Teleqraf.com-un məlumatına görə, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş məlumat və statistikaya dair sub-regional seminarda deyib.
Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı surətdə islahatlaşdırılması, yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilir:
"Məlum olduğu kimi, Azərbaycan neft ixrac edən ölkələrdən biridir. Eyni zamanda, biz bu gün iqtisadiyyatımızda çox ciddi islahatlar apararkən Azərbaycan iqtisadiyyatının və insanlarımızın həyat səviyyəsinin neftdən asılılığının əhəmiyyətli dərəcədə azaldılması kimi çox vacib bir hədəfi qarşımıza qoymuşuq. Beləliklə də iqtisadiyyatın diversifikasiyası, yeni istehsal sferalarının yaradılması, tükənməyən resursların axtarılması, tapılması və bütün bunların əsasında Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi bu gün ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar konsepsiyasının əsas dayaq nöqtələrini təşkil edir. Azərbaycan son 15 ilin ən uğurlu inkişafına imza atmış dövlətlərdən biridir".