rəsulzadənin mühacirət yoldaşlarından biri təqdim edib.
Tarixi dövrə ekskursiyanı burda bitirib Qənirə xanımla Hacı Zeynalabdin Tağıyevin muzeyinə doğru irəlilədik.
Amma o muzey haqda ayrıca yazımızı növbəti günlərdə təqdim edəcəyik. İndisə yazını burda nöqtələyib, fotolara keçid almaq istəyirəm.
Nərmin Muradova
Fotolar Elçin Murad