Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 47,2 faizi qadınlarla bağlanmış müqavilələlərə aiddir:
“Digər tərəfdən, 40-54 yaş arasında olan şəxslərlə bağlanmış əmək müqavilələri sırasında kişilərlə müqayisədə qadınlarla bağlanan əmək müqavilələri çoxluq təşkil edir. Məsələn, 40-44 yaş qrupları üzrə bağlanmış əmək müqavilələrinin 51,9%-i, 45-49 yaş qrupları üzrə bağlanmış əmək müqavilələrinin 54,7%-i, 50-54 yaş qrupları üzrə bağlanmış əmək müqavilələrinin 53,2%-i qadınlarla bağlanıb”.
Səlim Müslümov qeyd edib ki, nazirliyin həyata keçirdiyi aktiv məşğuluq tədbirlərində də qadınların kişilərlə bərabərhüquqlu iştirakına şərait yaradılır: “Bu müsbət amil yeni özünüməşğulluq proqramında da özünü göstərir. Proqramda iştirak üçün müraciət edərək müvafiq təlim kurslarına cəlb olunanlardan 431 nəfəri qadınlar olub. Kursları bitirdikdən sonra qiymətləndirmə zamanı həmin qadınlardan 65 faizinin və ya 280 nəfərinin biznes-planları uğurlu hesab edilib.
Hazırda digər proqram iştirakçıları kimi onların da biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı işləri aparılır”.
Səlim Müslümov qeyd edib ki, nazirliyin məşğulluq orqanlarının xətti ilə bu ilin 4 ayında peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 735 nəfəri və ya 47,5 faizi qadınlar olub.