Teleqraf.com xəbər verir ki, iclasda Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qanun layihəsi ilə əlaqədar cıxış edib:
"Müzakirəyə etdiyimiz "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun layihəsi ilə əlaqədar fikirlərimi bildirmək istərdim.
Məlum olduğu kimi, qanunun 1-ci, 21-ci və 24-cü maddələrinə dəyişikliklər edilir. Hesab edirəm ki, 1-ci maddə üzrə təklif edilən variantda aparılan dəqiqləşdirmə vacibdir. 21-ci maddə üzrə isə onu deyə bilərəm ki, burada müəyyən mənada daha əvvəl mövcud olan varianta qayıdış var.
Bizim üsün xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılmasının Qafqaz Müsəlmanları İdarəsi və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış formada olması yeniliyi əsasdır. Eləcə də 24-cü maddəyə dəyişiklik günümüzün tələbidir.
Bütün bunlar öz yerində, amma mən bir məqama diqqətinizi xüsusi olaraq çəkmək istərdim. Bizim üçün təhsil, mövcud xüsusda dini təhsil zəruridir. Dini təhsilə ciddi yanaşmalıyıq. Müəyyən mənada stereotipləri sındırmalıyıq. Çünki indiki durumda dini təhsil dedikdə göz önündə mövhümatçılıq canlanır. Halbuki dini təhsil elə dünyəvi təhsil qədər bəşəri mahiyyət daşıyan məsələdir. Biz zamanla bu yanaşmanın olmamasının əziyyətini çəkmişik. Əslində yanaşmanı da təmin edə bilməmişik. "Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı bir müddət öncə meydana çıxmış insidenti xatırlayaq. Bəzi şəxslər məsələni az-qala ölüm-dirim müstəvisində təqdim etmişdi. Hətta bütün Qafqazın şeyxi, çox hörmətli Hacı Allahşükür Paşazadənin ünvanına da xoşagəlməz fikirlər səslənmişdi. Halbuki belə olmamalıydı. Axı Şeyx yalnız bütün məscidlərə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən eyni münasibətin olduğunu bildirmişdi.
Ümumən insanların dini etiqadı toxunulmazdır. Azərbaycan İslam ölkəsi kimi dünyaya tolerantlıq nümunəsidir. Ölkəmizdə müxtəlif dinlərə sitayiş edən xalqların ibadətgahları var və həmin yerlər də dövlət tərəfindən qorunur. Bu, dövlətimizin məsələyə həssas yanaşmasıdır. Elə bu gün müzakirə etdiyimiz dəyişiklik də həmin həssaslıqdan xəbər verir.
Amma bildirdiyim kimi, bir qrup qaragüruh da var. Saylari da kifayət qədərdir. Onlar elə zənn edirlər ki, guya "Hacı Cavad" məscidi ilə bağlı Azərbaycan dövlətini hansısa məsələdə geri addım atmağa məcbur ediblər. Həmin qüvvələr sadah da qadın azadlığının şərəfinə 30-cu illərdə ucaltdığımız Azad Qadın heykəlinin sökülməsini tələb edə biləcəklər. Biz belə zərərli, xaotik təfəkkürə əsaslanmış düşüncələrə yer verməməliyik. Bunun yolu isə düzgün təhsildən keçir. Doğru-dürüst dini təhsil də yenə də deyirəm dünyəvi təhsil kimi bəşəri mahiyyət daşıyan məsələdir. Bizə bu bəşəriliyi aşılayacaq kadrlar lazımdır. Hesab edirəm ki, qanuna dəyişiklik həmin kadrları tapmaq üçün imkan verəcək. Sadəcə həssas olmalıyıq".