14 Fevral 2017 17:58
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstənilən hərbi nizamnamə, hərbi doktrina və ümumiyyətlə, hərblə bağlı sənədlərin xüsusi dili və terminologiyası var. Bu, “Leyli və Məcnun” dastanı deyil ki, götürüb yazasan. Yaxud da Füzilinin qəzəli deyil ki, götürüb oxuyasan”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı komitə sədri, YAP-ın icra katibinin müavini deputat Siyavuş Novruzov “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

S.Novruzov deyib ki, qanuna əsasən, hərbi vəziyyət elan olunan ərazidə siyasi partiyanın və digərlərinin fəaliyyətinin dayandırılması düzgün deyil: “Tutaq ki, hərbi vəziyyət elan olunub. Bakıda da həmin partiyanın rəhbərliyi başqa məsələ ilə əlaqədar mitinq keçirir. İndi dövlət oradakı hərbi vəziyyəti aparsın, yoxsa gəlib bunlarla məşğul olsun. O cümlədən qanunda mətbuatla bağlı məsələ ilə də razılaşmıram. Hansısa rayon qəzetinin fəaliyyətini dayandırmaqla iş bitmir. Çünki orada gedən məlumatlar respublika əhəmiyyətli məlumatlardır. Amma məlumatlar respublikanın əsas mətbuat orqanlarında, eləcə də internet saytlarında gedir. Bu baxımdan məsələ ciddi şəkildə ortaya qoyulmalıdır. Hərbi vəziyyət adi qayda deyil ki, partiyalar arasında olan hər hansı narazılıqlar və ya qanun pozuntusuna görə məhkəməyə verib onun fəalıiyyətinin dayandırılması haqqında qərar qəbul edilsin. Hərbi vəziyyət elan edilən kimi bu məsələlər avtomatik olaraq dondurulmalıdır. Çünki bütün istiqamət ora yönəldilməlidir. Biz ərazimizin 20 faizi işğal altında olduğu üçün buna daha diqqətlə yanaşmalıyıq”.

S.Novruzov qeyd edib ki, ağır texnika sərhəddən xeyli aralıda yerləşdirilməlidir: “Yəni, sərhəd bölgəsində sərhəd qoşunları və onun texnikasından başqa əlavə texnika yerləşdirilə bilməz. Düzü, Azərbaycan prezidenti hərbi vəziyyət zamanı öz tapşırıqlarını verir. Lakin buna qədər məsələlər də var ki, onlar həll olunmalıdır. Bir neçə il bundan qabaq qonşu dövlət bizim ərazinin 70 kilometrliyinə texnikasını yığmışdı. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi bu texnikanın hansısa əsaslara uyğun şəkildə yerləşdirilməsinə dair məsələ qaldırdı. Məlum oldu ki texnikalar anti-terror əməliyyatına görə yerləşdirilib. Lakin onlara sübut olundu ki, heç bir anti-terror əməliyyatına belə texnika ilə gedilmir. İkinci dünya müharibəsində Sovet ordusu öz təchizatını sərhədə yığıdığına görə, müharibənin ilk ayında 30 faiz texnikasını itirmişdi”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə qanun layihəsinin 10-cu maddəsində hərbi vəziyyət elan edildiyi zaman yalnız buna mane olan partiyaların fəaliyyətinin dayandırılmasının öz əksini tapdığını bildirib: “Qalan hallarda partiya öz fəaliyyətini dayandırmayacaq. Heç bir əsas olmadan onların fəaliyyəti dayandırıla bilməz”.

Nemət


Müəllif:

Oxşar xəbərlər