31 Mart 2017 16:15
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan tərəfindən Sülh Platformasına böyük maraq var, insanlar daha çox sülhü dəstəkləyirlər. Sülh Platformasına erməni siyasilərinin qatılmasını gözləyirik və bu istiqamətdə işlər gedir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, Sülh Platforması çərçivəsində başlanan proses davam etdirilir və ictimaiyyətə daha geniş məlumatlar veriləcək: “Yaxın zamanlarda böyük irəliləyişlər gözləyirik. Minsk Qrupu çərçivəsində aparılan böyük sülh danışıqları prosesinə töhfə vermək niyyətindəyik”.

Rövşən Rzayev qeyd edib ki, uzun müddətdir azərbaycanlılarla ermənilər arasında kəskin münasibətlər mövcuddur: “İşğal faktı, qaçqın problemini heç zaman yaddan çıxarmamaq şərtilə gələcəyə ümidlə baxmalıyıq. Çünki Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları həmin torpaqda birgə yaşayışı davam etdirəcək. Bu zaman kəsiyində Minsk qrupu çərçivəsində sülh prosesi öz həllini tapana qədər insanlar ünsiyyətini nə qədər tez başlasa və itirilmiş münasibətləri bərpa etsələr, bir o qədər tez də ümumi yaşayışa nail olacağıq. Sülh Platformasına erməni siyasilərinin qatılması prosesi başlayandan sonra terrorçu düşüncəsinə malik olan, Azərbaycan ərazilərini işğal edən Sərkisyan-Köçəryan rejiminin etnik uyğunsuzluq siyasətinin yanlış olduğunu göstərəcəyik. Bu istiqamətdə işimizi qursaq, böyük sülh prosesinə töhfəmizi verə bilərik. Biz yalnız və yalnız insanlar arasında münasibətlərin bərpası ilə məşğuluq”.

Deputat Ermənistandan Sülh Platformasına qoşulan fəallara qarşı hakimiyyət tərəfindən təzyiqlər göstərildiyini deyib: “Bu gün Ermənistan hakimiyyətində olan işğalçı rejim öz siyasətini və şəxsi mövqelərini gücləndirmək üçün bu cür müsbət və insani addımların qarşısına çıxırlar. Təəssüf ki, bu, həqiqətdir. Hakimiyyətdə olan terrrorçular normal düşüncəyə sahib olsaydılar, özləri ermənilərə Sülh Platformasına qoşulmaq üçün şərait yaradardılar. Bir çox erməni siyasiləri var ki, Ermənistanın yanlış siyasətindən beziblər, hakimiyyətin yalan siyasət yürütdüyünü anlayır və bunun qarşısını almaq niyətindədirlər”.

O, Sülh Platformasına qoşulan xalq artisti Zeynəb Xanlarovanın Milli Məclisin tribunasından müharibə çağırışına belə münasibət bildirib: “Hərənin öz mövqeyi və yanaşması var. Zeynəb xanım da öz mövqeyini bildirib, özü bilər. Gərək özü öz məsuliyyətini dərk eləsin. Mən ona qiymət verə bilmərəm. Zeynəb xanım tanınmış insandır, uzun illərdir Milli Məclisin deputatıdır, mən onun dediklərinə qiymət verə bilmərəm. Sülh Platformasına qoşuldu və sonradan da Milli Məclisdə mövqeyini ifadə etdi. Bu mənim mövzum deyil”.

Qeyd edək ki, fəlsəfə elmləri doktoru, dilçi, hazırda İrəvanda yaşayan Narine Dermencyan, Ermənistanda yaşayan ictimai fəal, dilçi Hasmik Buniatyan, ictimai fəal Sargis Movsisyan, Kiyev Regional Radasının erməni əsilli deputatı Armen Şaxaryants Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər