28 Fevral 2017 19:25
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnformasiya məkanımızı ermənilərin diversiya platformasına çevirməyək”

“Təəssüflər olsun ki, erməni mənbələrinin Azərbaycan informasiya məkanına düşünülmüş şəkildə ötürdüyü informasiyalar mediada və sosial şəbəkələrdə məhz ermənilərin maraqlarına cavab verən şəkillər və videoroliklər üzərindən şərh edilir. Bu, əlbəttə ki, yolverilməzdir. Media nümayəndələri, sosial şəbəkə istifadəçiləri və bütövlükdə, hər bir Azərbaycan vətəndaşı bunun məsuliyyətini dərk etməlidir".

Похожее изображение

Bu fikirlərin müəllifi “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğludur. O, cəbhə xəttində baş verənlər barədə erməni mənbələrinin yaydığı məlumat, foto və videoların Azərbaycan resurslarında işıqlandırılması ilə bağlı Teleqraf.com-a açıqlamasında bildirib ki, informasiya məkanımızı ermənilərin hərbi-psixoloji diversiya platformasına çevirməməliyik: "Unutmaq olmaz ki, müharibə təkcə təmas xəttində, sərhəd bölgəsində deyil, həm də informasiya məkanında aparılır. Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlərin informasiya məkanında təhrif olunmuş şəkildə - ölkəmizin milli mənafeyinə uyğun olmayan formada öz əksini tapması arzuolunmaz haldır. Sosial şəbəkələrdə əksini tapan bu tipli müxtəlif xarakterli şəkillərin, yaxud “əl-ələ verdilər, şəhid oldular” kimi informasiyaların yayılması ermənilər tərəfindən Azərbaycan informasiya məkanına qarşı edilmiş informasiya diversiyasının tərkib hissəsidir”.

Deputatın sözlərinə görə, buna görə də bütün media mənsubları, sosial şəbəkə istifadəçiləri və hər bir Azərbaycan vətəndaşı bu məsələdə soyuqqanlılıq və professionallıq nümayiş etdirməlidir: “Hərbi sahədə əldə etdiyimiz nailiyyətləri informasiya müstəvisində gözdən salmağa mənəvi haqqımız yoxdur. Unutmaq olmaz ki, hər bir media mənsubu da, sosial şəbəkə istifadəçisi də hər şeydən öncə Azərbaycan vətəndaşıdır və üzərində vətəndaşlıq məsuliyyəti və vəzifəsi vardır”.

“Media üçün davranış düsturu vermək çox çətindir, çünki media xəbərlə işləyir və rastına çıxan hər bir şey xəbər statusundadır. Amma erməni və Vətən müharibəsi məsələlərində tərəf tutmaq, Azərbaycanın tərəfində olmaq lazımdır. Ermənilərin yaydığı video, xəbər, foto, başqa kateqoriyadan olan materialları yaymamağa çalışmalıyıq” .

Картинки по запросу rauf arifoğlu

Bu sözləri isə sorğumuza cavab verərkən, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

“Sərhəddi bilmək lazımdır ki, xəbər, Vətən harada başlayır”

Onun fikrincə, həmin materialları yaydıqca, ermənilərin məqsədlərini tirajlayırıq və onların Azərbaycanın daxilinə yönəlik siyasətinə dəstək vermiş oluruq: “Ona görə də o xətti, sərhəddi bilmək lazımdır ki, xəbər, Vətən harada başlayır, harada qurtarır. Bu məsələdə xüsusi həssasiyyətə ehtiyac var. Həmçinin Müdafiə Nazirliyinin də xəbər siyasətini həyata keçirən müvafiq bölməsinin çox fəal, sürətli və çevik işləməsi arzuolunandır”.

“Erməni KİV-lərinin məlumatlarından yalnız bir halda istifadə etmək olar”

