8 May 2017 14:15
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev Teleqraf.com-un suallarını cavablandırıb:

- Rasim müəllim, AMEA Rəyasət Heyətində keçirilən ümumi yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

- AMEA-nın dövlət və cəmiyyət qarşısında xüsusi missiyası var. XXI əsr artıq iri texnologiyalar, informasiya əsridir, biliklər cəmiyyəti formalaşır, ənənəvi olaraq real iqtisadiyyatla bərabər virtual, rəqəmsal iqtisadiyyat formalaşır. Bir sözlə, iqtisadiyyatın xarakteri də dəyişir, biliklərə, texnologiyalara əsaslanır. Bütün bunların fonunda dövlət başçısı tərəfindən Azərbaycan alimlərinin qarşısında xüsusi vəzifələr qoyulub. Azərbaycan prezidenti müntəzəm olaraq elmə, təhsilə qayğı göstərir. Dünyada inkişaf etmiş ölkələrin təcrübəsi, qabaqcıl araşdırmaların aparılması və onların Azərbaycana gətirilməsi ölkəmizin bu günü və gələcəyi üçün çox əhəmiyyətlidir. Belə şəraitdə AMEA-nın kadr potensialı da gücləndirilməlidir. AMEA-da həqiqi üzvlər – akademiklər olur və müxbir üzvlər seçilir. Zaman belədir ki, müəyyən səbəblərdən onlar ya həyatını başa vururlar, yaxud hansısa səbəbdən sıralarımız seyrəlir. Müəyyən vakant yerlər yaranır. Əsas üzvləri normaya yaxınlaşdırmaq üçün Rəyasət Heyəti qərar qəbul etdi ki, seçki keçirilsin və mayın 2-də seçki baş tutdu. Seçkidə bütün Azərbaycan alimləri iştirak etdilər. Seçkinin nəticələrinə görə, 16 nəfər AMEA-nın həqiqi üzvü, yəni akademik, 25 nəfər isə müxbir üzv seçildi. Seçilmiş insanların hamısı layiqli alimlərdir. Burada həm də ideoloji işə xidmət edən elmi istiqamətlər üzrə akademiklər seçildi. İctimai, humanitar elmləri nəzərdə tuturam. Azərbaycançılıq ideologiyasının elmi əsaslarla araşdırılması, keçmişimiz, gələcəyimiz, indi gedən prosesləri öyrənməklazımdır ki, millətimiz inkişaf eləsin. Ona görə də AMEA rəhbərliyi bu istiqaməti prioritet seçdi. Dəqiq elmlər istiqamətində də görkəmli alimlər seçildi. Fizika, riyaziyyat, informasiya, yer elmləri, biologiya üzrə həm akademiklər, həm də müxbir üzvlər seçildi. Bütün bunlar onu deməyə əsas verir ki, AMEA-nın artıq kadr potensialı daha da güclənib. Yeni kadrlar yalnız üzv seçilmir, həm də yeni elmi istiqamətlər gətirirlər. Hesab edirəm ki, AMEA qarşısında duran prioritet istiqamətlər üzrə araşdırmaları daha yüksək səviyyədə aparacaq. Eyni zamanda beynəlxalq elmi əməkdaşlıq güclənəcək, meqa-layihələrdə iştirakımız üçün geniş imkanlar açılacaq. AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunmuş nailiyyətlər ölkəmizdə innovasiya əsasında formalaşan iqtisadiyyatın inkişafına dəstək verəcək. AMEA elmi nəticələrin kommersiyalaşmasına, iqtisadiyyatın müxtəlif sferalarına tətbiq olunmasına, eyni zamanda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Xüsusən də yeni alimlər nəslinin yetişdirilməsi, elm və təhsilə inteqrasiyanın daha da dərinləşdirilməsi, təhsilə elmi biliklərin axınının təşkil olunması, təhsildən qabiliyyətli kadrların elmə gəlməsi, onlarla xüsusi məqsədli işlərin aparılması, ölkəmizdə genişlənən biliklər cəmiyyətinin qurucularını hazırlamaq lazımdır ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına qədəm qoysun.

- SSRİ tərkibində olanda Azərbaycanın iqtisadiyyat üzrə akademikləri olub, ancaq müstəqillik dönəmində bu sahə üzrə həqiqi üzv seçilməyib. Budəfəki seçkilərdə də iqtisadiyyat istiqaməti üzrə akademik seçilmədi. Bu, nədən irəli gəlir?

- Söhbət təkcə iqtisadiyyatdan getmir. Məsələn, informatika ilə məşğul olan alimlərin özləri də biliklər iqtisadiyyatının formalaşması üçün yaxından iştirak edirlər. Elə bir sahə yoxdur ki, alimlər töhfəsini verməsinlər. Ölkəmizdə virtual, rəqəmsal iqtisadiyyat formalaşır. İqtisadiyyatın özündə informasiya kommunikasiya texnologiyaları sektor kimi yaranıb – internet, mobil telefonların iqtisadiyyatı, vətəndaşlara İKT xidmətləri göstərilir, müxtəlif proqram məhsulları hazırlanır, biznes qurumları yaradılır. Bütün bunlar iqtisadiyyatdır. Söz olaraq yoxdursa, bu, o demək deyil ki, AMEA iqtisadiyyata əhəmiyyət vermir. Elə deyil! Yeni iqtisadi nəzəriyyələrin araşdırılması və ölkəmizdə yeni iqtisadi təfəkkürün formalaşdırılması baş verir, biliklər iqtisadiyyatı çərçivəsində bio-texnologiyalar, nano-texnologiyalar, gen-mühəndisliyi sahəsində alimlər, mütəxəssislər seçirik, bunlar birbaşa iqtisadiyyatla bağlıdır. AMEA-da son seçkilərdə iqtisadiyyat üzrə layiqli alim müxbir üzv seçilib. Xüsusilə qeyd etmək istərdim ki, həmin alim iqtisadi kibernetikanın əsasını qoyub, iqtisadi proseslərdə kibernetik üsulların, informasiya texnologiyalarının tətbiqi ilə məşğul olan, Azərbaycanda məktəb yaratmış şəxsdir. İqtisadiyyata ənənəvi yanaşmaq düzgün deyil. AMEA-da araşdırmaların əsas inkişaf vektorunun biri fundamental tədqiqatlardısa, ikincisi tətbiqi tədqiqatlardır, Azərbaycanda onun kommersiyalaşdırma, innovasiya yolu ilə iqtisadiyyata transformasiya etməkdir. Azərbaycan məhsulları eyni zamanda ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsinə xidmət edir. Məhsullarımız dünya bazarına çıxarılmaq üzrədir. Azərbaycan alimlərinin nəticələri, məqalələri, kitabları dünyanın aparıcı elmi bazalarında əks olunub. Dövlət başçımızın rəhbərliyi altında bütün sferalarda olduğu kimi elmdə, təhsil və texnologiyalarda inkişaf vardır.

- Yəni “AMEA-da alimlər məqalə yazmaqla məşğuldur, AMEA ləğv olunmalıdır” kimi irad və tənqidlərlə razılaşmırsınız?

- Mən o fikirlərlə heç razı deyiləm. Hesab edirəm ki, kimlər o baxışa malikdirsə, onlar Azərbaycan elmini yaxşı qiymətləndirmirlər. Biz diskussiyaya hazırıq, mən tənqiddən qaçmıram. AMEA tənqidə açıqdır, istənilən formatda görüşlər keçirə, dəyirmi masalarda müzakirələr apara bilərik. Hansısa tənqiddə müsbət fikir varsa, böyük məmnuniyyətlə, onları qəbul edirik. Tənqidsiz inkişaf olmaz ki. Tənqid bizim işimizə dəstək verən prosesdir. Biz içində təhqir olmayan tənqidi qəbul edirik. Elmin özünün mahiyyəti bir-birinə opponent olmaqdır, biri deyir, o biri opponentlik edir. Bunlar bizi narahat eləmir. Kimlər bizi tənqid edirsə, onlara minnətdarlığımızı bildiririk. Yəqin öz töhfələrini vermək istəyirlər ki, demək hansısa fikir səsləndirirlər. Biz həmin şəxslərə təşəkkür edirik.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər