2 İyun 2017 17:03
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa-Azərbaycan Universiteti (UFAZ) layihəsi ən yaxşı şərtlər altında keçirilir. Azərbaycanda Fransaya nisbətən mühəndislik ixtisası üzrə təhsil alan qızların sayı daha çoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez deyib.

Onun sözlərinə görə, UFAZ bir ildir ki fəaliyyət göstərir və bu müddət ərzində müsbət nailiyyətlər əldə olunub:

"Bu layihə Fransa dövlət orqanları tərəfindən də maraqla qarşılanır. Layihənin həyata keçirilməsində Fransa Xarici İşlər Nazirliyi, Azərbaycan Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyinin böyük səyləri olub. 2016-2017-ci illərdə UFAZ-da 141 nəfər təhsil alıb ki, onlardan 120-si dövlət təqaüdü, 23-ü isə ödənişli əsaslarla təhsil alıb. Bu tələbələr TQDK imtahanlarından 500-700 bal yığan abituriyentlər arasından seçilib. İl ərzində Fransanın bir neçə dövlət rəsmisi UFAZ-da olub. Səfərlərin hər birində tələbələrlə fikir mübadiləsi aparılıb, mətbuat konfransı keçirilib. Növbəti tədris ilində universitetə 160 tələbənin qəbulu nəzərdə tutulub. Onlardan 120-si dövlət təqaüdü, 40-ı isə ödənişli əsaslarla təhsil alacaq. Ödəniş haqqı 3 min Azərbaycan manatı dəyərində nəzərdə tutulub".

Qeyd edək ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilib. 2016-2017-ci tədris ili üçün UFAZ-a 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Tədris Strasburq və Ren 1 universitetlərindən cəlb edilən, eləcə də yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılır. Təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.


Müəllif: Nərgiz