Картинки по запросу elçin mirzəbəyli

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, mətbuat orqanları heç bir halda düşmənin təxribat xarakterli materiallarının yayılmasına yol verməməlidirlər: “Erməni KİV-in yaydığı məlumatlardan yalnız bir halda - analitik və təhlil xarakterli yazılar hazırlamaq, eyni zamanda Ermənistandakı mövcud psixoloji mühiti anlamaq və araşdırmaq üçün istifadə etmək olar. Azərbaycan ictimai rəyinə hesablanmış videomaterialların, foto və informasiyaların yayılması yolverilməzdir. Bu, birinci növbədə cəbhədəki təxribatın davamı kimi qəbul edilməlidir. Bu məsələlərlə bağlı dəyirmi masalar, toplantılar keçirilib, ən yüksək səviyyədə məsələyə münasibət bildirilib ki, media qurumları, xüsusilə də internet resursları belə məsələlərdə ehtiyatlı olmalı, rəsmi qurumların verdiyi məlumatlara əsaslanmalıdırlar. Göründüyü kimi, təxribatlar yenə davam edir. Artıq ictimai qınaq bəzi insanlara effektiv təsir göstərmir. Bu, ya qeyri-peşəkarlıqla, ya məqsədyönlü şəkildə Azərbaycan əleyhinə fəaliyyətlə, ya da bəzi insanların reytinq savaşına görə bütün dəyərləri ayaq altına atması ilə əlaqədardır”.

Baş redaktor hesab edir ki, bu məsələlərlə bağlı hüquqi mexanizmlər işə düşməlidir: “Belə yanlışlıqlar və təxribatlara yol verən hüquqi və fiziki şəxslər, media qurumları mütləq sərt şəkildə cəzalanmalıdır ki, oxşar problemlər bir daha yaranmasın”.

“Bizim media ağına-bozuna baxmadan...”

Картинки по запросу müşfiq ələsgərli

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli qeyd edib ki, ələ keçən videogörüntüləri, şəkil və informasiyaları yayarkən, ehtiyatlı olmaq lazımdır: “Əl-ələ tutmuş əsgərlərin fotosunun ermənilər tərəfindən döyüş bölgəsində çəkildiyi sübut olunub. Hələ biz bilmirik ki, onlar Azərbaycan əsgəridir, yaxud harada çəkilib, fakt odur ki, videonu ermənilər lentə alıb. Onların öz ictimaiyyətlərinə yayımladıqları videodur ki, baxın, Azərbaycan əsgərlərini bu vəziyyətə salmışıq. Bizim media isə ağına-bozuna baxmadan həmin videoları götürüb nümayiş etdirir, hələ bilinmir ki, onlar Azərbaycan əsgəridir, yoxsa, başqa döyüşdən çəkilib. Azərbaycanda minlərlə əsgər və onlardan nigaran qalan analar var. Bu videoları görən anaların hansı sentimental hissləri keçirdiklərini təsəvvür etmək lazımdır. Şəhid olan əsgərin fotosunu yayarkan ehtiyatlı olmaq lazımdır. İkinci tərəfdən, 2014-cü ildən cəbhə bölgəsində atəşkəsin pozulması çox intensiv hal alıb və tez-tez qısamüddətli müharibə bərpa edilir. Hər dəfə həm hökumət orqanları, həm də jurnalist təşkilatları, xüsusi olaraq Mətbuat Şurası müraciət edir ki, ələ keçən video görüntüləri, şəkil və informasiyaları yayarkən diqqətli olmaq lazımdır. Bunların hansı məqsədlə və kim tərəfdən çəkildiyi və nə məqsədlə dövriyyəyə buraxıldığını araşdırmadan, rəsmi mövqe öyrənmədən yaymaq olmaz. Fakt olaraq bu video onu göstərir ki, bizdə həm sosial şəbəkələr, həm də qeyri-peşəkar media qurumları bu cür təxribatlara tez-tez uyurlar və onları nümayiş elətdirirlər. Bununla ermənilərin dəyirmanına su tökürlər, həm də onların təbliğatına haqq qazandırmış olurlar”.

Müşfiq Ələsgərlinin sözlərinə görə, bununla da ermənilər onu təbliğ edirlər ki, həm özümüzün, həm də Azərbaycanın informasiya cəbhəsini idarə edirik: “Bu baxımdan belə hallar yolverilməzdir və ehtiyatlı davranmaq lazımdır. Ara sakitləşəndən sonra belə qurumlar barəsində hüquqi ölçü götürüləcək, amma hüquqi ölçüyədək Azərbaycan vətəndaşı kimi yaydığımız informasiyanın məsuliyyətini dərk etməliyik. Dəfələrlə bildirilib ki, bu cür videolar tirajlanarkən rəsmi dəqiqləşdirmə aparılmalıdır. Əks halda bu hal düşmən təxribatlarına yol açır”.

Nərgiz Ehlamqızı


Müəllif: